Bia.Az

İmran Xana terrorçuluq ittihamları irəli sürülüb - Pakistanda siyasi vəziyyət gərginləşir

Siyasət
 22-08-2022, 13:17     199

Pakistanda polis keçmiş Baş nazir İmran Xana qarşı terrorçuluq ittihamları irəli sürüb.

"AzPolitika.info" "Azadlıq" radiosuna istinadla xəbər verir ki, bu ittihamlar irəli sürülməzdən öncə Xan İslamabaddakı çıxışında polis əməkdaşları və hakimə qarşı iddia qaldıracağını deyib, yaxın müttəfiqinin həbs olunaraq işgəncəyə məruz qaldığını iddia edib.

Xanın müxalifətdə olan Tehriki-İnsaf partiyasının internetdə yaydığı videolarda tərəfdarlarının keçmiş Baş nazirin həbs olunmaması üçün onu evədək müşayiət etdiyi görünür. Avqustun 22-də səhər yüzlərlə tərəfdarı evin ətrafında olub.

Xanın siyasi müşaviri Şahbaz Gill bu ayın əvvəlində vətənə xəyanətdə ittiham edilərək saxlanıb. O, əsgərləri və zabitləri hərbi rəhbərliyin qanunsuz göstərişlərini yerinə yetirməkdən imtinaya çağırmışdı. Pakistan qanunvericiliyində vətənə xəyanətə görə ölüm cəzası nəzərdə tutulur.

Xatırladaq ki, 2018-ci ildə hakimiyyətə gələn Xan apreldə etimadsızlıq səsverməsi nəticəsində hakimiyyətdən getməli olub. Ölkədə artan inflyasiya və iqtisadi çətinliklər fonunda müxalifət onu iqtisadiyyatı düzgün idarə etməməkdə suçlayıb.

Avqustun 21-də Xan hökuməti onun siyasi tədbirdə çıxışının canlı yayımını önləmək üçün YouTube şəbəkəsini müvəqqəti bloklamaqda ittiham edib. Xan yeni seçkiyə hazırlaşır, ölkə boyunca toplantılarda çıxışlar edir. “Faşist idxalı olan hökumət çıxışımın ortasında YouTube-u blokladı”, – Xan Twitter-də yazıb. Avqustun 20-də hakimiyyəti Xanın çıxışının xəbər kanallarında canlı yayılmasını qadağan edib və qadağa dərhal qüvvəyə minib. Onun yazılı çıxışı isə yayımlana bilər.

Pakistanın elektron Medianı Tənzimləyici Orqanı avqustun 20-də bəyanatında bildirib ki, Xanın çıxışları hüquq və asayişin saxlanmasına ziyan vura, ictimai sülh və dincliyi poza bilər.скачать dle 12.1