Bia.Az

DÖRDÜNCÜ BRÜSSEL GÖRÜŞÜNÜN NƏTİCƏLƏRİ

KÖŞƏ YAZARLARI
 2-09-2022, 13:33     615

Ayşən Aslan-Məmmədli,
Bakı Dövlət Universitetinin müəllimi

Azərbaycan və Ermənistan arasında sülh prosesində Rusiya ilə bərabər vasitəçilik missiyasını yerinə yetirən Avropa İttifaqı bü günə kimi iki ölkə lideri arasında dörd dəfə birbaşa danışıqları təşkil etmişdir.

Əvvəla onu qeyd edək ki, bu danışıqları təşkil etməkdə rəsmi Brüsselin əsas hədəflərindən biri regionda davamlı sülhə nail olmaqdırsa, digəri Rusiyanın bu prosesdə inhisarçı mövqeyini zəiflətməkdir. Onu da əlavə etmək istərdim ki, Azərbaycan da Aİ – nın vasitəçilik təşəbbüslərinə müsbət yanaşır və bu barədə ölkə başçısı da daxil olmaqla rəsmilərimiz dəfələrlə açıqlama veriblər. Avqustun 31-də baş tutan görüşə kimi, Aİ - nın vasitəçiliyi ilə 2021-ci ilin dekabrında, 2022-ci ilin aprel və may aylarında Brüsseldə iki ölkə liderinin danışıqları təşkil olunub və bu danışıqlarda sülh sazişinin hazırlanması, kommunikasiyaların açılması, sərhədlərin delimitasiyası və humanitar məsələlər müzakirə olunaraq, bu mövzularda müəyyən razılaşmalar əldə olunub. Təəssüf ki, həmin razılaşmalar Ermənistanın qeyri – konstruktiv mövqeyi səbəbindən hələ də həyata keçirilməmiş qalıb və yaxud da proses ləng gedir. Belə bir vəziyyətin mövcudluğu isə regionda gərginliyin permanent olaraq qalmasında böyük rol oynayır. 2 gün əvvəl baş tutan Brüssel görüşündə, danışıqlar prosesinin əvvəldə də qeyd etdiyimiz əsas istiqamətləri üzrə danışıqlar aparılıb və müəyyən razılaşmalar əldə olunub. Aİ Şurası prezidenti Şarl Mişel əldə olunan razılaşmaları belə sıralayıb: 

“Sülh razılaşması
Bu gün biz Ermənistan və Azərbaycan arasındakı dövlətlərarası münasibətləri nizamlayan sülh müqaviləsinin irəliləməsi istiqamətində substantiv işin sürətləndirilməsi ilə bağlı razılığa gəldik və xarici işlər nazirlərinə layihə mətnlərinin hazırlanması üçün bir ay ərzində görüşmək barədə tapşırıq verdik.

Humanitar məsələlər
Biz, həmçinin humanitar məsələlər, eləcə də minaların təmizlənməsi, əsirlər və itkin düşmüş şəxslərin taleyi barədə ətraflı müzakirələr apardıq. Avropa İttifaqı bu məsələlərlə məşğul olmaqda davam edəcək.

Sərhəd məsələləri
Biz sərhədlərin delimitasiyasına dair bütün məsələlərlə bağlı əldə olunmuş irəliləyişləri və sabit vəziyyəti daha yaxşı təmin etməyi nəzərdən keçirdik. Biz Sərhəd Komissiyasının növbəti iclasının noyabrda Brüsseldə keçirilməsi ilə bağlı razılığa gəldik.
Kommunikasiya

Biz nəqliyyat xətlərinin açılması ilə bağlı şərtlərin müzakirəsində əldə olunmuş nəticələri nəzərdən keçirdik. Bütün bu müzakirələrlə qeyd etmək istəyirəm ki, hər iki tərəfin əhalisini uzunmüddətli və davamlı sülhə hazırlamaq vacibdir. Bu istiqamətdə ictimai mesaj çox əhəmiyyətlidir – bu cür həssas situasiyada digər tərəf ictimaiyyətdə danışılan hər bir sözü həqiqətən eşidir və qiymətləndirir.
Avropa İttifaqı uzunmüddətli və davamlı sülh istiqamətində öz dəstəyini bundan sonra da göstərməyə hazırdır. Avropa İttifaqı hər iki ölkənin və onların əhalisinin rifahı naminə iqtisadi inkişafın irəliləyişinə təkan verməyə davam edəcək.
Biz noyabrın sonunda yenidən bu formatda görüşməklə bağlı razılığa gəldik”.
Ermənistan və Azərbaycan arasında həyata keçirilən danışıqlar prosesində, o cümlədən də, 31 avqustda Brüsseldə reallaşdırılan görüşdə müsbət dəyərləndirdiyimiz digər məqam diplomatik gündəliyin ölkəmiz tərəfindən müəyyənləşdirilməsidir. Rusiyanın və Aİ – nın vasitəçiliyi ilə həyata keçirilən danışıqlar prosesində Ermənistanın cəhdlərinə baxmayaraq həm status, həm də ATƏT-in Minsk Qrupunun fəaliyyətinin bərpa olunması məsələsinin müzakirələrdən və qəbul olunmuş sənədlərdən çıxarılması təqdirəlayiq hal hesab olunmalıdır. Bu fakt həm də onu təsdiq edir ki, 44 günlük Vətən Müharibəsində böyük qələbə qazanan ölkəmiz diplomatik danışıqlarda da üstünlüyünü qoruyub saxlayır.
31 avqustda keçirilən Brüssel görüşündə də ölkə başçımız məhz hərbi, siyasi-diplomatik, psixoloji üstünlüklə iştirak etmişdir. Avqustun əvvəllərində ordumuz tərəfindən keçirilən uğurlu “Qisas” əməliyyatı da danışıqlar prosesində mövqelərimizi xeyli gücləndirib.
Son olaraq, onu da qeyd etmək istərdim ki, 31 avqustda keçirilən Brüssel görüşündə böyük nəticələr əldə olunmasa da, sülh quruculuğu prosesində müsbət dinamikanın, müəyyən irəliləyişlərin olduğu müşahidə olunur.скачать dle 12.1