Bia.Az

Avtobusla Hadrutdan keçərkən..

Siyasət
 8-10-2022, 13:18     169

Dünən avtobusla Hadrutun dolanbac yollarından, bəlkə də Yervand, Qrişa, Seroj və digər hadrutlu ustaların evlərinin yanından keçdim. Qəsəbədə dayanmadıq, bloqqer Semyon Peqovun 2 il öncə bu vaxtlar “Hadrut ermənilərdədir” deyə stendap etdiyi daşın yanında dayandıq.
30 il öncə yaşadığım kəndlə Hadrutun arasında hava yoluyla 15-20 kilometr məsafə vardı, amma ora yolum düşməmişdi...
Bizdən baxanda Hadrutun qısıldığı iki dağın biri görünürdü. O dağın zirvələrinin başı ilin soyuq aylarında qarlı olardı. Amma yaz aylarında zirvələrə tən olan qara buludlardan ard-arda müdhiş gurultular qopanda, şimşək çaxanda bilərdik ki, Hadrut dağlarına ildırım düşür.
29 il öncə isə Hadrut dağlarını aşıb gələn dığaların “ildırım-şimşəyi” bizim kəndimizi vurdu və onu külə döndərdi, əsən yellər o külləri Zobucuğa doğru uzanan gen dərələrə sovurdu.
Amma vaxt var idi, kəndimizə Hadrutdan adlarını birinci cümlədə çəkdiyim ustalar (və digərləri) gələrdi, qalın gödəkçədə, şərfdə, papaqda gələrdilər, ilıq havayla üzləşən kimi üst-başlarını yüngülləşdirər, “Qadrutda hava çox souğdu, marozdur” deyərdilər. O vaxtlar iki millət arasındakı hava ilıq, hətta istiydi.
Payızın, qışın, erkən yazın soyuq Hadrutundan ilıq havalı kənddə iş tapdıqlarına sevinə-sevinə, bir neçə ay burada pul qazanacaqlarından məmnunluq duya-duya, arın-arxayın şəkildə, tələsib-eləmədən işə başlayardılar.
Hadrutlu ustaların işinə söz yox idi. Bizim kənddə xeyli evi, hətta evlərin tam əksəriyyətini hadrutlu ustalar tikmişdi. Erməni ustalar daş işində yaxşıydılar. Axırda kəndin başına daş saldılar, evləri daş-daş söküb daşıdılar – elə həmin ustaların qardaşları, oğulları, qonşuları, soydaşları.
44 günlük müharibədən 2 ay sonra ilk dəfə viranəyə çevrilmiş kəndimizdə olanda gördüyüm mənzərə şokediciydi. Bu hissi yalnız kəndin abad vaxtını görən, indiki bərbad gününə acı-acı tamaşa edənlər yaşaya bilər.
Təsəvvür edin, adamın bütün nəsli-nəcabətinin on illərlə, böyük zəhmətlə başa gətirdiyi onlarla evi yandırıblar, qohum-əqrəbası 47 ayrı-ayrı qəbristanlıqda dəfn olunub, o biri adam deyir ki, bir işdir, olub, üstündən keçək, o pisliyi unudaq getsin. Elə deyənin özünün əlindən telefonunu alsan, yerə çırpıb sındırsan, dalaşar, şikayət edər, dəyən ziyanı ödətdirər, amma başqalarının tarmar edilmiş mülklərinin zərərini heç sayır.
hadrud.jpg (41 KB)
Hadrutun içindən avtobusla keçərkən sağa-sola boylanıb gördüm: qəsəbə boşdur, amma evlər yerindədir, sökülməyib, talanmayıb. Biz də ermənilər kimi etsəydik, indi bu qəsəbədə daş üstündə daş qalmış olmazdı. Amma bizimkilər məsələyə qədim barbar tayfalar kimi yox, müasir şüurlu insanlar kimi yanaşıblar. Tikiləni, qurulanı niyə dağıdasan, niyə yandırasan? Bu yuvadır axı, insan əliylə tikilib, insan oğlu üçündür.
Hadrutdakı evlər, o dlsiz-ağızsız daş-divarlar bu gün heç kəsi gözləmir, darıxmır. Daş-divarda emosiya olmur, olsa-olsa, emulsiya olur. Amma öz ev-eşiklərindən perik düşən ermənilər mütləq haralardasa darıxırlar, 27-28 il sürən işğala, hələ də davam edən yurdsuzluğa görə qarabağır olmuş qarabağlıların, “yurd” deyiləndə dodağı göyərən göyçəlilərin yaşadıqları hissi yaşayırlar. Doğma ocaqdan ötrü darıxan ermənilər vaxtilə “Ocaq” kitabını oxuyub karıxanda bilməliydilər ki, ocaq dağıdanın ocağı dağılar.
Düz deyirlər ki, ev evə sığmaz, amma el elə sığar. Ermənilərilə bizim ellər bir dərəyə sığmışdılar, iç-içə yaşayırdılar, dostluqlar, gediş-gəlişli kirvəliklər, hətta qohumluqlar vardı. Ancaq onlar üzümüzə asi düşdülər və axırı belə oldu.
Avtobusla Hadrutun ortasından keçib məşhur daşın yanına çatanda, şəkil çəkdirməyə düşəndə ağlıma gəldi ki, çox sözə gərək yoxdur, ermənilərlə bizim qonşuluq büsatına yanaşmada fərqimiz elə budur: işğaldan dərhal sonra xaraba qoyulmuş kəndlər və daşına toxunulmamış Hadrut.
3321.JPG (26 KB)
Xalid KAZIMLIскачать dle 12.1