Bia.Az

“Olar məni dərhal əsir götürəsiniz?” – rusiyalı çağırışçılar Ukraynadan kömək istəyir

Siyasət
 6-10-2022, 11:19     177

Rusiyada qismən səfərbərlik çərçivəsində 200 mindən çox vətəndaş orduya cəlb olunub. Bu haqda müdafiə naziri Sergey Şoyqu danışıb. Kreml səfərbərliyə təxminən 300 min nəfərin cəlb ediləcəyini açıqlamışdı. Hakerlər də 306 min nəfərin adı yer alan siyahını ələ keçirmişdi. Amma səfərbərlik dövründəki rüsvayçı videogörüntülər Kremli bir az geri çəkilməyə vadar edib. Çağırışçıların bəzisi evinə qaytarılıb.

BİA.AZ Bizimyol.info-ya istinadla xəbər verir ki, orduya cəlb olunanların nəzərəçarpan hissəsi döyüşmək istəmir. Ukraynanın bu istiqamətdə yaratdığı koordinasiya mərkəzinə müraciətlərin ardı-arası kəsilmir.

“Yaşamaq istəyirəm” adlı mərkəzin qərargahına hər gün yüzlərlə zəng gəlir. Rusiyalı müstəqil jurnalistlər orada olub, zəngləri şəxsən dinləyiblər. Onlar bir çox danışıqları qeydə alıblar. Zəng vuranlardan biri deyir: “Mən döyüşmək fikrində deyiləm. Olar məni dərhal əsir götürəsiniz, heç döyüşməyim? Elə olsun ki, kimisə öldürmüş olmayım. Heç yerə getmək istəmirəm”.

“Yaşamaq istəyirəm” layihəsinə əsasən döyüşmək istəməyənlər zəng vurur. Onların əksəri əsir düşmək istəyir. Amma çağırışçıları daha çox sonrakı taleləri narahat edir. Onlar ordu rəhbərliyinin bilərəkdən əsir düşmələrindən xəbər tutmamasını arzulayır.

Zənglərə cavab verən Oksana rusiyalı hərbçiləri sakitləşdirməyə çalışır. Adı səfərbərlik siyahısında yer almış Rusiya vətəndaşları təşviş içindədirlər. Onlar başa düşür ki, Ukrayna silahlı qüvvələrinə qarşı döyüşmək ölüm deməkdir.

Növbəti telefon zəngi də əsir düşmək arzusu ilə bağlıdır. Rusiyalı hərbçi deyir ki, heç kimi öldürmək fikrində deyil: “Belə olsa, mənə çox toxunmayacaqlar?”

Layihənini spikeri Vitali Matvienko deyir ki, “Yaşamaq istəyirəm” Cenevrə konvensiyasının prinsiplərinə ciddi əməl edir. Təslim olan rusiyalı hərbçilərə tibbi yardım göstərilir. Onlara gündə üç dəfə yemək verilir, yaxınları ilə telefon əlaqəsinə şərait yaradılır. Rusiyalı hərbçi vətənə qayıtmaq istəməsə, həmin şəxsin Ukraynada qalmasına mane olmurlar. Təslim olanlarla bağlı anonimlik qorunur, onların döyüşdə əsir düşdüyü qeyd edilir.
скачать dle 12.1