Arxiv

Oxunub:86 / 22 may 06:10sosial

Direktor üçün rüşvət qapısı: Müəllimləri işə müsabiqəsiz götürəcəklər



Direktor üçün rüşvət qapısı: Müəllimləri işə müsabiqəsiz götürəcəklər

















Cəsarət Valehov: “Ola bilsin ki, bu proses bölgələrə də sirayət etsin”

Məlahət Mürşüdlü: “Şəffaflıq təmin olunmalıdır”

Bəzi ümumtəhsil müəssisələrinə müsabiqədənkənar qaydada müəllimlərin işə qəbulu ilə bağlı səlahiyyət verilib.Bununla bağlı 2017-2018-ci tədris ilində vakant yerlərə müsabiqədənkənar qaydada müəllimləri işə qəbul etmək hüququ olan ümumi təhsil müəssisələrinin siyahısı açıqlanıb.Həmin siyahıda 10 təhsil müəssisəsi yer alıb. O müəssisələr bunlardır:

Bülbül adına orta ixtisas musiqi məktəbi,
Bakı Avropa Liseyi,
İ.Əfəndiyev adına Elitar gimnaziya,
T.İsmayılov adına 6 nömrəli məktəb-lisey,
Akademik Zərifə Əliyeva adına orta ümumtəhsil məktəbi,
132-134 nömrəli Təhsil Kompleksi,
Fizika-riyaziyyat və İnformatika Təmayüllü Respublika Liseyi,
Kimya-biologiya Təmayüllü Respublika Lisey,
Azərbaycan Milli Konservatoriyasının nəzdində İncəsənət Gimnaziyası
T.Həsənov adına 23 nömrəli tam orta məktəb.

Maraqlıdır, müəllimlərin müsabiqədənkənar işə qəbul edilməsində məhz siyahıdakı təhsil müəssisələrinə niyə səlahiyyət verilib və bu siyahı gələcəkdə genişlənə bilərmi?

Ekspertlər hesab edir ki, seçilmiş müəssisələrə müəllimlərin işə qəbulunda rüşvət halları baş verəcəyi istisna olunmur. Bundan əlavə müəssisə rəhbərliyi ona verilmiş səlahiyyətlərdən istifadə edərək yaxın tanış və qohumlarını təhsil müəssisəsinə cəlb edəcək. Bu isə gələcəkdə neqativ hallara aparıb çıxara bilər.Bununla da məktəbin həm idarəetməsində, həm də göstəricilərində mənfi imic formalaşar.

Təhsil Nazirliyi Mətbuat Xidmətinin rəhbəri Cəsarət Valehov “Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, siyahıda göstərilən müəssisələrin təhsil göstəriciləri və nəticələri illər boyu təhlil olunub: “Bu pilot bir işdir və ilkin olaraq həmin məktəblər müəyyənləşib”.

Siyahının genişləndirilməsinə gəlincə, nazirlik rəsmisi qeyd edib ki, əlbəttə ki, gələcəkdə də bu siyahının genişləndirilməsi mümkündür:

“Ola bilsin ki, bu proses bölgələrə də sirayət etsin”.

Azad Müəllimlər Birliyinin rəhbəri Məlahət Mürşüdlü isə qeyd edib ki, bu təhsil ocaqları birbaşa Təhsil Nazirliyinin özünə tabe olan müəssisələrdir: “Burada beynəlxalq idarəetmə mexanizmləri, qaydalara, qanunlara, tələblərə riayət edən bir komanda var.

Təcrübə baxımından özünü doğrultmuş pedaqoji kollektivlər və məktəbdir.Burada həm də güvən məsələsi var. Bir sözlə, həmin müəssisələrdə idarəetmə, işə qəbul, işdən çıxarılma, obyektivlik, normativ sənəd və təlimatlar əsasında məktəb idarə olunur.Eyni zamanda həmin müəssisələrdə şagirdləri seçim yolu ilə qəbul edirlər. Bu həm də pilot olaraq bir sınaqdır. Həmin kollektivlərdə işləyən müəllimlərə bu bir növ də motivasiyadır ki, daha yaxşı işləyib özlərini doğrultsunlar”.

Ekspert vurğulayıb ki, həmçinin bu müəssisələrin direktorlarına o imkan da veriləcək ki, valideynləri qane etməyən müəllimləri işdən kənarlaşdırsınlar:

“Hər halda həmin müəssisələrə müəllimlərin müsabiqədənkənar işə qəbulunda şəffaflıq təmin olunacaq. Əslində indidən bu barədə proqnoz vermək çətindir.Zaman-zaman bu kollektivlərdə formalaşmış bir idarəetmə mexanizmi var. Hesab edirəm ki, sənədlərə, təlimatlara, qayda-qanunlara burada riayət olunur.Şəffaflıq təmin olunmalıdır.Artıq sınaqdan keçmiş məktəblərdir.Pedaqoji kollektivləri güclü olan müəssisələrdir.Ona görə də onlara o haqq verilib”. (cebhe.info)