Bia.Az

İran Zəngəzur dəhlizindən niyə qorxur? - SƏBƏB AÇIQLANDI

Siyasət
 26-09-2022, 12:52     201

"Vətən müharibəsindən sonra sonra Zəngəzur dəhlizi məsələsinin gündəmə gəlməsi İranı səbəbsiz yerə qıcıqlandırdı və çox aqressiv münasibət göstərməsinə səbəb oldu. Buna görə də tez-tez sərhədlərin dəyişdirilməsinə razı olmadığını bəyan edir və bunu özünün "qırmızı xətti" adlandırır":

BİA.AZ xəbər verir ki, bu sözləri Publika.az-a politoloq Samir Hümbətov deyib.

O bildirib ki, İranın öz sərhədləri var və əgər bu dəyişərsə, o zaman "qırmızı xətti" adlandıra bilər:

"Tehran höküməti bu sözü ilə əslində öz ambisiyasını açıq və fərqli şəkildə ortaya qoyur. Fikirləşir ki, əgər dəhliz açılarsa və Azərbaycanla Naxçıvan arasında quru sərhədi və quru yolu formalaşarsa, bu vaxta qədər əldə etdiyi iqtisadi dividentləri itirə bilər. Yəni, ərazisindən keçərək Azərbaycana, Mərkəzi Asiyaya və digər bölgələrə gedən yüklərdən və nəqliyyat vasitələrindən əldə etdiyi gəlirlər əlindən çıxa bilər. Digər məsələ isə ondan ibarətdir ki, Hindistan və İran birgə layihəsi olan, Hindistandan başlayaraq Fars körfəzinə, oradan İrana, Ermənistana çatacaq, sonra isə Gürcüstandan keçməklə Qara dənizə qədər böyük bir ərazidə nəqliyyat marşrutunun yaradılması da gündəmdədir. Tehran elə düşünür ki, əgər Zəngəzur dəhlizi açılarsa, bu marşrut xətti sıradan çıxacaq. Rəsmi Bakı isə, həmişə bütun qonşuların sərhədlərinə hörmətlə yanaşdığını açıq şəkildə bəyan edir".

Hazırda bölgədə siyasi və iqtisadi proseslərin düzgün olmayan bir istiqamətdə getdiyini deyən S.Hümbətov əlavə edib ki, bu gün İran Ermənistanı Zəngəzur dəhlizi ilə məsələlərdən uzaqlaşdırmağa çalışır:

"Bu da bütün proseslərin uzanmasına səbəb olur. Tehran höküməti digər tərəfdən daxili problemlərlə də üz-üzə qalıb. Şəhərlərin bir çoxunda sosial narazılıqlar fonunda böyük ixtişaşlar baş verir. Bu da göstərir ki, vətəndaşlar artıq molla rejiminin daxili siyasəti ilə barışmaq istəmir. Hökumət isə bunu Azərbaycanla qarşıdurma halına gətirib çıxarır və bununla öz nüfuzunu qorumağa çalışdığını göstərmək istəyir. Düşünürəm ki, İranın Azərbaycan əleyhinə təxribat xarakterli fikirlər səsləndirməsi, ölkəmizə qarşı hər hansısa bir formada anti-Azərbaycan siyasəti həyata keçirməsi mənasızdır və heç bir effekti olmayacaq".

Ekspert, İranın Əfqanıstan və İtaliyadakı keçmiş səfiri Əbülfəzl Zöhrəvəndin Naxçıvanla bağlı iddialar səsləndirdiyini xatırladın:

"İranlı diplomat qəfildən Naxçıvanın tamamilə İrana birləşdirilməsini tələb etdi və Naxçıvanin İrana aid olduğunu iddia etdi. Bu adam sadə biri deyil və İran Xarici İşlər Nazirliyinin əməkdaşıdır. Əgər o belə bir söz işlədirsə, mütləq bunun arxasında müəyyən səbəblər var. Belə aydın olur ki, artıq rəsmi Tehranın siyasi dairələrində belə fikirlər səsləndirilir və özünü belə büruzə verir. Bu gün Naxçıvan təbii qazı İrandan alır. Bu gün muxtar respublikanın blokadada olması Tehran üçün daha vacib və cəlbedicidir. Buna görə, blokadanın daha uzun müddət davam etməsini istəyir və Zəngəzur dəhlizinin açılmasına etiraz edir. Bilir ki, dəhliz açılsa, Naxçıvan blokadadan çıxacaq və yeni dəhliz vasitəsilə təbii qazı və elektrik enerjisini Azərbaycandan alacaq. Bu da İrana olan tələbatın və marağın azalmasına səbəb olacaq. Tehran da bunun qarşısını almağa çalışır".


скачать dle 12.1