Bia.Az

Ruslar Qarabağda Azərbaycanı DURDURA BİLMƏZ... - ŞƏRH

Siyasət
 24-08-2022, 16:32     255

Son zamanlar Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilmiş Rusiya Sülhməramlı Qüvvələrinin hərbi kontingenti ilə Azərbaycan hakimiyyəti arasında münasibətlər getdikcə düzəlməyə başlayır.

Belə ki, Azərbaycanın bölgədə apardığı “Qisas” antiterror əməliyyatlarında sülhməramlıların səssiz qalması ilə yanaşı, Laçından köçən ermənilərin ərazilərimizdə törətdikləri yanğınların qarşısını almaqda həmin kontingentin müəyyən fəaliyyətinin şahidi olduq.

Habelə ötən gün Meliorasiya və Su Təsərrüfatı ASC-nin əməkdaşlarının Sərsəng su anbarına baxış keçirməsində onları müşayiət edən sülhməramlılar bu gün Laçındakı postları sökməsi də artıq onların Azərbaycan hakimiyyəti ilə hesablaşmağa məcbur qaldıqlarını göstərir.

Belə jestlərin göstərilməsinə səbəb nədir? Bu, nəyə hesablanıb? Belə hesab etmək olarmı ki, sülhməramlılar artıq Azərbaycanın diktə etdiyi qaydalarla razılaşırlar?Dia.az-ın məlumatına görə, yenisabah.az-a danışan Milli Məclisin deputatı Tahir Mirkişili deyib ki, 2020-ci ilin 10 noyabrında Azərbaycanın qələbəsi regionda söz sahibini birdəfəlik müəyyən etdi:

“Hazırda regionda bütün hərbi əhəmiyyət daşıyan yüksəkliklər, strateji mövqelər, iqtisadi imkanlar tam Azərbaycanın nəzarətindədir, eləcə də bölgədə yüksək səviyyədə hazırlanmış və təchiz olunmuş 100 minlik ordumuz var. Bütün iqtisadi imkanlar da bizdən asılıdır. Bütün bunlar milli maraqlarımızı təmin etmək üçün həlledici amillərdir”.

Millət vəkili bəyan edib ki, maraqlarımız onsuz da addım-addım təmin olunur:

“Azərbaycan ərazisində müvəqqəti yerləşən Rusiyanın sülhməramlı qüvvələri də ölkəmizin beynəlxalq hüquqa əsaslanan, yeni reallıqlara söykənən milli maraqlarına mane ola bilməzlər, çünki bu, onların heç missiyası da deyil. Əminəm ki, onlar da bunu anlayır, hətta bu missiyanı bəzən tam yerinə yetirməsələr belə”.

Müsahibimiz əlavə edib ki, ərazimizin erməni terrorçularından təmizlənməsi bizim daxili işimizdir:

“Ona görə də son zamanlar sülhməramlıların əsl görməli olduqları işlərə daha çox istiqamətlənmələri təqdirəlayiq haldır. Ümid edirik ki, onların belə fəaliyyəti regionda sülhün möhkəmlənməsinə, terrorçuların ərazilərimizdə qalmamasına yardım edəcək”.

“Amma bir məsələni daim bilmək lazımdır ki, regiondakı bütün qüvvələri beynəlxalq qanunlara uyğun fəaliyyət göstərməyə, o cümlədən bizim milli maraqlarımıza hörmətlə yanaşmağa məcbur edən yeganə qüvvə Azərbaycan Prezidenti cənab İlham Əliyev və onun komandanlıq etdiyi Azərbaycan Ordusudur. Biz addım-addım, sökə-sökə milli maraqlara söykənən istəklərimizə hökmən nail oluruq və olacağıq da”, - T. Mirkişili yekunlaşdırıb.
скачать dle 12.1