Bia.Az

Rusiya qoşunları niyə çıxarılmalıdır?

Siyasət
 4-10-2022, 11:33     176

Azərbaycan Demokratiya və Rifah Partiyası oktyabrın 7-si Bakıda, Rusiyanın Azərbaycandakı səfirliyi qarşısında aksiya keçirmək istəyir. Bakı Şəhər İcra Hakimiyyətinə məktubda aksiyanın saat 14-ə təyin olunduğu, Rusiya qoşunlarının Qarabağ bölgəsindən çıxarılması tələbi qoyulacağı bildirilib.

Novator.az-ın məlumatına görə, partiya sədri Qubad İbadoğlu yazır ki, Rusiya qoşunlarının Qarabağdan çıxarılması həm cari, həm də strateji məsələdir: “Qarabağın rus-erməni nəzarətində olan ərazisində Azərbaycan qanunları işləmir, qondarma respublika, onun “idarəetmə orqanları” və “qanunları”, “məhkəmələri”, “hüquq mühafizə qurumları” fəaliyyət göstərir. Həmin ərazidə rus dili ikinci dildir, orada yaşayanlar rus pasportları əldə etmək istəyir. Rus pasportları əldə edəndən sonra ermənilər saxta referendumla Rusiyanın tərkibində olmaq iddiasına düşə bilərlər.
Rusiya qoşunlarının Qarabağdan çıxarılması həm keçmişin, həm də gələcəyin məsələsidir. 2020-ci ilin 44 günlük müharibəsində hərbi zəfər əldə edən Azərbaycan əsgəri hələ də özünü qalib kimi hiss etmir, çünki bizim qələbəmizi ruslar xalqdan alıb. Biz bu səhvi mümkün qədər tez düzəldib Azərbaycan tarixindən qara səhifəni kəsib atmalıyıq.
Nə qədər ruslar bizim ərazidədir, Azərbaycanın müstəqilliyinə və suverenliyinə daim təhlükələr olacaq, Qarabağda münaqişə davam edəcək, məskunlaşma ləngiyəcək, nə indiki, nə gələcək hakimiyyət rusların çəkdiyi çevrədən kənara çıxa biləcək.
İşğalçı rus qoşunlarının Qarabağdan çıxarılması milli məsələdir, bunu dövlətçilik mövqeyindən dəyərləndirməliyik. Azərbaycan xalqı təhlükələri və riskləri vaxtında dəyərləndirib hərəkətə başlamalı və bu məsələdə birlik nümayiş etdirib vahid mövqe qoymalıdır”.
Ermənistan 1988-1994-cü illərin təcavüzündə Azərbaycan ərazilərinin altıda birini işğal edib.
2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycanın apardığı hərbi əməliyyatlarda və bu əməliyyatlar nəticəsində əldə edilən razılaşmalarla ərazilərin böyük hissəsi azad olunub.
Qarabağın bir hissəsinə və bölgədən Ermənistana gedən Laçın yoluna Rusiyanın hərbi kontingenti nəzarət edir. Bu kontingentin bölgədə qalma müddəti 2025-ci il noyabrın 10-da bitir.
Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd rayonlarının və keçmiş Ağdərə rayonunun bir hissəsində özünü müstəqil dövlət sayan qanunsuz rejim hökm sürür.скачать dle 12.1