Bia.Az

İslam Oyunlarının qalmaqallı üzü: Azərbaycan-İran "toqquşması" da oldu

İdman
 13-08-2022, 13:43     279

Konyada keçirilən İslam Həmrəyliyi Oyunlarında Azərbaycan idmançıları uğurla çıxış edir. Medalların ümumi sayına görə yalnız meydan sahibi Türkiyədən geri qalırıq. Amma turnir həm də qalmaqallarla seçilir. Güləşçimiz Hacı Əliyevin döşək üzərində İran təmsilçisi ilə az qala əlbəyaxa olduğu görüntülər sosial mediada çox müzakirə olunmuşdu. Onun çempionluğunun qeydə alınması da kuryoz hadisə ilə fərqlənib.

Bizimyol.info xəbər verir ki, təltifetmə mərasimi iki dəfə keçirilib. Təşkilatçılar gümüş medal qazanmış Zəlimxan Abakarovun uğurunun şərəfinə Albaniyanın yox, Əlcəzairin bayrağını qaldırıb. Narazılıq yaranıb, sonra səhv düzəldilib.

Hiss olunur ki, bəzi ölkələr İslam Həmrəyliyi Oyunlarına ciddi yanaşmır. Məsələn, Mavritaniyanın stölüstü tennis üzrə yığma komandası bizimkilərlə oyuna gəlməyib. İranın futbol üzrə olimpiya milli komandası da azərbaycanlılarla oynamaq üçün meydana çıxmayıb. Qadın həndbolçuların yarışında isə Kamerun milli komandası oyuna xeyli gecikib, Azərbaycana texniki qələbə verilib.

Əfqanıstanın qadın həndbolçuları da gülməli vəziyyət yaradıb. İlk iki oyunun hər birində 43 top buraxan əfqan xanımlar daha meydana çıxmamaq qərarına gəliblər.

Ən böyük qalmaqal isə kişi voleybolçuların yarışında qeydə alınıb. Qətərli Saad Süleyman türkiyəli rəqibini başını kəsməklə hədələyib. O, oyunun gedişində jestlə Türkiyə milli komandasının oyunçusunu öldürə biləcəyini çatdırıb. Üçüncü setin sonundakı bu hərəkət qardaş ölkə mətbuatında ciddi müzakirəyə səbəb olub. Sosial media istifadəçiləri qətərli həndbolçunun cəzalandırılmasını tələb edir.

Ümumiyyətlə, İslam Həmrəyliyi Oyunları heç vaxt qalmaqalsız ötüşmür. Burada idman prinsipləri tez-tez pozulur. Təsəvvür edin, azərbaycanlı idmançıların bəzisinin medalları ümumi siyahıda əksini tapmayıb. Əvvəllər də belə boşluqlar olurdu. Xüsusilə qadın idmançıların turnirə yetişməsi, buradakı qaydalara əməl olunması ciddi problemə çevrilib.

İslam Həmrəyliyi Oyunları 2005-ci ildən keçirilir. İlk dəfə ev sahibliyi missiyasını Səudiyyə Ərəbistanı üzərinə götürmüşdü. 2017-ci ildə bu vəzifə Azərbaycanın üzərinə düşmüşdü.скачать dle 12.1