Bia.Az

Valideyn İANƏsinə möhtac təhsilimiz... - FAYDASI OLACAQMI?

Cəmiyyət
 3-10-2022, 15:13     188

“Bu gün Azərbaycanda təhsilə qoyulan sərmayenin böyük əksəriyyətini vətəndaşlar yatırır. Orta məktəbi bitirib ali məktəbə qəbul olan şagirdlərin, tələbələrin 99%-i repetitor yanında və yaxud kurslarda valideynin hesabına təhsil alan uşaqlardır”.

BİA.AZ xəbər verir ki, bu fikirləri iqtisadçı-ekspert Akif Nəsirli təhsildə ianə prinsipi məsələsini Bizim.Media ilə müzakirəsi zamanı söyləyib.

İanələrin rəsmiləşdirmək məsələsinə gəlincə isə ekspert bildirib ki, təhsilə konkret dövlət qanunu ilə ianə yığmaq müşkül məsələdir:

“Azərbaycanda ildə təhsilə təxminən 4 milyard vəsait ayrılır. Onun 2 milyardı şagirdlərin orta təhsil almaq üçün xərclənir. Buna məktəb tikintisi, müəllim və digər işçilərin maaşları, məktəb təfsilatı və sairə daxildir.

Nəticədə baxırsan ki, 2 milyard səmərəsiz şəkildə xərclənir. Heç bir şagird məktəbdə verilən savadla gedib təhsilini davam etdirmir, yalnız yazmaq oxumaq, primitiv bilikləri məktəbdə öyrənir. Validenlər Azərbaycanda övladlarının təhsil alması üçün, hesablasaq, bəlkə,10 milyard vəsat xərcləyir. Elə bunun özü ianə deyilmi?”.

Akif Nəsirli onu da qeyd edib ki, təhsillə bağlı hökumət daha proqmatik layihələr hazırlamalıdır:

“Düzü, bir çox tədbirlər görülür. Müəllimləri imtahanla seçirlər, sertifikatlaşdırma prosesi çətinləşdirilib. Belə ki, sertifikatlaşdırma prosesindən işləyən müəllimlər keçir. Müəllimlər DİM-də imtahan verib sertifikat almalı, müsahibə mərhələsindən müvəffəqiyyət keçməlidir ki, iş yerində qalsın və maaşı artırılsın.

Bu minvalla savadsız müəllimlər sıradan çıxacaq. Müəllimlərin 20-30%-i qıraqda qalacaq. Mən bu qərarı dəstəkləyirəm, müəllim savadlı olmalıdır. Həmçinin universitetlərdə rüşvət müqabilində diplom alan müəllimlər də təhsil sistemindən kənarlaşdırılmalıdır”.

Ekspert vurğulayıb ki, savadsız müəllimlərə ayrılan vəsaiti daha intellektual, savadlı gənc kadrlara sərf etməklə maaşlarını qaldırmaq lazımdır:

“Ona görə də kortəbii şəkildə təhsilə vəsait artırmaq, ianə yığmaq yox, təhsildə köklü struktur-islahatları keçirmək lazımdır. Təhsilə 100 milyard da ayırsan, ciddi problemlər həll olmayacaq.

Korrupsiya, rüşvət, qara yollar ilə o pul yoxa çıxacaq. Ona görə də məktəblərdə müxtəlif adlarla pul yığımı, ianələr effekt verməyəcək, bu olmamalıdır da. Hal-hazırda dövlətin neft-qaz, karbohidrogendən əldə etdiyi maliyyə vəsaiti o qədər yüksəkdir ki, təhsili qoyulacaq xərci tam qarşılaya bilər.

Ona görə də ciddi islahatlar aparmaqla dövlətin özü təhsilə qoyulan vəsaiti artırsa, yaxşı nəticələr olacaq. Keyfiyyətli kadrlar hesabına cəmi 10-15 il sonra qoyulan vəsaitlər özü büdcəyə qayıdacaq”.
скачать dle 12.1