Bia.Az

Azərbaycanda bahalaşma nə vaxta qədər davam edəcək... - AKTUAL

Sosial
 12-10-2022, 14:57     244

Dünyada olduğu kimi ölkəmizdə də bahalaşma davam edir. Ümumiyyətlə, bu il ərzində bahalaşma tendensiyası heç bir ayda səngiməmiş, əksinə hər keçən ay müddətində bir az da sürət əldə etməklə yüksələn xətt üzrə inkişaf etmişdir. İlin başa çatmasına isə getdikcə az vaxt qalır. Bu da o deməkdir ki, 2022-ci il yaxın tarix ərzində ən böyük bahalaşma ili olaraq yadda qalacaq.

BİA.AZ-ın məlumatına görə, bu barədə Bizimyol.info xəbər portalına danışan iqtisadçı Pərviz Heydərov bildirib ki, ötən 2 ay ərzində bahalaşma ən çox çörəyin, un məmulatlarının, mal, qoyun və toyuq ətinin, kolbasa məmulatlarının qiymətlərində qeydə alınıb. Ümumiyyətlə, 2022-ci ilin avqust ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 1,2 faiz və əvvəlki ilin avqust ayına nisbətən isə 20,8 faiz artıq təşkil edib. Sentyabrda isə daha çox bahalaşma ət və ət məhsullarında qeydə alınıb.


Ekspert bildirib ki, bununla yanaşı içkilər və tütün məmulatları 18,9 faiz bahalaşıb. Çörək, un, peçenye, makaron məmulatları, toyuq əti, kolbasa məmulatları, süd və süd məhsulları, pendir, kəsmik, şəkərli süd, quru meyvələr, içki, şirə, su və mağazalardakı həyat üçün digər önəmli məhsulların da qiymətlərində artım baş verib.

“Sözügedən tendensiya bu gün də davam edir. Fikrimcə, üzü qışa doğru bəzi məhsullarda daha yuxarı tempə şahid ola bilərik. Bunu ilk olaraq, dünyada və o cümlədən, Avropada enerji böhranının səngiməyəcəyi gözləntisi deməyə əsas verir. Həm də ümumiyyətlə, üzü qışa doğru qiymətlərin həmişə qalxması ənənəsi var. Proses sırf bizimlə əlaqədar amillərdən qaynaqlanmır. Və hər şeyi ölkədaxili səbəblərlə izah etmək mümkün deyil. Söhbət, qlobal trenddən, ümumi tendensiyadan gedir. Bir tərəfdən hazırda bazar çox güclü nəzarət tələb edir. Digər tərəfdən də bunu da tam olaraq təmin etmək mümkün deyil, çünki qiymətlərə sərt müdaxilə bazar mexanizmi prinsiplərinə ziddir. Bununla belə, proses hökumətin nəzarəti altındadır və ilin əvvəlindən bəri müxtəlif antiinflyasiya tədbirləri tədbiq edilir. Düzdür, effekt azdır, ona görə ki, ortada obyektiv səbəblər mövcuddur. Belə ki, bir sıra məhsulları idxal edirik, pul-kredit siyasəti mexanizmi çevik təsirə və idarəetməyə imkan yaratmır, bazarda qiymətlər üzrə zəncirvari əlaqənin bütün halqalarına nəzarət etmək mümkün deyil”,- deyə Pərviz Heydərov qeyd edib. Onun sözlərinə görə, bahalaşma o vaxt səngiyəcək ki, bu proses qlobal miqyasda dayanacaq. Yoxsa, ən zəruri istehlak mallarının, xüsusən də qida ilə ərzağın qiymət yüksəlişini hələ uzun müddət müşahidə etmək məcburiyyətində qalacağıq.
скачать dle 12.1