Bia.Az

Kritik toplantı üçün GERİ SAYIM BAŞLADI - Yunan baş nazirin Türkiyə PLANI

Siyasət
 6-10-2022, 12:54     174

Bu gün Praqada Avropa İttifaqının 27 ölkəsinin və Azərbaycanla Türkiyənin də daxil olduğu 17 ölkənin liderlərini bir araya gətirəcək Avropa Siyasi Birliyinin ilk toplantısı keçiriləcək.

Toplantıda ümumilikdə 44 lider iştirak edəcək.

Musavat.com xəbər verir ki, Yunanıstanı təmsil edəcək baş nazir Miçotakisin gündəmində Türkiyə məsələsi var. Zirvəyə geniş yer verən yunan mətbuatı Miçotakisin “Türkiyə planı”nı yazıb.

"Ta Nea" qəzetində dərc olunan xəbərə görə, Mitsotakis onu liderlərlə bir araya gətirən bu zirvəni Türkiyədən şikayət etmək fürsəti olaraq görür.

Qəzet bu xəbəri “Miçotakis Türkiyənin yaratdığı çətinlikləri Praqada Avropa liderlərinə çatdıracaq” başlığı ilə oxucularına təqdim edib.
Məqalədə “Türkiyə təhdidlərindən sonra Mitsotakis və Ərdoğanla görüş ehtimalı aradan qalxıb” şərhi yer alıb.

Dünən Liviya ilə Türkiyə arasında imzalanan razılaşmanı sərt tənqid edən Miçotakis Türkiyəni “sağlam düşüncəyə qayıtmağa” çağırıb və Ankaranı yunan torpaqlarında iddialar irəli sürməkdə ittiham edib.

Parlament qarşısında çıxış edən Yunanıstanın baş naziri, lazım gələrsə, torpaqları ordu gücü ilə müdafiə etməyə hazır olduqlarını vurğulayıb.
Xatırladaq ki, Yunanıstanın baş naziri Miçotakisin ABŞ-da verdiyi açıqlamalardan sonra Türkiyə ilə Yunanıstan arasında münasibətlər daha da gərginləşib.

“Yunanıstan qonşularına dostluq əlini uzadır. Lakin biz suverenliyimizin, suveren hüquqlarımızın pozulmasına və Yunanıstan adaları üzərindən həddindən artıq uçuşlar keçirilməsinə dözməyəcəyik, buna dərhal son qoyulmalıdır. Konqres üzvlərindən xahiş edirəm ki, regionda silah satışı ilə bağlı qərarlar qəbul edərkən NATO-nun cənub-şərq cinahında yeni qeyri-sabitlik təhlükəsini nəzərə alın” - Mitsotakis demişdi.
O bu sözlərlə dolayı yolla F-16 təyyarələrinin Türkiyəyə satışına icazə verməməyi tələb etmişdi.

“Konqres üzvlərindən xahiş edirəm, ellinizmin 48 ildir əzab çəkdiyini və hələ də sağalmayan yarasını unutmayasınız. Mən Kiprə hücumu və adanın zorakılıqla parçalanmasını nəzərdə tuturam. Kiprdə heç kim iki ayrı dövləti heç vaxt qəbul etməyəcək” - Yunanıstanın baş naziri vurğulamışdı.

Mitsotakis Avropa Xalq Partiyasının 27-ci Konqresi çərçivəsində Rotterdamda keçirilən paneldə də Türkiyə əleyhinə açıqlamalar verib.
Yunanıstan mətbuatının xəbərinə görə, Mitsotakis Türkiyəyə vurğu edərək deyib:

“Gərginlik dövründə yaşayırıq, tarixdə revizionizmin yeni versiyasına, itirilmiş imperiyalar haqqında fantaziyalara və beynəlxalq hüquqa uyğun gəlməyən güc nümayişinə dözə bilmərik. Biz suveren hüquqlarımızın pozulmasına razı olmayacağıq. Hazırda NATO-nun cənub-şərq cinahında bizə lazım olan son şey gərginlikdir".скачать dle 12.1