Bia.Az

Deputat AZAL-ı TOPA TUTDU - "O şirkətləri Azərbaycana buraxmırlar"

Siyasət
 24-08-2022, 16:39     238

"Ucuz bilet satan aviaşirkətlərin Azərbaycanda fəaliyyət göstərməsinə şərait yaradılmır”.

BİA.AZ Qaynarinfo-ya istinadla xəbər verir ki, bunu Milli Məclisin deputatı Razi Nurullayev quru sərhədlərin açılmamasından danışarkən deyib. Deputatın sözlərinə görə, Turizm Agentliyi əlindən gələni edir ki, Azərbaycana daha çox turist gəlsin:

"Ölkəmiz turizm sahəsindən daha çox pul qazansın, onların da başları uca olsun. Hər bir məmur bunu istəyər, onlar da. Sadəcə olaraq, Azərbaycana gələn turistlər üçün xərclər kifayət qədər baha başa gəlir. Bu da təyyarə biletləri ilə əlaqədar məsələdir. İnsanlar Azərbaycana gəlmək üçün təyyarə biletinə xeyli pul xərcləməli olurlar. AZAL-ın biletləri çox bahadır. Bunu hər zaman tənqid edirik, edəcəyik də. Təbii ki, ucuz təyyarə biletləri də var. Amma ucuz təyyarə biletlərini satan şirkətlərin Azərbaycanda fəaliyyət göstərməsi üçün doğru-düzgün şərait yaradılmır. Azərbaycana gələn turistlər təyyarə biletinə az pul xərcləsələr, ölkəyə turist axını daha çox olar. Turizm Agentliyinin təyyarəsi yoxdur ki, özü turistləri yığıb bura gətirsin”.

Deputat bildirib ki, təkcə Azərbaycanda deyil, artıq bütün dünyada turizm qiymətləri artıb:

"Hətta əvvəllər orta gəlirli azərbaycanlının bileti, beşulduzlu oteldə yeddi günlük dincəlməsi 3-4 min dollara başa gəlirdisə, indi ən azı 9-10 minə başa gəlir. Türkiyədə də, Rusiyada da, başqa ölkələrdə də qiymətlər artıb. Bu, pandemiyadan sonra belə oldu. Ədalətli danışsaq, artıq Bakıda turistləri görməyə başlamışam”.

Razi Nurullayev təəssüf hissi ilə qeyd edib ki, Azərbaycanda qiymətlərin baha olması məsələsi, gündəmdən çıxır:

"Azərbaycanla bərabər qonşu ölkələrdə də turizm qiymətləri həddən artıq bahadır, bunun da səbəbi həmin ölkələrə təyyarə biletlərinin baha olmasıdır. Əlavə olaraq, turizm xidmətləri də iki dəfə bahalaşıb. Belə düşünürəm ki, get-gedə Azərbaycanda istirahət etmək daha çox sərf edəcək”.

Deputat həmçinin turizm sahəsində bəzi çatışmazlıqların da olduğunu vurğulayıb:

"Azərbaycanda xidmət səviyyəsinin yüksəldilməsinə ehtiyac var. Xarici turistlərin Azərbaycana gəlməsi üçün paket şəklində tur xidmətlərinə təlabat böyükdür. Bu məsələlər qaydasına düşsə, ölkəmizə gələn turistlərin sayını artıra bilərik. Turistlərin sayı həm də quru sərhədlərinin pandemiya səbəbindən bağlı olmasına görə azdır. Sərhədlər açıq olsaydı, Türkiyədən, Gürcüstandan, Rusiyadan, hətta İrandan turistlər gələrdi. Bu, bəlkə də, turizm sənayesinin 60-70%-ni təşkil edərdi. Bunu da nəzərə almaq lazımdır”.
скачать dle 12.1