Bia.Az

Hərb və sülh əl-ələ verib addımlayır: - Bayramov-Mirzoyan görüşünün “qığılcım”ları, proqnozlar

Siyasət
 3-10-2022, 15:32     170

Oktyabrın 2-də diplomatik danışıqların ünvanı olan İsveçrənin Cenevrə şəhəri Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla onun ermənistanlı həmkarı Ararat Mirzoyanın görüşünə şahidlik etdi.

İsveçrə özünü dünyadakı münaqişələrdən və siyasi didişmələrdən kənarda tutan neytral dövlətdir, buna görə də Bayramov-Mirzoyan danışıqlarına üçüncü tərəfin müdaxiləsi olmayan müzakirə fonu verilir.

Ancaq batinə doğru irəlilədikcə, bu görüşün məhz Qərb siyasi dəyərlər sisteminin bir parçası olan Avropa İttifaqının, bir az da irəli getsək, ABŞ-ın vasitəsilə təşkil olunduğunu söyləmək imkanlarımız yaranır.

Bunu təsdiq edə biləcək iki nüansa mütləq diqqət yetirilməlidir:

1. Danışıqların Cenevrə raundunda Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında 31 avqustda Brüsseldə keçirilmiş görüşdə sülh müqaviləsinin mətninin hazırlanması barədə tapşırıqları müzakirə edilib.

2. XİN başçılarının görüş günü ABŞ prezidentinin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan İstanbulda Türkiyə Prezidentinin rəsmi nümayəndəsi İbrahim Kalınla görüşüb. Müzakirə olunan məsələlər sırasında Azərbaycan və Ermənistan arasında sülh danışıqlarına dəstək də yer alıb.

Qarışıq təəssürat yaradan düyünləri şərh vasitəsilə açmağa çalışsaq, qeyd edə bilərik ki, sülh müqaviləsinin imzalanması üçün ABŞ və Rusiya Türkiyənin rolunu kənar oyunçular qismində mərkəzdə görür.

Ona görə ki, Türkiyənin Rusiya ilə münasibətləri yaxşı səviyyədədir, hərçənd ki, Qərblə əlaqələrində yoxuşlar çəkilir. Ancaq Ankaranın zahirdəki fəaliyyəti ilə yanaşı, batindəki moderatorluğu da hər iki tərəfə səmərə verir və qlobal güclərin sülh müqaviləsinin mətnindəki balansını saxlamağa yardımçı olur.

İndi ABŞ-la Rusiya Cənubi Qafqazı yağlı tikələrdən biri kimi nəzərdə saxlayırlar və Vaşinqton Moskvanın regiondakı tarixi, siyasi və hərbi mövcudluğunu ən azından proseslərə müdaxilə edə bilməcəyək səviyyəyə endirmək istəyir.

Amma istəklərlə reallıqlar üst-üstə düşmür, Rusiya Türkiyə ilə əməkdaşlıq, Azərbaycanla yaxşı münasibətləri fürsətə çevirərək Ermənistanı cəzalandıran addım səslərini gurlaşdırır və Ağ Evi kənara sıxmağı bacarır.

Azərbaycanla Ermənistan arasındakı sülh gündəliyi qlobal maraqlar çarpışmasına baxmayaraq, artıq konseptual nöqtədən detallı mərhələyə çatıb, hərçənd ki, İrəvan hələ də Bakının sərhədə dair bufer zona tələbinə qarşı müqavimət göstərir.

Bu xüsusda deyə bilərik ki, sülh danışıqlarının rəvan getdiyi zamanda Azərbaycan hərbi əməliyyatları növbəti fazaya keçirə bilər, lakin bu, diplomatik danışıqlara həlledici şəkildə zərbə vurmaz.

Bir az obrazlı desək, sülhlə hərb əl-ələ verib yeriyir və yekun sülhün mətnini yazır.

Ortada isə müşkülləri açmaq üçün yeni razılıqlar da var. Belə ki, Bayramov-Mirzoyan görüşündə razılıq əldə olunub ki:

- Sərhədin delimitasiya edilməmiş zolağında noyabrda nəzərdə tutulan birgə komissiyaların iclası tezləşdirilsin, yəni oktyabra keçirilsin. Hesablamaq olar ki, tərəflər əldə edilmiş hansısa gizli razılaşmanın icrasını sürətləndirmək prosesi barədə ortaq məxrəcə gəliblər;

- 10 Noyabr Bəyanatının 4-cü bəndinə uyğun olaraq qanunsuz erməni silahlı birləşmələrinin Rusiya sülhməramlılarının müvəqqəti yerləşdikləri Azərbaycan ərazilərindən çıxarılması təmin edilsin.

Bu tələb yeni deyil, lakin son proseslər, o cümlədən Azərbaycan-Ermənistan sərhədindəki genişmiqyaslı toqquşmalar fonunda əlavə məzmun qazanır.

Bu yaxınlarda Nikol Paşinyan 4-cü bəndin icrasında üzərinə düşən məsuliyyət daşını kənara atmaq üçün müxtəlif yarlıqlardan istifadə etdi, hərçənd ki, ilk baxışda onun açıqlamaları təxribat kimi dəyərləndirilə bilərdi.

PROQNOZLAR:

1. Sülh müqaviləsinin ilkin detallı forması ərsəyə gəlib, bundan sonra qlobal güclər olan Rusiya və ABŞ həmin detalları öz maraqlarına uyğunlaşdırmaq cəhdlərini davam etdirəcəklər. Ona görə də növbəti həftələrdə və ya aylarda Azərbaycan-Ermənistan sərhədində hərbi insidentlərin kənardan körüklənməsi üçün addımlar atıla bilər.

2. Cənubi Qafqaz səhnəsi Rusiya-Ukrayna müharibəsinin gedişatında fərqli hadisələrə də şahidlik etməyə hazır vəziyyətdədir, Azərbaycan güclü əl kimi tələblərini regional təhlükəsizlik kontekstində genişləndirəcək.

3. Türkiyə Cənubi Qafqaz regionundakı mühitin özünə və Azərbaycana zərər gətirməməsi üçün çalışacaq.

Aqşin Kərimov
скачать dle 12.1