Bia.Az

Cənubi Qafqaz uğrunda geopolitik rəqabət qızışır - NƏ ETMƏLİ?

Siyasət
 8-10-2022, 14:38     200

“ABŞ-ın liderliyi ilə kollektiv Qərb Rusiyanı Cənubi Qafqazda sıxışdırır və təsir dairəsini azaltmağa çalışır. Ermənistan isə sərbəst qərar verə bilmir. Bu da müəyyən dövlətlər tərəfindən təxribatların törədilməsi ilə nəticələnə bilər. Bu baxımdan vəziyyət mürəkkəb olsa da, Praqadakı tədbirdə iradə nümayiş etdirildi. Əsas odur ki, Ermənistanın ümid bağladığı Qərb və Avropa rəsmi İrəvana Azərbaycan və Türkiyə ilə əlaqələri normallaşdırmağı tövsiyə edib”.

BİA.AZ xəbər verir ki, bunu Reyting.az-a siyasi şərhçi Oqtay Qasımov bildirib.

Cənubi Qafqazda geopolitik rəqabətin getdiyini deyən O. Qasımov diqqətə çatdırıb ki, artıq Ermənistana Azərbaycan və Türkiyə ilə danışıqlara gəlmək tövsiyə olunub, çünki rəsmi İrəvanın normal münasibətlər qurmadan problemdən çıxış yolu yoxdur.

Siyasi şərhçi iddia edir ki, Ermənistan Rusiyadan istədiyini ala bilməyib və böyük ehtimalla Qərb də Ermənistana sülh prosesi ilə əlaqədar öz təlqinlərini edib.

Rusiyanın bu prosesə necə reaksiya verəcəyinə gəldikdə, O. Qasımov bildirib ki, son dövrlər təşəbbüsün Brüsselin əlinə keçməsi Moskva tərəfindən xoş qarşılanmır: “Əslində bunu bir neçə gün əvvəl Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova da dedi. Rusiya rəsmisi sülh prosesinin geopolitik intriqalar üçün istifadə edilməməsi fikrini ortaya atdı. Onlar hesab edirlər ki, Avropa Birliyinin bu prosesdə iştirakı Rusiyanın Güney Qafqazdan sıxışdırılıb çıxarılması məqsədini daşıyır”.

O. Qasımov sonda deyib ki, Azərbaycan üçün önəmlisi odur ki, bu proses rəvan getsin, Ermənistan və Azərbaycan arasında münasibətlər normallaşsın, bölgədə sülh yaransın. Bundan sonra isə iqtisadi inkişaf və rifah prosesləri önə çıxsın.

O. Qasımovun ehtimalına görə, Rusiya və İran Avropa Birliyi və Qərbin bölgədəki fəallığından razı deyillər. Bu mənada Ermənistan tərəfindən təxribatların törədilməsi mümkündür. Bu, Rusiyanın, eləcə də İranın da mövqeyi ola bilər. Çünki bölgədə sülh və sabitliyin olması bəzi qüvvələrin maraqlarına uyğun gəlmir.




скачать dle 12.1