Bia.Az

“Biz bir dəmir ağacıyıq Haftoni meşəsində...” – Təbiətsevərlər Hirkan Milli Parkını talayanlara etiraz edirlər

Fakt
 5-10-2022, 16:57     276

Xəbər verdiyimiz kimi, sentyabrın 25-də Hirkan Milli Parkının direktoru Aqil Sucayev və digər bir neçə əməkdaşı hüquq-mühafizə orqanları tərəfindən saxlanılıbmış. Onların hansı hüquq-mühafizə orqanı və hansı səbəbdən saxlanıldıqları barədə rəsmi məlumat verilməsə də, Lənkərandakı etibarlı mənbələrdən aldığımız informasiyaya görə, Parkın vəzifəli şəxslərini Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi saxlayıbmış.



Aydın məsələdir ki, iş belədirsə, BMCMİ törədilmiş və ya hazırlanan cinayət barədə ciddi məlumat almadan, öz resurslarını hərəkətə gətirməz. Bu mövzuda bir neçə gün əvvəl qələmə aldığımız ötən məqaləmizdə qeyd etmişdik ki, reyd zamanı saxlanılan park nəzarətçiləri Bakı şəhərinə aparılıb dindiriləndən sonra sərbəst buraxılsalar da, ərazidə baş verən qanunsuz ağac qırıntıları onların çox keçmədən cinayət məsuliyyətinə cəlb olunacaqlarını təxmin etməyə əsas verir.

Həmçinin, etibarlı məınbələrə əsasən yazmışdıq ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) 1 saylı Lənkəran Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Şakir Quliyev və Hirkan Milli Parkının direktoru Aqil Sucayev yaxın dostdurlar və əldə etdikləri haram gəlirləri bölüşürlər. Sitat: “Eyni zamanda Lənkəran Regional Meşə Təsərrüfatı və Bərpası Mərkəzinin (RMTBM) rəhbəri ilə Şakir Quliyev arasında konflikt olduğuna görə İdarə rəisi çalişir ki, həmin qırıntıların bir hissəsini Meşə Təsərrüfatı Mərkəzinin passivinə yazdırsın. Bununla da Hirkan Milli Parkındakı qırıntıların miqyasınnı azaltmaqla öz dostu Aqil Quliyevi sudan quru çıxarmağa çalışır. Şakir Quliyev ayrı-ayrı şahidləri “başa salır” ki, guya ağac qırıntılarının bir hissəsi doğrudan da RMTBM-nin ərazisinə aiddir. Bundan başqa, Parkda aşkarlanan qırıntıları Şakir Quliyevin “yoxlama” aparan işçiləri material üçün nəzərdə tutulduğu halda oduncaq kimi aktlaşdırıllar ki, təqsirkarlar üçün cinayət deyil, inzibati məsuliyyət növü seçilsin”.

Bundan başqa, Hirkan Milli Parkında son vaxtlar nadir, qiymətli ağac növlərinin məhv edildiyi dolayların və qanunsuz ağac qırıntılarına rəvac verən yeger-nəzarətçilərin adlarını da çəkmişdik.

Yazdıqlarımızın növbəti dəfə təsdiqi olaraq, bu günlərdə “facebook” sosial şəbəkəsindəki “ecofront” səhifəsi məlumat yayıb ki, ETSN Hirkan Milli Parkının Haftoni meşəsində aqrobağ salınmasına göz yumur: “Haftonidə, sənəd üzərində 100 hektar kimi göstərilən, faktiki 150 hektar ərazi sahibkar Raqif Həsənzadəyə icarəyə verilib. Müqavilə sahibkarın oğlunun adına rəsmiləşdirilib. Ərazidə başqa kəndlərdən dəvət olunmuş 30-a yaxın işçi qüvvəsi cəlb olunub və tam sürətlə əkinə hazırlıq prosesinə başlanılıb. İlk əvvəl müqaviləyə xitam verən ETSN nəyə görəsə haqlı ola-ola, məhkəmələri bir-bir uduzur. Apellyasiya məhkəməsində də sahibkara məğlub olub. Ya Nazirliyin ortaya çıxası vəkili yoxdur, ya da böyük ehtimal bu məsələ qurmadır. Xatırladaq ki, sahibkar ETSN-ni məhkəməyə vermişdi. Hər bir halda bu ETSN üçün biyabırçı nəticədir. Olduqca az olan meşələrimizin, xüsusilə düzən meşənin, meşə fondu ərazisinin hansısa sahibkara orada öz mənfəəti üçün aqrobağ salmasına yol verilməsi qəbuledilməzdir. Üstəlik, bu, qeyri-qanuni olaraq baş verir. Oranın kənd təsərrüfatı təyinatlı torpaq kimi istifadəsinə imkan verilməməlidir. Orada aqrobağ yox, meşə olmalıdır. Ekofəal Cavid Qaranın sözlərinə görə, məhkəmə davam etsə də, qeyd olunan ərazidə gecələr iş aparılır, 6-7 “Kamaz” yük maşını torpaq daşıyır”.

Fransızlar deyirlər ki, xəbərin olmaması yaxşı xəbərdir. Amma bizim çəkdiyimiz misalda xəbərin (Hirkan Milli Parkının direktoru Aqil Sucayevin və digər təbiət düşmənlərinin məsuliyyətə cəlb olunması barədə) çıxmaması pis xəbərdir. Görünən odur ki, Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin Lənkəran Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Şakir Quliyevin Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Vüqar Kərimovun dəstəyi ilə Aqil Sucayevi “sudan quru çıxarmaq” və məhv edilmiş ağacların Hirkan Milli Parkından deyil, guya Lənkəran Regional Meşə Təsərrüfatı və Bərpası Mərkəzinin nəzarətində olan ərazidən daşındığı barədə qənaət formalaşdırmaq niyyəti baş tutmağa yaxındır.

Mövzuya qayıdacağıq.

İbrahim Hümbətov
скачать dle 12.1