Bia.Az

Əfşar Süleymaninin də “dili açılıb” - “Özünü Azərbaycanın dostu kimi göstərirdi, amma...”

Siyasət
 24-08-2022, 16:35     271

“Türkmənçay və Gülüstan müqavilələri imzalananda İran dövləti mövcud olmayıb”. DİA.AZ xəbər verir ki, politoloq Natiq Miri İranın Azərbaycandakı keçmiş səfiri Əfşar Süleymaninin şovinist açıqlamasını Cebhe.info-ya şərh edərkən belə deyib.

Qeyd edək ki, İrandan idarə olunan “Nardaran313” “Telegram” kanalı Əfşar Süleymaninin Zəngəzur dəhlizinin açılması ilə bağlı fikirlərini dərc edib.

“Mən arzu edirəm ki, İrana məxsus olan, “Gülüstan”, “Türkmənçay”, “Axal” və s. anlaşmalar əsasında İrandan ayrılan bütün torpaqlar yenidən İrana birləşdirilsin. Amma bu fikirlər indiki beynəlxalq sistemdə yuxu kimi bir şeydir, xüsusən də İran kimi bir ölkə üçün. Milli maraqları təmin etmək üçün müsbət ideyalara, planlara ehtiyac var. Mənfi addımlar baha başa gəlir və istənilən nəticəni vermir. Nüvə sazişinin bərpası uğursuz olarsa, Amerika və müttəfiqlərinin düşündüyü planlardan biri də İranı ukraynalaşdırmaqdır və bu yöndə belə planlardan istifadə etmək olar”, - keçmiş səfir belə deyib.

Sabiq səfirin fikirlərinə cavab olaraq Natiq Miri hesab edir ki, Əfşar Süleymani belə açıqlama verməklə özünün əsl xislətini nümayiş etdirib:

“Əfşar Süleymani belə açıqlamalar verməklə özünün əsl, iç üzünü göstərir. O, dünənə qədər özünü Azərbaycan xalqının və dövlətinin dostu kimi qələmə verirdi. Ancaq İranın maraqları tələb etdiyi halda Azərbaycan xalqının və dövlətinin əleyhinə hər cür hədyanlar yağdırır. İkincisi, “Türkmənçay” və “Gülüstan” müqavilələri imzalananda, İran adlı dövlət mövcud olmayıb. Həmin ərazilər Azərbaycan torpaqlarıdır. İran dövləti XX əsrin əvvəllərində yaradılıb. Bir dövlətin digərinə birləşməsi üçün həmin ölkə başqa xalqlar üçün ən azı cəlbedici olmalıdır. Qondarma İran dövləti nə İslam adına, nə mədəniyyətinə görə, nə inkişafına və idarəçiliyi baxımından cəlbedicidir. Belə olduğu təqdirdə, inkişaf etmiş Azərbaycan dövləti İran kimi arxaik, geridə qalmış bir dövlətlə necə birləşə bilər?”

Həmsöhbətimizin fikrincə, son zamanlar yalnız Əfşar Süleymani və İranda fəaliyyət göstərən diplomatik korpusun nümayəndələri deyil, müxtəlif təbəqələrin təmsilçiləri Azərbaycana qarşı hər cür açıqlamalar verirlər:

“Bu da iki dövlət arasındakı münasibətlərə gərginlik gətirir. Ona görə də bu cür məsələlərdən uzaq olmaq lazımdır. Azərbaycan və İran qonşu dövlətlərdir. Nə Azərbaycan, nə İran regiondan köçüb gedəcək. Azərbaycan inkişaf etdikcə, İran mənfi mənada geriyə doğru addımlayır. İranın sınıq-salxaq ordusu ilə Azərbaycan, Türkiyə kimi birgə gücə malik dövləti özünə tabe edib birləşdirməkdən söhbət gedirsə, bu, Rusiyanın üç gündə Ukraynanı özünə tabe etməsinə bənzəyir. Altı ay ötməsinə baxmayaraq, Rusiya Ukrayna cəbhəsində geri saymaqda davam edir. Eyni zamanda, 44 günlük müharibə zamanı Azərbaycan əsgəri öz qüdrətini göstərdi. Məncə, bu, yalnız Ermənistana deyil, həm də İrana fars şovinizminə bir dərs olmalıdır”.
скачать dle 12.1