Bia.Az

Cəbrayılın əzrayıllarının qovulması – Qisas İsrafilin düdük çalacağı günə qalmadı

Gündəm
 4-10-2022, 00:59     263

Bu gün bu rayonun  - Cəbrayılın 27 illik işğaldan azad olunmasının 2-ci ildönümüdür.

Bir vaxtlar Araz qırağında, Zəngəzur mahalıyla Qarabağ diyarının arasında, Cənubi Azərbaycanla Şimali Azərbaycanın keçid yolunun üstündə yerləşən bu rayon ölkənin ən abadan, rifah halı yüksək olan rayonlarından biriydi.
Dini mifologiyada adı keçən dörd mələkdən birinin adını daşıyan Cəbrayılın sadə zəhmətkeşlərinin çalışdığı tarlaların bar-bəhəri, gen dərələrdə, yastı təpələrdə, düzənlərdə yaradılmış sovet təsərrüfatlarının (kolxoz-sovxoz) məhsulları ölkə əhalisinin azuqə ilə təmin olunmasında mühüm pay sahibiydi.
1.png (183 KB)

Cəbrayıl torpağının istedad və bərəkət yetişdirən gücü

Kənardan baxanda Cəbrayılda kənd görməzdin, eləcə meşə zolağı görərdin, insanların yaşadıqları evlərin həyatyanı sahələri çoxdan bağ-bağata çevrilmişdi, meşələri andırırdı. İnsanlar tikib-qurur, yaradır, öz əməkləri asudə yaşayır, müasir həyatın tələblərinə ayaq uydururdular. Arazın o tayında yaşayan soydaşlarımız bu taydakı insanların şəraitinə, tarlada kişili-qadınlı, mehribancasına çalışmalalarına həsədlə baxardılar.
Cəbrayılın ucqar kəndlərində böyüyən, sonradan paytaxtda, ölkənin digər iri şəhərlərində, eləcə də Moskva və Leninqrad kimi şəhərlərdə təhsillərini davam etdirən minlərlə gənc vardı. Onların bir çoxu ali məktəblərdə müəllim-professor olurdular. Təhsil ictimaiyyəti arasında zarafatyana deyilən “Cəbrayıldan nə çox alim var” sualına adətən “torpaq yetişdirir” cavabı verilirdi.
Gerçəkdən də bu torpaq təkcə bar-bəhər yox, vətənpərvər ziyalılar da yetişdirirdi, zəhmətkeş insanlar da.
Bu büsat o vaxta qədər davam etdi ki, Allahın başqa mələyinin - Əzrayılın cildinə girmiş məxluqlar bu abad elin üzərinə hücuma keçdilər. Özü də digər mifik mələyin – Mikayılın adını daşıyan rəhbərin, Mixail Qorbaçovun dövründə. Bax, o zaman Cəbrayılın ağır günləri başlandı.
7766.jpg (229 KB)

Uzun sürən işğalın uzun çəkən söz-söhbəti

Bir neçə il çəkən ciddi müqavimətdən sonra, 1993-cü ilin 23 avqustunda qonşu Füzuli rayonu ilə eyni gündə Cəbrayıl rayonu da işğal olundu, insanabənzər əzrayılların – erməni hərbçilərin tapdağı altına düşdü. Niyə belə oldu, olmaya bilərdimi, uzun söhbətdir.
İşğal uzun çəkdi – 27 il 1 ay 11 gün. Niyə bu qədər uzun çəkdi, bu da başqa bir uzun söhbətin mövzusudur.
Artıq 1993-cü ilin payızında Arazın o tayndan üzü bəri həsədlə baxmırdılar, kədərlə, hüznlə baxanlar da vardı, “fürsət bu fürsətdir” deyə qəsbkarlarla işbiırliyinə girib 3-5 tümən qabağa düşəcəyinə ümid edənlər də.
İşğal olunan zaman Cəbrayıl rayonunda 1 şəhər, 4 qəsəbə və 97 kənd vardı. 4 oktyabr 2020-ci ildə işğaldan azad olunanda isə Cəbrayılda nə şəhər vardı, nə qəsəbələr, nə də kəndlər. Heç nə yox idi. Bütün yaşayış məntəqələri sökülüb-daşınmış, yerdə qalanları yandırılmışdı, ağaclar belə ya doğranmışdı, ya da baxımsızlıqdan məhv olub getmişdi. Bi zamanların abad ellərinin yerində quruca xarabalıq qalmışdı.

Bir evin yanması - faciə, bir rayonun yandırılması - statistika

554433.jpg (333 KB)
İşğal nəticəsində Cəbrayıla dəyən ziyanın statistikası belədir: rayona ümumilikdə 13,928 milyard ABŞ dolları məbləğində ziyan vurulub; 1050 kv km-i əhatə edən 52000 nəfər əhalisi olan rayon ərazisi tam işğal edilib; 72 ümumtəhsil məktəbi, 8 xəstəxana, 132 tarixi abidə, 150 mədəniyyət ocağı dağıdılıb. 100-dən artıq yaşayış məntəqəsi ermənilər tərəfindən tarmar edilib. Təsəvvür edin, bir tikilinin yanmasını insanlar hər zaman faciə kimi qarşılayır, burada isə bütöv bir rayon, on minlərlə bina yandırılıb.
Başqa bir statistika da var: I Qarabağ müharibəsində Cəbrayıl rayonu 362 şəhid verib, 191 nəfər əlil olub. 6 nəfər rayon sakini Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
Bu rayonun əhalisinin çox hissəsi uzun illər Biləsuvar və İmişli rayonlarının ərazisində salınan çadır şəhərciklərində, fin qəsəbələrində yaşadılar. Paytaxta, digər iri şəhərlərimizə (ümumilikdə ölkənin 58 rayonuna) üz tutanlar, uzun illər fəhlə və tələbə yataqxanalarında, uşaq bağçalarında, vaqonlarda yaşayanlar oldu. Ancaq onların ümidi heç vaxt üzülmürdü, az qala hər ay öz aralarında danışırdılar ki, “deyirlər, gələn ay bizi yurdumuza qaytaracaqlar”. Artıq 29 ildir ki, cəbrayıllılar Cəbrayılda deyillər, ancaq buz sınıb artıq, 30 ilin tamamında böyük qayıdış mütləq baş tutacaq.

Lələtəpə azad oldu, 1 şəhər, 4 kənd rahat nəfəs aldı

 2.jpg (5 KB)
1994-cü ildə isə o boyda rayondan əlimizdə yalnız Cocuq Mərcanlı kəndi qalmışdı, onda da yaşamaq mümkün deyildi. Çünki kənd Lələtəpə yüksəkliyindən ovuc içi kimi görbürdü və bu yüksəkliyə erməni hərbi qüvvələri, o cümlədən snayperlər sinmişdi. Nəhayət, 2016-cı ildə Azərbaycan ordusunun uğurlu hərbi əməliyyatı nəticəsində Lələtəpə yüksəkliyi düşmən işğalından azad olunduqdan sonra həm Cəbrayılın Cocuq Mərcanlı, həm də Füzuli rayonunun Mirzənağılı, Qazaxlar, Əhmədalılar və Horadiz şəhəri düşmən artilleriyasının hədəfi olmaqdan qurtuldu. Bundan sonra kənd əhalisi Cocuq Mərcanlıya qayıtdı və bu qayıdış həm böyük qayıdışın başlanğıcı, həm də gələcək qələbələrin müjdəçisi oldu.
Kilsəyə dəyən mərmiyə görə vay-növsə, məscidlərin məhvinə görə - sükut
2020-ci ilin bu günlərində Cəbrayıl rayonu erməni işğalından azad olunduqdan sonra ortaya çıxdı ki, rayonun maddi-mədəni abidələri də erməni vandalizminə məruz qalıb. Bu sırada Dağtumas kəndinin yaxınlığında yerləşən “Divlər sarayı” mağarası, Qalacıq kəndindəki “Məscid təpəsi”, “Canqulu” və “Qumtəpə” kurqanları, Diri dağındakı Mazannənə, Mərmər nənə məqbərələri kimi arxeoloji, Doğtumas kəndindəki “Başıkəsik gümbəz”, Sirik kəndindəki “Qala”, Diri dağındakı “Qız qalası”, Xudafərin körpüləri, Çələbilər kəndindəki məscid kompleksi, rayon mərkəzindəki “Sultan Məcid hamamı”, Şıxlar kəndindəki “Dairəvi türbə”, Xubyarlı kəndindəki 8 guşəli türbələr və digər məqbərələr vardı.
3.jpg (285 KB)
Şuşa şəhərində kilsəyə dəyən çovumuş mərmiyə görə Avropanın bütün dövlətlərində haray-həşir salan, yüzlərlə media qurumunda görünməmiş hay-küy qaldıran ermənilər təkcə Cəbrayılda bu qədər məscid və digər tarixi abidələri viran qoymuşdular və bir kimsə hələ də bu vandalizmdən danışmır.
Cəbrayıl rayonunun düşmən tapdağından azad edilməsi sürətli olsa da, heç də asan olmayıb. 100-dən artıq yaşayış məntəqəsinin hissə-hissə işğaldan qurtulduqca,bu bardə rəsmi elanları, qələbə müjdəli tvitləri riqqətlə qarşılayanların çoxu bu qələbələrin necə məşəqqətlər, qan-qada hesabına başa gəldiyini bilmirdi.

İrəvanda tikəcəkləri metronu Cəbrayılda tikən işğalçılar

Bu günlərdə “Real TV”-də ermənilərin Lələtəpə istiqamətində, Füzuli və Cəbrayıl rayonlarının kəsişməsindəki təpələr üzərində tikdikləri istehkamlara dair süjet verilirdi. General-mayor Mais Bərxudarov verdiyi lazımi şərhlərdən aydın olurdu ki, ermənilər burada toplamda bir neçə kilometrlik yeraltı bunker tikiblər. Dörd tərəfə çıxışı olan meqapolis metrolarının tunellərinə bənzəyən yeraltı yollar qalın betonlarla təchiz olunmuşdu, generalın sözlərinə görə, hətta aviasiya zərbələrinə tab gətirəcək gücdəydi. Üstəlik, tunellərin qapısı zirehliydi və onun daxilinə girmək demək olar ki, mümkünsüz idi. Bu, o anlama gəlir ki, ermənilər bu torpaqları heç vaxt xoşluqla öz sahibinə qaytarmaq fikrində olmayıblar və düşünüblər ki, bu bunkerləri almaq Azərbaycan ordusuna nəsib olmayacaq. Onlarla aylarla burada qalıb döyüşəcəklərini planlayırmışlar.
4.JPG (31 KB)
Azərbaycan ordusu isə məhz belə alınmaz qalaları ildırım sürəti ilə aldı. Daha sonra Ermənistan ordusunun seçmə birləşmələri Cəbrayılı yenidən işğal etməyə cəhd göstərsələr də, verdikləri ağır itki nəticəsində yerdə qalan mövqelərini də tərk edərək Ermənistana doğru qaçmağa başladılar. Az sonra Azərbaycanın üçrəngli müqəddəs bayrağı bütün ölkə üçün əziz olan Xudafərində dalğalanmağa başladı.

Sıfırdan başlayaraq rayon qurmaq zəhməti

İndi o vaxtdan 2 il ötür. Azərbaycan dövləti işğaldan azad olunan digər rayonlar kimi Cəbrayılda da böyük bərpa-quruculuq işləri görməlidir.
7.jpg (109 KB)
Hazırda Cəbrayıla 4-6 zolaqlı yol çəkilir. Rayonun bütün kəndlərinin tədricən bərpa edilməsi proqramı da təsdiq edilib, SOCAR və BP Cəbrayıl rayonunda 200 meqavatdan artıq gücə malik elektrik enerjisi stansiyasının inşasını müzakirə edir.
Dövlət başçısı İlham Əliyev son iki ildə Cəbrayıl rayonuna dörd dəfə səfər edib, 15-dən çox mərasimə, təməlqoyma tədbirinə qatılıb.
Yaxın illərdə Cəbrayılda yeni müəssisələr və təsərrüfatlar da yaradılacaq, yavaş-yavaş yerli əhali də geri qayıdacaq və Cəbrayıl əvvəlkindən də abad, gözəl, yaşıllıqlı, axar-baxarlı bir rayon olacaq.
Yazının əvvəlində dini mifologiyadan sitat gətirmişdik. Söhbəti o lad üstündə də bitirək. Bu gün hamılıqca sevinirik ki, işğal olunan Cəbrayılın qisası Allahın dördüncü mələyi İsrafil Sur düdüyü çalıb Qiyamət anonsu verəcəyi günə qalmadı. Düşmən üçün əsl qiyaməti isə şanlı ordumuz yaratdı.
Ordumuza, onun Ali Baş Komandanına, zabit və əsgərlərinə eşq olsun!//musavat.comскачать dle 12.1