Bia.Az

Bu müharibə - Vətən müharibəsi təkcə şanlı Azərbaycan tarixinə deyil, dünya hərb tarixinə də yazıldı

Siyasət
 27-09-2022, 12:44     284

Bu gün Azərbaycan xalqı milli tarixinin ən möhtəşəm səhifəsini yaşayır. 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin növbəti təxribatına cavab olaraq, Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə cəbhənin bütün istiqamətlərində əks-hücum əməliyyatları həyata keçirmişdir. 44 gün davam edən müharibə Azərbaycanın parlaq qələbəsi ilə başa çatmış və 30 ilə yaxın müddət ərzində işğal altında olan torpaqlar azad edilmişdir. Bəli, Ordu ilə bir olan xalq iradə, əzmkarlıq, milli ruh nümayiş etdirərək tarixi ədaləti bərpa etdi.

İki il əvvəl 27 sentyabr tarixində başlayan Vətən müharibəsinin Azərbaycanın tarixi qələbəsi ilə başa çatdı, noyabrın 10-da Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin imzaladıqları üçtərəfli bəyanatla münaqişəyə son qoyuldu, bu, sənədin həmçinin Ermənistanın kapitulyasiya aktı olduğunu, Azərbaycanın öz torpaqlarını işğaldan azad edərək, həm tarixi ədaləti, həm də ərazi bütövlüyünü bərpa etdiyini bütün dünyaya çatdırıldı.

Prezident Cənab İlham Əliyev Vətən müharibəsində şəhidlik zirvəsinə ucalanların ailə üzvlərinə, qüdrətli Azərbaycan Ordusunun hərbçilərinə, qazilərinə daim xüsusi diqqət və qayğı göstərir. Bu qəbildən olan vətəndaşlarımızın sosial müdafiəsinin möhkəmləndirilməsi, o cümlədən mənzil, fərdi ev və avtomobillərlə təmin edilməsi istiqamətində həyata keçirilən kompleks tədbirlər bunun bariz nümunəsi olduğunu göstərir.

Bu şanlı Qələbənin Azərbaycanın dövlətçilik tarixində yeni bir mərhələnin, yeni dövrün başlanğıcıdır, Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu dövr inkişaf, təhlükəsizlik, tərəqqi dövrüdür.

Prezident İlham Əliyevin Şuşa şəhərinə və işğaldan azad olunmuş digər şəhər və rayonlarımıza səfərləri, həmin səfərlər çərçivəsində çox mühüm tədbirlərdə iştirakı, açılış və təməlqoyma mərasimlərinin keçirilməsi bir daha Azərbaycan dövlətinin gücünü və qüdrətini hər kəsə nümayiş etdirir.

Əlbəttə, zaman ötdükcə dövlətimizin və ordumuzun bu tarixi Qələbəsinin bütün tariximizi, milli varlığımızı, dövlətçilik ənənələrimizi, fiziki və mənəvi dünyamızı necə dəyişdiyinin daha çox fərqində olacaq, bunu daha ətraflı dərk edəcəyik. Vətəni canından əziz tutanlar heç vaxt unudulmayacaq.

Müzəffər sərkərdəmiz, Prezident İlham Əliyevin düşünülmüş strategiyası, siyasi iradəsi və qətiyyəti sayəsində Azərbaycan ordusunun canı-qanı bahasına torpaqlarımız işğaldan azad olundu, Azərbaycan Vətən Müharibəsində böyük Zəfər qazandı. Özünün Vətən Müharibəsi ilə Azərbaycan regionda yeni reallıq yaratdı. 44 günlük müharibə Azərbaycanın tam qələbəsi və Ermənistanın kapitulyasiyası ilə nəticələndi.

Prezident cənab İlham Əliyev tərəfindən şəhidlərimizə, onların ailə üzvlərinə və qazilərə olan qayğının hər zaman yüksək səviyyədə olduğu xüsusi qeyd olunmalıdır. Biz Dövlət qayğısını həmişə hiss etmişik. Vətənə böyük sevgiləri olan belə qəhrəmanların ömür yolu gənclərin vətənpərvərlik ruhunun formalaşmasında müstəsna rol oynayır. Qəhrəmanlıqları ilə dastan yazan igid oğullarımızı yad etmək, xatırlamaq, gələcək nəsillərə çatdırmaq hər birimizin üzərinə düşən ən müqəddəs vəzifədir. Azərbaycan tarixinin şanlı səhifəsi olan 44 günlük Vətən müharibəsi nəticəsində 30 illik həsrətə son qoyuldu. Ordumuz işğal altındakı torpaqları düşməndən azad etdi. Tarix yazan qəhrəman Ordumuz, əsgər və zabitlərimiz Azərbaycanın haqq uğrunda mübarizə aparmaq əzmini, əsl döyüş ruhunu bütün dünyaya nümayiş etdirdi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 02 dekabr 2020-ci il tarixli Sərəncamı ilə hər il sentyabrın 27-si Azərbaycan Respublikasında “Anım Günü” kimi qeyd edilməsi qərara alınmışdır.

Hər günü, hər saatı xalqımızın şanlı tarixinə şərəflə, qürurla yazılmış 44 günlük Vətən müharibəsi millətimizin yenilməzliyini və birliyini dünyaya bir daha sübut etdi. 44 günün demək olar ki, hər günündə düşmən üzərində parlaq qələbə qazanaraq ərazilərimiz işğaldan azad edildi, yağı düşmən əzəli və əbədi torpaqlarımızdan qovuldu. Hər gün ordumuz Ermənistanın yaratdığı "güclü ordu” mifini darmadağın edərək kəndləri, qəsəbələri, yüksəklikləri mənfur düşməndən təmizləyib irəli addımladıqca qələbəmizin şərəfinə üçrəngli bayrağımızı azad etdikləri ərazilərdə dalğalandırdılar.

Azərbaycan Ordusu 44 günlük haqq savaşında ilk gündən öz şərəfli missiyasını yerinə yetirdi. Qaraxanbəyli kəndi müharibənin ilk günündə - sentyabrın 27-də azad edildi. Azərbaycan Ordusu məhz buradan öz şərəfli missiyasını icra etməyə başladı və düşməni torpaqlarımızdan qovdu. Bəli, sentyabrın 27-də, elə ilk gündən Azərbaycan ordusunun rəşadəti sayəsində düşmən xeyli itki verərək ərazilərimizdən çəkilməyə məcbur oldu. Başlanğıcda bir sıra kəndlər və strateji nöqtələr azad edildi. Çünki artıq cəbhədə ciddi nizam-intizamlı, müasir silahlarla silahlanmış, dünyanın aparıcı orduları ilə müqayisə edilən, hərbi savadlı və öz tarixi torpaqlarını düşməndən azad etmək hissi ilə alışıb-yanan əsl vətənpərvər ordu döyüşürdü. Düşmənin 30 il ərzində işğalda saxladığı Azərbaycana məxsus torpaqlarda qurduğu müasir hərbi sistemlər və istehkamların çoxluğuna, mürəkkəb coğrafi şəraitə baxmayaraq müharibənin elə ilk günlərindən Azərbaycan ordusu ağlasığmaz uğurlar qazanırdı. Baxmayaraq müzəffər ordumuz təkcə ermənilərlə deyil, Rusiya, Fransa və digər Avropa ölkələrindən gətirilmiş erməni əsilli vətəndaşlarla, PKK terrorçuları ilə, muzdlu peşəkar terrorçularla, eyni zamanda pulsuz əldə etdikləri hərbi texnika və sursatla texniki baxımdan yüksək təmin edilmiş, Rusiya, Fransa, Livan kimi ölkələrdə yüksək xidmət keçmiş müasir hərbi texnikanı mənimsəmiş düşmənlə vuruşurdu. Lakin Azərbaycan xalqının öz dədə-baba torpaqlarını düşmən əsarətindən azad etməsi uğrunda nümayiş etdirdiyi həmrəylik və vahid komandanlıqdan idarə olunan, son illərdə yetişmiş gənc vətənpərvər hərbi heyət qarşısında bunlar bir heç idi.

Baxmyaraq ki, bu gənclərin əksəriyyəti gənc zabit, gizir və əsgərlər ilk dəfə idi ki, həmin coğrafiyada vuruşurdular, ermənilər isə 30 il ərzində işğal etdikləri ərazilərimizə tam, dərindən bələd idilər. Düzgün strategiya, qələbə əzmi, ciddi nizam-intizamlı hərbi taktika və intiqam hissi öz sözünü dedi. Ermənistan ordusu və 30 ilə yaxın bir müddətdə qurulub-yaradılan "sədd” darmadağın edildi.

Azərbaycanın şanlı tarixinə son 200 illik bir tarixdə əldə edilmiş ilk Qələbə yazıldı. Bu qələbənin müəllifləri isə cənab Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və onun son illərdə apardığı uğurlu siyasət sayəsində qurub-yaratdığı şanlı, müzəffər ordusu, bu ordunun əsgərləri, zabitləri oldular. Çünki bu əsgərlər, zabitlər yüksək mənəvi keyfiyyətlərə malik olan əsgərlər idilər. Onlar verilən tapşırıqların peşəkar icrasını təmin etdilər, onlara verilən təlimatı uğurla yerinə yetirdilər.

Bu müharibə - Vətən müharibəsi təkcə şanlı Azərbaycan tarixinə deyil, dünya hərb tarixinə də yazıldı. Bütün dünya güclü Azərbaycan dövlətinin var olduğunu və bundan sonra da var olacağının şahidi oldu.

Tofiq Mirzəyev,
Laçın Rayonu İcra Hakimiyyəti başçısının birinci müavini.
скачать dle 12.1