Bia.Az

"Sülhməramlı niyə dığanın qulağından tutub demir ki..." - Laçında təkrarlanan cinayət

Siyasət
 17-08-2022, 10:57     204

Məlum olduğu kimi, işğal dövründə Laçında məskunlaşdırılmış ermənilərə bölgəni tərk etməsi üçün avqustun 25-dək vaxt verilib. Laçın şəhərindən yan keçən yolun istifadəyə verilməsi ilə şəhəri və Zabuxla Sus kəndlərini tərk etməli olan ermənilər artıq evakuasiya işlərinə başlayıblar. Sosial şəbəkələrdə Laçını tərk edən ermənilərin vəhşiliklərini əks etdirən video yayıb. Görüntülərdə ermənilərin Laçındakı kilsəyə zərər vurması əks olunub. Ermənilər ibadət evinin üzərindəki xaç ornamentlərini sökürlər.

Başqa bir videoda isə bir erməninin evi benzinlədiyi və od vurduğu görünür. Bununla yanaşı, düşmən Laçındakı meşələrə də od vurub.

Qeyd edək ki, bundan öncə də erməni vandallığını əks etdirən onlarla görüntü yayılmışdı. Vətən müharibəsindən sonra Kəlbəcəri tərk edərkən ermənilər tarixi abidələrə ziyan vurur, qoyub getdikləri evləri belə yandırırdılar. Bu dəfə Ermənistan ermənilərə çıxarkən evləri yandırmamağı, mənzillərə od vurmayanlara pul mükafatı vəd ediblər. Bir çox erməni pul müqabilində Kəlbəcərdəki əməlləri təkrarlamasa da, içərisindən mənfur niyyətini həyata keçirənləri də az deyil. Eyni zamanda, nadir ağacların olduğu meşəliklərin yandırılması halı yaşanır ki, bu, bütün yerli və beynəlxalq hüquqa ziddir.

"Son günlər Laçın və Xocalı meşələrinə ermənilər tərəfindən od vurulmasını nümayiş etdirən görüntülərdə əks olunanları qətiyyətlə pisləyir və bu hərəkətləri təbiətə qarşı cinayət və ekoloji terror kimi qiymətləndiririk", - deyən ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev bildirib ki, Ermənistanın Azərbaycana qarşı ekoloji terrorunun, təəssüf ki, bu gün də davam etməsinin şahidiyik. Bu, düşmənin ekoloji terroru davam etdirdiyini göstərir.

“Azərbaycan ərazilərində qeyri-qanuni məskunlaşmış ermənilər təkcə xalqımıza qarşı deyil, eyni zamanda, təbiətimizə və təbii sərvətlərimizə, bütövlükdə isə bəşəriyyətə qarşı ekoloji terror aktını həyata keçirməkdə davam edirlər. İşğal dövründə Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Şuşa meşələrini yandırmaqla kifayətlənməyən ermənilərin, indi də Xocalı və Laçın ərazisindəki meşə ərazilərimizi yandıraraq ətraf mühitə qəsdən zərər vurması, bu ərazilərin onlara məxsus olmadığını göstərməklə bərabər, təbiətə düşmən münasibətin birbaşa təsdiqidir”, - deyə F.Əliyev vurğulayıb.

Nazir müavini bildirib ki, qeyd olunan hadisə daha detallı araşdırılacaq və mövcud faktlar beynəlxalq hüquqa müvafiq olaraq qiymətləndiriləcək.

Azərbaycan Baş Prokurorluğunda isə ermənilərin Laçın və Xocalıda törətdiyi yanğınlarla bağlı cinayət işi başlanılıb. Qurumdan bildirilib ki, bir sıra media və sosial şəbəkə səhifələrində Azərbaycanın Laçın, Xocalı və digər rayonlarında ekoloji mühiti çirkləndirməklə ekosistemə zərər vurmaq məqsədilə müxtəlif yandırıcı material və maddələrdən istifadə edilərək meşələrin, yaşayış evlərinin yandırılmasını əks etdirən videogörüntülər və fotolar yayılıb: “Yayımlanan məlumatlarla bağlı Baş Prokurorluğun İstintaq idarəsi tərəfindən dərhal araşdırmalara başlanaraq həmin cinayətlərin kimlər tərəfindən törədilməsinin müəyyən edilməsi istiqamətində müvafiq prosessual hərəkətlər yerinə yetirilib. İlkin araşdırmalarla həmin yanğın hadisələrinin Azərbaycan Respublikasının Laçın, Xocalı rayonlarının ərazisində törədilməsi və qısa müddətdə yanğınların lokallaşdırılaraq ətraf ərazilərə yayılmasının qarşısının alınması müəyyən edilib".

Qeyd olunan faktlarla bağlı İstintaq idarəsində Cinayət Məcəlləsinin 282.1 (təxribat) və 186.2.2-ci (yandırmaqla və ya başqa ümumi təhlükəli üsulla özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə) maddələri ilə cinayət işi başlanmaqla hazırda təxirəsalınmaz istintaq hərəkətlərinin icrası davam etdirilir.

"Azərbaycan Respublikasının ərazilərində “Canlı təbiətin və təbii mühitin qorunması haqqında” 1979-cu il tarixli Avropa konvensiyanın tələblərini kobud şəkildə pozaraq ətraf mühitə qəsd edən geniş, uzun sürən və ciddi ziyan vurmaq məqsədilə təbii sərvət hesab edilən qiymətli və çoxillik ağacları olan meşələri qəsdən məhv etməklə ekoloji terror törədənlərin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb edilməsi istiqamətində qanunamüvafiq bütün tədbirlər görüləcək”, - deyə məlumatda vurğulanıb. Dia.az-ın məlumatına görə, politoloq Qabil Hüseynli AYNA-ya düşmənin ekoloji terrorunun qarşısının alınması yollarından danışarkən deyib ki, erməni vandallarının vəhşiliyi nəticəsində yurdlarımız, rayon və kəndlərimiz tamamilə dağıdılıb, xarabalığa çevrilib: "30 il müddətində ermənilər Azərbaycana qarşı hərtərəfli terroru davam etdiriblər. İnsanlarımız soyqırımına məruz qaldı, ərazilərimiz işğal edildi, şəhərlərimiz-kəndlərimiz dağıdıldı, tarixi abidələrimiz məhv edildi, xalqımıza məxsus izlərin silinməsinə cəhdlər göstərildi. Eləcə də, ermənilər işğal müddətində ekoloji terrorlarını davam etdirdilər. İllərlə çaylarımız zəhərləndi, meşələrimizdə ağaclarımız kəsildi, yandırıldı. İndi ərazilərimiz işğaldan azad olunub, biz bərpa quruculuq işləri həyata keçiririk. Lakin azad olunmamış ərazilərimizdə terrorçular yenidən terror əməllərini davam etdirirlər. Bunun qarşısı mütləq alınmalıdır".

Analitik xatırladıb ki, Kəlbəcərdən çıxarkən də onlar bu cür mundar əməlləri həyata keçiriblər: "İndi Laçından və kəndlərindən çıxarkən əməllərini təkrarlayırlar. Bu, xəstə təfəkkürlü xalqın nümayəndələrinin edə biləcəkləridir. Evləri yandırırlar, meşələri yandırırlar... O şəxslər Azərbaycan qanunları qarşısında cavab verməlidirlər və yəqin ki, verəcəklər. Artıq məsələ ilə bağlı cinayət işi açılıb. Zamanı gəldikdə onların məsuliyyətə cəlb etmək mümkün ola bilər".

"Mənə də, Azərbaycan ictimaiyyətinə də maraqlıdır - Rusiyanın sülhməramlı adı altında bölgəyə yerləşmiş hərbi kontingenti niyə bunun qarşısını almır? Axı bizim nəzarətimizə keçənə qədər həmin ərazilər sülhməramlı deyilənlərin məsuliyyət zonasıdır. Dığa evi, meşəni yandıranda rus əsgəri niyə qulağından tutub demir ki, bunu etmək olmaz?", - deyə Hüseynli ritorik sual ünvanlarıb.

Politoloq güman edir ki, ya sülhməramlılar ermənilərin belə etmələrində maraqlıdırlar, ya da üzərlərinə düşən işin öhdəsindən gələ bilmirlər: "Bunun başqa adı yoxdur. Belə halların yaranmasının qarşısını almaq ilk növbədə Rusiya hərbi kontingentinin işidir. Əsas məsələ isə ondan ibarətdir ki, ermənilər Laçını tərk edirlər. Lakin mənfurluqlarından qalmırlar, bu cür murdar əməllər törədirlər, Azərbaycana ziyan vururlar. Buna Rusiya, ümumiyyətlə, beynəlxaql aləm mənfi münasibətini bildirməlidir. Çünki bu, təkcə Azərbaycanın yox, regional dövlətlərin, dünyanın məsələsidir. Çünki faktiki olaraq bunlar ekoloji terrorla məşğuldurlar. Qafqazın zəngin flora və faunası Azərbaycan ərazilərindədir, Qarabağdadır. meşələri yandırmaqla onlar nadir ağacları məhv edirlər, oradakı heyvanları məhv edirlər. Dünyanın ekoloji təşkilatları buna sərt münasibət göstərməlidir".
скачать dle 12.1