Bia.Az

Zəngəzur dəhlizi üçün kritik görüş: Tərəflər Brüsseldə razılığa gələcək?

Siyasət
 25-08-2022, 22:02     215

Avqustun 31-də Avropa Şurasının prezidenti Şarl Mişelin dəstəyi ilə Azərbaycan və Ermənistan liderləri İlham Əliyev və Nikol Paşinyanın növbəti görüşü Brüsseldə baş tutacaq.

Bu barədə məlumatı Ermənistan hökuməti də KİV-ə açıqlamasında təsdiqləyib. Görüşün Şarl Mişelin iştirakı ilə üçtərəfli formatda keçiriləcəyi bildirilir. Qeyd edək ki, avqustun 19-da Brüsseldə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev və Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşüb. Müzakirələr Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toyvo Klaarın vasitəçiliyi ilə baş tutub. Hikmət Hacıyevlə Armen Qriqoryanın Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri arasında keçiriləcək görüşün detalları ilə bağlı bir sıra məsələləri razılaşdırdığına dair məlumat yayılıb.

Hətta ekspertlər Brüssel görüşündə Zəngəzur dəhlizinin açılmasına dair razılaşmanın əldə olunacağını da istisna etmir. Avqustun 30-da isə Moskvada Azərbaycanın və Ermənistanın Baş nazirlərinin müavinləri səviyyəsində sərhədlərin delimitasiyasına dair birgə işçi komissiyanın iclası keçiriləcək. Şahin Mustafayev və Mher Qriqoryan bir sıra məqamlar üzrə ortaq məxrəcə gəlsə, bu məsələ bir gün sonra Brüsseldə hər iki ölkənin liderlərinin danışığında təsdiqlənə bilər.

Bia.az-ın məlumatına görə, Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə Cebhe.info-ya açıqlamasında bildirib ki, Ermənistan tərəfi may ayında Brüsseldə keçirilən görüşdə əldə olunan razılaşmaları yerinə yetirməkdən yayınırdi. Lakin Azərbaycanın "Qisas" hərbi əməliyyatını keçirməsi Ermənistanı razılaşmaları yerinə yetirməyə məcbur edib:

“Moskva yeni bir görüş təşkil etməyə çalışırdı. Bu minvalla Vladimir Putin Nikol Paşinyana bir neçə dəfə telefon edərək son situasiyanı müzakirə edib. Xüsusilə, razılaşmaların icrası ilə bağlı fikir mübadiləsi aparılıb. Nikol Paşinyan Rusiyanın siyasətindən narazıdır və ona görə də görüşün Moskvanın təşəbbüsü ilə keçirilməsində maraqlı deyil. Halbuki, görüş Moskvada planlaşdırılmışdı. Göründüyü kimi, Ermənistan Moskvanı deyil, Brüsseli seçdi. Azərbaycan üçün fərqi yoxdur, ya Moskva olsun, ya Brüssel. Əsas odur ki, Ermənistan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsin”.

Bundan əlavə, Cənubi Qafqazda Rusiya ilə Avropa İttifaqı artıq nüfuz mübarizəsinə start verib və burada Ermənistan strateji müttəfiqini deyil, Brüsselə üstünlük verir:

“Ermənistan Rusiya buxovundan qurtarmaq üçün Brüsselin vasitəçiliyinə önəm verir. Brüsseldə keçiriləcək görüşdə Azərbaycan tərəfi razılaşmaların yerinə yetirilməsini tələb edəcək. Eləcə də Zəngəzur dəhlizinin açılması, sərhədlərin delimitasiya və demarkasiyası, sülh müqaviləsinin bağlanması istiqamətində atılacaq addımlar müzakirə ediləcək. Ola bilər ki, Azərbaycan tərəfi bir neçə erməni hərbçini qarşı tərəfə qaytarsın”.
скачать dle 12.1