Bia.Az

Zəfər yolunun başlanğıcı kimi Azərbaycan tarixinə qızıl hərflərlə yazılan GÜN...

Sosial
 27-09-2022, 14:20     332

Xalqımızın and yerinə çevrilən doğma torpaqlarımızın 30 il ərzində düşmən əsarətində qalması illərdi ki, qəlbimizdə dərin izlər yaratmışdı. Ölkəmizin müxtəlif sahələrdə qazandığı uğurları, əldə etdiyi inkişaf səviyyəsi ilə dünya miqyasında layiqli yerini tutub irəliləməsinə sevinsək də, böyükdən-kiçiyə hər birimizin ürəyində böyük bir nisgil, həsrət yanğısı var idi. Lakin dövlət başçımızın hər dəfə mötəbər tədbirlərdə, eləcə də şəhid ailələri və qazilərlə görüşləri zamanı etdiyi çıxışlarında qətiyyətlə qəhrəman oğullarımızın qanının yerdə qalmayacağını, torpaqlarımızın işğaldan azad ediləcəyini vurğulaması inam hissimizi də gücləndirirdi. Bütün bunların məntiqi nəticəsi olaraq öz liderinin ətrafında sıx birləşən xalqımız bu həsrətə ötən ilin Sentyabrın 27-də son qoydu. Bu əlamətdar gün xalqımızın çoxdan gözlədiyi Zəfər yolunun başlanğıcı kimi Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Respublika Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gün da­vam edən Vətən müharibəsi Ordu­muzun qüdrətini, döyüş ruhunu, eləcə də xalqı­mızın sarsılmaz birliyini, doğma yurdu, torpağı uğrunda mübarizə əzmini bütün dünyaya nümayiş etdirdi. 

Ölkə rəhbərinin 2020-ci ilin dekabrın 2-də imzaladığı "Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında" Sərəncamına əsasən qeyd olunan Anım Günü 2020-ci ilin sentyabrın 27-dən noyabrın 10-a qədər davam edən İkinci Qarabağ müharibəsində həlak olan şəhidlərin xatirəsinin ehtiramla anılması məqsədini daşıyır. Bu gün möhtəşəm Zəfər yolunda atılan ilk addımları hər bir azərbaycanlı qürurla anır, qəhrəman oğullarımızı fərəhlə yad edir, onların şücaəti dövlət səviyyəsində yüksək qiymətləndirilir, torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizin ruhuna ehtiram göstərilir, xatirəsi uca tutulur. Bundan sonra da hər il ölkəmizdə Anım Gününün qeyd olunması nəzərdə tutulur. Bu şanlı Qələbəmizin başlanğıc günü tariximizin şərəfli səhifəsi kimi gələcək nəsillərə ötürüləcəkdir.
  
Erməni silahlı qüvvələrinin təxribatına qarşı Şanlı Ordumuzun əks hücum əməliyyatları zamanı yerli media ilə yanaşı, müxtəlif ölkələrin, xüsusən də qardaş Türkiyənin nüfuzlu televiziya kanallarının cəbhə xəttindən yayımladığı kadrlardan dünya əhalisi, həm də erməni vandalizminin, törədilən cinayət əməllərinin, vəhşiliyinin şahidi oldu. Erməni faşist qüvvələri tərəfindən Qarabağın coğrafi ərazisinin, etnik tərkibinin, iqtisadiyyatının, sosial-mədəni dəyərlərinin, tarixi-mədəniyyət abidələrinin, florası və faunasının məhv edilməsi, bölgənin bütövlükdə bir məzarlığa çevrilməsi, muzeylərin, məscidlərin, məktəblərin, mədəniyyət mərkəzlərinin, hətta məzarlıqların dağıdılması əyani faktlarla dünya ictimaiyyətinə çatdırıldı. Azərbaycan torpaqlarında separatçı rejimin dinc əhaliyə qarşı törətdiyi amansız terrorlar tarixən erməni siyasətçilərinin soyqırımı ideologiyasına əsaslanan məfhumların çağdaş mərhələlərdə ifadəsi kimi yaddaşlarda həkk olundu.

Sirr deyil ki, yaşadığımız dövrdə müharibədə uğur əldə etmək üçün  təkcə hərbi əməliyyatlar kifayət etmir, burada əsas amillərdən biri də tarixi həqiqətlərin qlobal səviyyədə təbliğidir. 44 günlük Vətən müharibəsində ölkəmiz anbaan şərəfli səhifələr yazarkən mənfur erməni lobbisi təxribat xarakterli dezinformasiyalar yayıb, həm dünya ictimaiyyətini aldatmağa cəhd edir, həm də öz xalqını aldadırdı. Əslində düşmənin bu çirkin əməlləri uzun illərdən bəri Rusiyada, ABŞ-da, Avropada, eləcə də digər ölkələrdə apardıqları təbliğatın davamı idi. Lakin Prezident İlham Əliyevin informasiya müharibəsində də müdriklik nümayiş etdirməsi düşməni bu istiqamətdə də məğlubiyyətə uğratdı, onun bütün yalanlarını, hiyləsini darmadağın etdi. Dövlət başçımızın dünyanın tanınmış informasiya agentliklərinə, televiziya kanallarına verdiyi müsahibələr erməni yalanlarını ifşa etdi və nəticədə Azərbaycan hər iki cəbhədə böyük qələbəyə nail oldu. Ölkə rəhbərinin Qarabağ münaqişəsinin tarixi, hüquqi və siyasi aspektlərinin diqqətə çatdırılması istiqamətində 44 gün ərzində beynəlxalq və yerli televiziya kanallarında yayımlanan 30-dan artıq müsahibəsi nəticəsində İkinci Qarabağ müharibəsi başladığı gündən ölkəmiz hərbi uğurlarla paralel, informasiya müharibəsində də üstünlük əldə etdi. Ali Baş Komandan müsahibələrində dəfələrlə ermənilərin işğalçı kimliyini, zəif hərbi qüvvəsini və terrorçu siyasətinin olduğunu vurğuladı. Ünvanlanan bəzi suallar düşmənin yaydığı dezinformasiyalara əsaslansa da, Prezident həmin sualları faktlarla, əsaslı şəkildə cavablandıraraq  düşmənin dezinformasiyalarını məhv etdi. Ölkə başçısı bu müsahibələrlə dünya ictimaiyyətinə Azərbaycanın iqtisadi və hərbi gücünü nümayiş etdirdi, eyni zamanda, Azərbaycanın istər hərbi, istərsə də informasiya müharibəsində öndə olduğunu real arqumentlərlə diqqətə çatdırdı.
    
Digər tərəfdən, müharibənin ilk günündən etibarən müxtəlif ölkələrdə fəaliyyət göstərən erməni diaspor təşkilatları öz çirkin əməllərinə daha intensiv şəkildə davam etməyə başladı, bununla yanaşı, düşmən tərəf sosial şəbəkə vasitəsilə də hücuma keçmişdi. İşğalçı Ermənistan hələ ötən əsrin 80-ci illərin sonlarından, Azərbaycana qarşı ərazi iddialarını ortaya qoyduğu vaxtdan heç bir əsası olmayan informasiyaları beynəlxalq müstəvidə ictimailəşdirməyə başlamışdır. Vətən müharibəsi zamanı isə hər gün məğlubiyyətə düçar olaraq geri çəkilməyə məcbur qalan erməni ekstremist qüvvələri cəmiyyətdə çaşqınlıq, xaos, şübhə yaratmaq məqsədilə yalan məlumatlar yaymağa çalışırdı. Lakin məqsədyönlü dövlət siyasəti nəticəsində Ermənistanın törədə biləcəyi təxribatların qarşısını almaq üçün ölkə üzrə internetin tətbiqində bir sıra məhdudiyyətlər tətbiq olundu. Bununla da, hərbi sirlərin, uydurma xəbərlərin yayılmasının qarşısı alındı, informasiya strukturlarının düşmən hücumundan qorunması təhlükəsizliyi təmin olundu. Görülən tədbirlərlə yanaşı, ölkə  telekanalları canlı yayımla cəbhə bölgəsinə ezam olunan müxbirlər tərəfindən mütəmadi xəbərlər ötürür, reportajlar yayımlayırdı, internet saytları vasitəsilə operativ xəbərlər yayılırdı. Azərbaycanda sentyabrın 27-dən başlayan hərbi əməliyyatlarda yeni texnoloji sistemlər də uğurla tətbiq edildi. Bununla da düşmənin hərbi texnikasının,  silah-sursat  bazasının, hərbi obyektlərinin vurulmasını əks etdirən kadrlar müharibə xronikasının yaradılmasına mühüm töhfələr verdi.

O çətin günlərdə ölkə vətəndaşları bütün görülən tədbirləri xüsusi məsuliyyətlə dəstəkləyir, “Hər şey cəbhə üçün” şüarı ilə birlik, həmrəylik nümayiş etdirirdi. Şanlı Ordumuzun düşmənə sarsıdıcı zərbələr endirməklə cəbhədə əldə etdiyi qələbələr xalqımız tərəfindən çox böyük sevinc və ruh-yüksəkliyi ilə qarşılanırdı. Təkcə ölkəmizdə deyil, xaricdə yaşayan azərbaycanlılar, eləcə də qardaş Türkiyə vətəndaşları da qazanılan bu qürurverici nailiyyətlərə görə Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevə çoxsaylı təbrik və minnətdarlıq məktubları göndərirdilər. Müharibənin ilk günlərindən başlayaraq şəhərimizin küçələrində, yaşayış binalarının eyvanlarında, müxtəlif ticarət və digər obyektlərin fasadlarında üç rəngli Azərbaycan bayrağı dalğalanırdı. Torpaqlarımızın azadlığı uğrunda aparılan savaşda hər bir vətəndaşımız ordumuza dəstək olmağa tələsirdi, insanlar cəbhəyə kömək üçün bütün qüvvələrini səfərbər etmişdilər.

Qeyd etməliyik ki, Vətən müharibəsində qazandığımız möhtəşəm qələbə xalqımızın əzmini, birliyini daha da artırdı. Artıq bayrağımızın şövqlə dalğalandığı ölkəmizin nadir incisi, mədəniyyət beşiyi olan Şuşada silsilə tədbirlər keçirilir. Düşməndən təmizlənən ərazilərin bərpası və yenidən qurulması ilə bağlı layihələrin reallaşdırılma­sı diqqət mərkəzində saxlanılır. Dövlətimizin başçısı tərəfindən erməni barbarlığının qurbanı olan yaşayış sahələrində mühüm strateji obyektlərin, müəssisələrin təməli qoyulur, tikinti işləri getdikcə geniş vüsət alır, yüksək texnologiyaların tətbiqinə start verilir. Hazırda erməni vəhşiliyinin təzahürü olan dədə-baba torpaqlarımızda müasir dövrün tələblərinə uyğun layihələrə start verilib. Azad olunmuş ərazilərdə kənd təsərrüfatının inkişafı istiqamətində tədbirlərə başlanılıb, heyvandarlıq və südçülük müəssisələrinin qurulması istiqamətində əməli tədbirlər həyata keçirilir. Qarabağda öz yurd-yuvasını itirmiş məcburi köçkünlərin bu illər ərzində, qəlblərində yaşatdıqları ümid və arzuları reallaşır, qısa zamanda aeroportlar, elektrik stansiyaları və digər əhəmiyyətli obyektlər inşa olunub, doğma torpaqlarımıza rahat gediş-gəlişin təmin olunması məqsədilə nəqliyyat infrastrukturu bərpa olunur. Tezliklə başa çatdırılacaq “Zəfər yolu”nun inşası, Füzuli Beynəlxalq Hava Lima­nının işə salınması, eyni zamanda, Zəngilanda da hava limanının tikintisinə, Laçında isə bu istiqamətdə layihənin reallaşdırılmasının planlaş­dırılması, ümumiyyətlə işğaldan azad edilmiş bütün ərazilərdə innovativ infrastrukturun bərqərar edilməsi ilə bağlı həyata keçirilən layihələr əzəli torpaqlarımıza dövlətimizin diqqət və qayğısının bariz nümunəsidir. Yerlə-yeksan edilən, “ruhlar şəhəri” və ya “Qafqazın Xirosiması” kimi tanınan Ağdamda quruculuq işləri aparılır, Şuşada bir çox tarixi binalar və abidələr  bərpa edilərək istifadəyə verilib, yeni ya­şayış kompleksi, çoxsaylı bərpa və tikinti layihələrinin icrasına başlanılıb. Onu da qeyd edək ki, düşməndən təmizlənən ərazilərdə infrastrukturun yenidən qurulması və əhalinin işlə təmin olunmasına dövlət investisiyası ilə yanaşı, yerli və xarici investisiya da cəlb edilir. Böyük quruculuq layihələrinə qardaş və dost ölkələrin qoşulması siyasəti isə Azərbaycanın beynəlxalq aləmdə mövqeyini daha da möhkəmləndirir, ölkəmizin dünya miqyasında nüfuzunu artır­maqla yanaşı, həm də regionda liderliyini qorumasını şərtləndirib.

Qeyd etdiyimiz kimi, Azərbaycan Prezidenti cənab İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Qarabağda məcburi köçkün ailələrinin doğma ata-baba yurdlarına qayıda­raq, bundan sonra xoşbəxt və firavan həyat sürmələri üçün la­zımi təhlükəsizlik tədbirləri ilə yanaşı, iri infrasturktur layihələri uğurla icra olunur. Bu mühüm prosesdə bir çox kollektivlər, alim və mütəxəssislər, sadə peşə adamları böyük həvəslə iştirak edirlər. Bənzərsiz diyarımızın yenidən dirçəldilməsi istiqamətində görülən işlər hər kəsdə qürur və dərin məmnunluq hissi yaradır. Artıq bəzi ənənəvi mədəni tədbirlər də yenidən bərpa edilib, Qarabağın qəlbi, Xan qızı Natəvanın, dahi Üzeyir bəyin, böyük xanəndəmiz Bülbülün yurdu, xalqımızın mənəviyyat tacı olan Şuşada təntənəli şəkildə “Xarıbülbül” Musiqi Festivalı və Vaqif Poeziya Günləri və digər tədbirlər keçirilib.

Bəli, biz bu gün böyük fəxarət və qürur hissi ilə deyə bilərik ki, məhz dövlət başçısı, ordu və xalqın sarsılmaz birliyi sayəsində əzəli torpaqlarımız erməni işğalından azad olundu, erməni separatçı qüvvələrinin təxribatına cavab olaraq 27 Sentyabrda başlayan Vətən müharibəsi Şanlı Qələbə ilə nəticələndi. Əcdadlarımızın zəngin dövlətçilik və hərb tarixindən ilhamlanan xalqımız qəhrəmanlıq salnaməsi yazaraq, düşmən üzərində tarixi zəfər çaldı. Müzəffər Ali Baş Komandanımızın qətiyyəti, siyasi iradəsi, rəşadətli Milli Ordumuzun cəsarəti, peşəkarlığı sayəsində illərdir həsrətini çəkdiyimiz doğma Qarabağ və onun ətrafındakı ərazilərimiz işğaldan azad olundu. Ötən əsrin sonlarından bu günədək Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizin qisası alındı. Bu şanlı qələbə ilə erməni faşizminə elə bir dərs verildi ki, onlar bu dərsi heç zaman unutmayacaq. Bütün bunlara rəğmən, xislətinə uyğun olaraq düşmən hələ də məkrli fitnələrindən əl çəkmir, lakin ölkə rəhbərimizin də Anım Günü ilə bağlı xalqımıza müraciətində qeyd etdiyi kimi, torpağımıza kəc baxanlar bundan sonra da sarsıdıcı yumruqla rastlaşacaqlar.

Bu günlər Şəhidlər Xiyabanına gələn böyükdən-kiçiyə hər kəs ərazi bütövlüyünü təmin etmiş ölkənin vətəndaşı kimi böyük qürur hissi keçirərək istiqlal fədailərimizin xatirəsini ehtiramla yad edir. Allah şəhidlərimizə rəhmət eləsin! Qazilərimizə şəfa versin!

Hikmət Şikarov,
Şamaxı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini.
скачать dle 12.1