Bia.Az

PUTİNİN “BAYRAKTAR ARZUSU” ÇİN OLMADI... - Kreml Ərdoğandan nə istəyir və nə ala biləcək?

Gündəm
 6-08-2022, 17:26     279

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Putinlə 5 avqust görüşündən əvvəl, müzakirə olunacaq mövzular sırasında Türkiyənin “Bayraktar” PUA-larının Rusiyada istehsalı barədə məsələ olduğuna dair müxtəlif mənbələrdən məlumatlar yayılırdı.

Hətta Putinin mətbuat katibi Dmitri Peskov bir neçə gün əvvəl bu məlumatları şərh edərkən bildirmişdi ki, artıq bundan öncə Putin-Ərdoğan əlaqələrində hərbi-texniki əməkdaşlıq mövzusuna toxunulub: “Odur ki, “Bayraktar” mövzusu Soçidə müzakirə olunacaq".

Rəcəb Tayyib Ərdoğan isə “CNN Türk” kanalına açıqlamasında demişdi ki, iki ölkə - Rusiya və Birləşmiş Ərəb Əmirlikləri “Bayraktar” PUA-larının istehsalı sahəsində Türkiyə ilə əməkdaşlıq etmək istəyir.

Ərdoğanın sözlərinə görə, Putin bu arzusunu Tehrandakı görüşləri zamanı ifadə edib: “Putin mənə dedi ki, “Baykar” şirkətilə işləmək istəyir”.

Lakin həmin vaxt əksər ciddi ekspertlər Türkiyənin indiki dönəmdə Rusiya ilə “Bayraktar”la bağlı hər hansı razılığa, anlaşmaya getməsini, hansısa müqavilə bağlamasını qeyri-mümkün hesab edirdilər. Ərdoğanın “Rusiya və Birləşmiş Ərəb Əmirlikləri “Bayraktar” PUA-larının istehsalı sahəsində Türkiyə ilə əməkdaşlıq etmək istəyir” fikrinin isə heç də bu əməkdaşlığa Türkiyənin razılıq verməsi anlamına gəlmədiyini bildirirdilər.

Doğrudur, Ərdoğan Putinin ondan “Bayraktar”la bağlı xahiş etdiyini deyib. Ancaq bu, heç də Türkiyənin bu xahişə müsbət cavab verəcəyi demək deyil. Odur ki, Türkiyə Prezidentinin bunu səsləndirməsi sadəcə, Türkiyə diplomatiyasının artıq adət etdiyimiz incə gedişlərindən biri idi...

Yeri gəlmişkən, Türkiyənin “Baykar Makina” şirkətinin icraçı direktoru Haluk Bayraktar iyulun 19-da keçirilən Tehran görüşü ərəfəsində Qərb mətbuatına açıqlamasında “Bayraktar” PUA-larının Rusiyaya satışına heç vaxt icazə verilməyəcəyini və Ukraynanı dəstəklədiyini bildirmişdi: "Biz onlara (RF - red.) nə dron çatdırmışıq, nə də təmin etmişik. Bunu heç vaxt etməyəcəyik".

Ancaq bütün bunlara baxmayaraq, Rusiyada bir sıra hərbi ekspertlər və politoloqlar qələbə eyforiyası ilə “Bayraktar”-ların az qala bugün-sabah rus ordusunun ixtiyarına veriləcəyinin siqnallarını verirdilər.

Ukraynada isə bir çoxları Türkiyənin Rusiya ilə anlaşacağından və PUA sarıdan böyük qıtlıq çəkən rus ordusunun yaxın perspektivdə bu texnika ilə təmin olunacağından ehtiyatlanırdılar. Lakin elə həmin vaxt Ukraynadakı nüfuzlu ekspertlər və politoloqlar bunun inandırıcı olmadığını və NATO ölkəsi olan Türkiyənin dövlət maraqlarının belə bir anlaşma ilə uzlaşmadığını bildirirdilər.



Nəhayət, bir neçə gün əvvəl ““Bayraktar” mövzusu Soçidə müzakirə olunacaq" deyən Dmitri Peskov ötən günkü Ərdoğan-Putin görüşü barədə sualları cavablandırarkən, görüşdə “Bayraktar”-ların Rusiyada birgə istehsalı, yaxud Türkiyədən alınması mövzusunun ümumiyyətlə, müzakirə olunmadığını bildirib.

“Liderlər Türk PUA-ları ilə bağlı mövzunu müzakirə ediblərmi” sualına Peskov qısa cavab verib: “Yox”.

Vəssalam, bu, o deməkdir ki, Rusiya üçün “Bayraktar” mövzusu bağlıdır və Türkiyə bir nəhəng NATO dövləti olaraq, hərbi dəstək məsələsində Ukraynanın yanındadır. Rus ordusu isə İranın əldəqayırma PUA-larının ümidinə qalacaq...


"The Washington Post"un yazdığna görə, Putin bu görüşdə Ərdoğana bir çox təkliflər edib ki, həmin təkliflər mətbuata açıqlanmır. Belə ki, Moskva Türkiyənin neft emalı zavodları, neft terminalları və su anbarlarının səhmlərini almaq istədiyini bildirib. Kreml neftin mənşəyini bu yolla gizlətməyə və Aİ embarqosundan yan keçməyə ümid edir.

Rusiya tərəfi həmçinin Türkiyədən sənaye şirkətlərinin ölkədə azad iqtisadi zonalardan kənarda fəaliyyət göstərməsinə icazə verməsini xahiş edib. Moskva eləcə də Türkiyənin bir neçə dövlət bankından Rusiya bankları üçün müxbir hesablar açmağı xahiş edib.

Ancaq Putinin bütün bu xahişlərinin də “Bayraktar” xahişi kimi havadan asılı qalacağını düşünməyə xeyli əsaslar var. Çünki bunlar iqtisadi cəhətdən qardaş ölkə üçün hər nə qədər cəzbedici görünsə də, Türkiyənin geosiyasi maraqları baxımından bir o qədər təhlükəli görünür...

Hər necə olsa, görünən odur ki, əsas söz Türkiyənindir. Məsələ Moskvanın nə istəməsi yox, məhz Türkiyənin nə istəməsi, nə verməyə və nə almağa razı olmasıdır...//“AzPolitika.info” 

BİA.az
скачать dle 12.1