Bia.Az

“HİTLER YƏHUDİDİR”, “”MOSKVA” BATIRILMAYIB”, “KRIMA RAKET DÜŞMƏYİB”... – Kremlin bitib-tükənməyən yalanları

Gündəm
 12-08-2022, 10:16     270

Bu günlərdə tanınmış ukraynalı hərbi ekspert Oleq Jdanov Rusiya Müdafiə Nazirliyinin saxtakarlığını ifşa edən çox maraqlı bir paylaşım edib. 

Belə məlum olub ki, Ukrayna Müdafiə Nazirliyinin, eləcə də Avropadakı müstəqil hərbi ekspert mərkəzlərinin statistikasına görə, 2022-ci il yanvarın 1-i tarixinə Ukrayna Silahlı Qüvvələrinin 2500 tankı və 124 hərbi təyyarəsi olub. Rusiya Müdafiə Nazirliyinin cəbhədəki vəziyyətə dair gündəlik hesabatlarından isə belə məlum olur ki, rus ordusu hələ iyunun 30-na qədər artıq Ukraynanın üst-üstə 208 təyyarəsini və 3800 tankını məhv edib. Yəni, real mövcud olan hərbi texnikadan az qala iki dəfə çox!


Bunu ona görə qeyd edirik ki, Krımdakı Novofyodorovka hərbi aerodromundakı partlayışlara Rusiya Müdafiə Nazirliyinin verdiyi izahatın nə dərəcədə obyektiv olduğuna dair təsəvvür yaransın. Rusiya tərəfinin bildirdiyinə görə, partlayış hansısa yan təsirdən yox, ehtiyatsızlıqdan baş verib. Cəmi bir nəfər həlak olub və təyyarələrə heç bir zədə dəyməyib. Halbuki, təkcə çimərliklərdən çəkilən uzaq görüntülər onu deməyə əsas verir ki, bu partlayışlar ən azı yüzlərlə metr yaxınlıqda nə varsa, hər şeyi məhv etmək gücündədir. Sonradan aerodromdan bir neçə yüz metr məsafədəki yaşayış evlərinin, avtombillərin nə hala düşdüyünə dair görüntülər yayıldı. 

Bu görüntülərdən də belə qənaət yaranır ki, aerodromdakı hərbi texnikanın, təyyarələrin, eləcə də pilotların və digər hərbçilərin salamat qalması sadəcə mümkün deyildi. Sonradan Ukrayna tərəfi azı 9-10 hərbi təyyarənin və 60-a yaxın şəxsi heyət üzvünün məhv edildiyini bildirdi. Bu dağıntıları aerodromdan yayılan peyk görüntüləri də təsdiqlədi. Ancaq Kreml və onun məlum çirkin təbliğatçıları yenə də həyasızcasına real faktları danmaqla məşğuldur.
Daha əvvəl, iyulun 27-də Donetskdəki həbsxana ərazisində (Olenovka) partlayış oldu. Məhv edilmiş binada «Azovstal»dan çıxarılmış Ukrayna hərbi əsirləri saxlanılırdı. Həmin gün 60-a yaxın ukraynalı hərbçi qətlə yetirildi və Rusiya iddia etdi ki, həbsxana guya Ukrayna tərəfindən vurulub. Çox keçmədi ki, bu yalan da ifşa olundu. Ukrayna hərbçilərinin kütləvi ödürüldüyü yerə aid peyk şəkilləri təsdiqlədi ki, bina daxildən partladılıb. 

Rusiya tərəfi "Moskva" kreyseri Ukrayna Silahlı Qüvvələri tərəfindən məhv edilərkən də sadəcə mərmilərin detonasiyasının baş verdiyini bildirmiş və gəminin Ukrayna tərəfindən vurulduğunu gizlətməyə çalışmışdı. Həmçinin, bildirmişdi ki, gəminin heyəti təxliyə olunub. Hansı ki, bu gün də gəmidə qulluq etmiş rus hərbçilərin yaxınları, valideynləri öz övladları barədə heç bir xəbər ala bilmirlər. Ən yaxşı halda, onlara əsgərlərin “itkin düşdüyü” bildirilir.
Yeri gəlmişkən, müharibənin hələ ilk günlərində Rusiya tərəfi “bərk yerə dirəndiyini” anladığı vaxtda Müdafiə naziri Sergey Şoyqu Putinin qəbulunda rəsmən bildirdi ki, Yaxın Şərqdən, yəni Suriyadan 16 mindən çox könüllü Rusiya tərəfdən döyüşlərə qatılmaq istəyir. Putin də rəsmən buna icazə verdi. Bəs, hanı həmin 16 min döyüşçü? Onların Ukrayna cəbhələrində 16 min yox, heç 16 nəfərini görən olmadı...
Daha bir yalan: Lavrov Zelenskinin “faşist” olduğunu sübut etmək üçün rəsmən elan etdi ki, Hitler yəhudi olub. Artıq bu, yalanın “qaynama dərəcəsi” idi və vəziyyət o yerə çatdı ki, Putin bu təhqirə görə İsrail rəhbərliyindən üzr istədi.
Nəhayət, Sergey Lavrov işğal başlayan günə qədər Ukraynaya hücum edilməyəcəyini deyirdi. Demək olar, hər gün bunu beynəlxalq ictimaiyyətin qarşısına çıxaraq, təkrarlayırdı. Sonradan isə utanmadan bu işğalı “xüsusi hərbi əməliyyat” adlandıraraq, Ukraynada başlayacaq müharibənin qarşısını almaq üçün bu addımın atıldığını söylədi.

Müharibənin 5-ci ayında “Biz hələ Ukraynada heç nəyə başlamamışıq” deyən Putinin yalanlarından isə danışmağa belə dəymir. Çünki yuxarıda sadalanan və sadalanmayan yalanların, iftiraların, hərbi cinayətlərin, qətliamların, haqsızlıqların və s. əsas mənbəyi, sifarişçisi və bunlara görə məsuliyyət daşıyanı da onun özü sayılır... 
Rusiya tərəfi eyni yanaşmanı, yalan və iftiraları demək olar hər gün və bütün istiqamətlərdə nümayiş etdirməkdədir. Özü də bütün bunların ifşa olunması Kremli qətiyyən məyus etmir. Çünki artıq Rusiya rəhbərliyini nə reputasiya, nə nüfuz, nə ad, nə də hansısa mənəvi dəyərlər maraqlandırır. Ona görə ki, zatən bu şeylər artıq çoxdan itirilib./“AzPolitika.info”

BİA.az
скачать dle 12.1