Bia.Az

Elşad Abdullayev sanki elə İnterpola sığınıb

Siyasət
 15-08-2022, 15:25     266

İnterpol 1923-cü ildə Vyanada beynəlxalq cinayət polisi komissiyası kimi təşkil olunmuş qurumdur. Qurumun qüvvədə olan Nizamnaməsi 1956-cı ildə qəbul edilib. İnterpolun üzvü olan 200-ə yaxın ölkələrdə milli mərkəzi bürolar yaradılıb. Daimi iqamətgahı Fransanın Lion şəhərindədir.

Yerli büroya məlumat daxil olduğu zaman həmin informasiyanı müvafiq dövlətin Daxili İşlərinə Nazirliyinə çatdırılır. Nazirlik isə İnterpolun təqdimatı üzrə ya kimisə həbs edir, ya da müvafiq qaydada addımlar atır. Bundan sonra ekstradisiya hadisəsi başlayır. Buna isə məhkəmə nəzarət edir.

İnterpol həbsin həqiqiliyini araşdırmaq səlahiyyətinə sahib deyil. Sadəcə olaraq, İnterpol sənədləri tələb edir ki, bu adamı nə ilə ittiham edirsiz. Bundan başqa araşdırma aparılmır. Əlavə nə isə etmələri üçün İnterpol haqqında konvensiya dəyişilməlidir. Belə bir dəyişiklik üçün isə ümumi forum olmalı, dövlətlər toplanmalı, qərar qəbul etməlidirlər. Azərbaycanın müraciəti əsasında da İnterpolun tutduğu şəxslər əsasən qeyri-siyasi cinayətləri törədən şəxslərdir.

Məqaləmizin qayəsinə keçməzdən əvvəl gəlin görək, əsasən hansı cinayətləri törətmiş şəxslər barəsində İnterpol xətti ilə axtarış elan edilir: İnterpolun Baş Katibliyinin Əsasnaməsinə uyğun olaraq siyasi, hərbi, dini və irqi cinayətləri törətmiş şəxslərdən başqa demək olar ki, bütün cinayətkarlar İnterpol xətti ilə axtarışa verilə bilər. Axtarışlar ümumilikdə 9 - qırmızı, qara, sarı, mavi, narıncı və s. rəng istiqamətləndiricilər üzrə həyata keçirilir. Qara istiqamətləndirici üzrə naməlum meyitlərin, sarı istiqamətləndirici üzrə itkin düşmüşlərin axtarışı, narıncı istiqamətləndirici üzrə terroristlərin, qırmızı istiqamətləndirici üzrə cinayət törətmiş şəxslərin saxlanılması və təşəbbüskar dövlətə ekstradisiya olunması həyata keçirilir.

Yerli hüquq mühafizə orqanları hər hansı cinayətkarın axtarışı ilə bağlı İnterpola sorğu verərkən həmin cinayətkar haqqında, həmçinin bu cinayətkarın hansı ölkədə gizlənməsi ehtimalı barədə tam dolğun məlumata malik olmalıdır. İnterpolun üzv ölkələrdə milli mərkəzi bürosu var, ancaq cinayətkarla bağlı həmin ölkələrə birbaşa müraciət edilmir. Əsasnaməyə uyğun olaraq məlumatlar ilk növbədə Fransanın Lion şəhərində yerləşən Baş Katibliyinə göndərilir. Axtarış üzrə rəng də təşəbbüskar dövlət tərəfindən təklif olunur. Baş Katibliyin Ekspertiza İdarəsi tərəfindən yoxlanılaraq axtarış üzrə rəng təsdiqlənir. Bundan sonra axtarışla bağlı sorğu üzv ölkə arasında yayımlanır.
İnterpol xətti ilə axtarışa verilməsinə baxmayaraq, Azərbaycana ekstradisiyası baş tutmamış cinayətkarlardan biri də keçmiş Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayevdir.

Bəs, görəsən bu şəxsin Azərbaycana təhvil verilməsi hansı səbəbdən problemə çevrilib?

Məlumata görə, Elşad Abdullayevin Fransada daimi yaşayış izninin olmadığı Fransanın paytaxtı Parisdə İnterpolun  mənzil qərargahının yerləşdiyi küçədə 15 RUE ANDRE CHENIER, ERA, 91540 MENNECY, PARIS, ünvanında yaşayır. (Bu, çox güman ki, İnterpolun Fransa Milli Bürosunun qonşuluğundakı ünvandır, çünki qurumun daimi iqamətgahı Fransanın Lion şəhərindədir). Fransada yaşayan və haqqında “İnterpol”un “qırmızı bülleten”ində axşatırışda olduğu deyilən Elşad Abdullayev özü bir neçə dəfə sosial şəbəkədə bildirib ki, Fransada, “İnterpol”un ofisinin yaxınlığında yaşayır və həmin qurumun nümayəndələri ilə görüşür də. O, siyasi sığınacaq almaq üçün 2 dəfə Fransa hökumətinə müraciət etsə də, Fransa hakimiyyət orqanları ona daimi yaşayış izni verilməsiylə bağlı rədd cavabı verib. Bu üzdən illərdir ona verilən 3 aylıq müvəqqəti yaşayış izniylə yaşamağa məcburdur.

Bir məqama da diqqət yetirmək lazımdır ki, Azərbaycanın İnterpoldan yana, eynən Rusiya və Türkiyə ilə olduğu kimi, Fransa ilə də cinayətkarların ekstradisiyası barədə ikitərəfli sazişi ola bilərdi. Belə olan halda cərəyan edən sonrakı proseslərdə İnterpol yalnız müşahidəçi sırasına keçir. Məsələnin gerisi ilə məhkəmə məşğul olur. Görünən odur ki, Fransa bunda maraqlı deyil. Bildiyiniz kimi, Fransada güclü olan erməni diasporası, Azərbaycana qarşı aqressiv mövqe bəsləyən fransız senatorlar Elşad Abdullayev kimi cinayətkarları ürəyinin üstündə, öz maraq dairəsində saxlayır. Bu səbəbdən də onun Azərbaycana təhvil verilməsi məqamı çatanda hər cür qanunsuzluqlara əl atırlar. Havadarlarının İnterpola təsirinin nəticəsidir ki, qurumun Baş Katibliyinin 23.01.2020-ci il tarixli qərarı ilə təşkilatın Nizamnaməsinin 2 (1), 3-cü bəndinə əsasən Elşad Abdullayevin beynəlxalq axtarışına xitam verilmişdir.

Elşad Abdullayevin törətdiyi cinayətlər barədə yaxın 10 il keçmişdə ölkəmizin ictimai həyatını izləmiş oxucularımız səthi də olsa məlumatlıdırlar. Xatırladaq ki, Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən 2014-cü il iyunun 25-də Cinayət Məcəlləsinin 213.2.2-ci (vergi ödəməkdən yayınma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.1 (rüşvət alma), 311.3.2, 311.3.3 və 29,312.2 (rüşvət vermə) maddələri ilə təqsirləndirilən şəxs qismində Elşad Abdullayevin istintaqa cəlb edilməsi barədə qərar qəbul edilib. Barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilərək axtarış elan olunmaqla yaxalanması istiqamətində beynəlxalq axtarış tədbirləri həyata keçirilən Elşad Abdullayevin yaşadığı yer bəllidir. Ədalət mühakiməsindən gizlənən cinayətkar Abdullayev Elşad İslam oğlu barəsində İnterpol xətti ilə beynəlxalq axtarışın yenidən başlanması üçün müvafiq tədbirlər görülməlidir.

Mövzuya qayıdacağıq və oxucularla qarşıdakı görüşlərimizdə Elşad Abdullayevin özünün və oğlunun  ermənilərlə əməkdaşlığına, xaricdə apardığı anti-azərbaycan təbliğatına dəlalət edən faktları sadalayacaq, Rusiyada diaspor rəhbəri kimi fəaliyyət göstərmiş bacısı oğlu Araz Mürsəliyevin qanunsuz əməllərindən yazacağıq. Ən əsası isə Elşad Abdullayevin Azərbaycana, dövlətimizə, tələbələrə vurduğu ziyanın bir qisminin kompensasiya edilməsi üçün mövcud olan, amma nədənsə istifadə edilməməsi ucbatından əldən çıxmaq ərəfəsində olan real fürsətdən söz açacağıq.//“Qanun və Hədəf”// 



BİA.az
скачать dle 12.1