Bia.Az

Qarabağda bundan sonra NƏ BAŞ VERƏCƏK?

Siyasət
 25-08-2022, 21:49     211

“Laçınla bağlı problemin həllindən sonra 10 noyabrda imzalanmış razılaşmanın şərtlərinin yerinə yetirilməsi istiqamətində işlər görülməlidir. Bundan sonrakı addım Azərbaycan ərazilərində olan Ermənistan silahlı birləşmələrinin qalıqları və onunla bağlı olan qondarma “Artsax” silahlı dəstələrinin ərazimizdən çıxarılması olmalıdır”.

BİA.AZ xəbər verir ki, bunu Reyting.az-a siyasi analitik Oqtay Qasımov deyib.

Siyasi analitik bildirib ki, digər məsələlər - sərhədlərin delimitasiya və demarkasiyası, kommunikasiyaların açılması da gündəmdə saxlanmalıdır:

“İndi yayılan qeyri-rəsmi məlumatlara görə, ayın sonunda Brüsseldə üçtərəfli görüş keçirilməlidir. Düşünürəm ki, Azərbaycanın dövlət başçısı bu məsələləri gündəmə gətirib, Ermənistan qarşısında sərt şəkildə qoyacaq. Əslində üçtərəfli razılaşmanın həyata keçirilməsi üçün görülməli olan xeyli işlər var. Bunlardan biri də keçmiş Dağlıq Qarabağ vilayətinin ərazisində yaşamış azərbaycanlıların geri qaytarılmasıdır. O cümlədən həmin ərazilərdə yaşayan ermənilərin Azərbaycana inteqrasiya prosesi aparılmalıdır. Azərbaycan vətəndaşlığını qəbul edənlər Azərbaycanın verdiyi hüquqlardan istifadə edə biləcək. Yəni onların Azərbaycan dövlətinin təminatı altına alınması məsələsi var. Bununla bağlı addımlar atılmalıdır”.

O. Qasımov bir neçə gün əvvəl “Meliorasiya və Su Təsərrüfatı” Səhmdar Cəmiyyəti nümayəndələrinin Sərsəng su anbarına baxış keçirməsi, orada qondarma və separatçı quruluşun nümayəndələri ilə məsələlərin birgə müzakirəsinə də diqqət çəkərək qeyd edib ki, əslində bu, reinteqrasiya istiqamətində atılan addım sayıla bilər.

Müsahibimiz əlavə edib ki, əlində silah tutan hər bir erməni Azərbaycan ərazisini tərk etməli, cinayət törətmiş şəxslər isə ədalət məhkəməsi qarşısında cavab verməlidir:

“Proseslər ağırlı və ləng ola bilər, amma dediyimiz istiqamətdə olacaq. Çünki başqa yol yoxdur”.

O. Qasımov sonda diqqətə çatdırıb ki, artıq Zəngəzur dəhlizi məsələsi də aktuallaşacaq: “İndi Laçın dəhlizinə alternativ yol açılır. Onun statusu necə olacaqsa, Zəngəzur dəhlizinin statusu da elə olacaq. Bunlar bir-birinə bağlı məsələlərdir”.
скачать dle 12.1