Bia.Az

Ruhu bədəndən qovmaq!

KÖŞƏ YAZARLARI
 5-08-2022, 15:00     752

Şər özü də bilmədən ölümünə can atır

Fəxri Uğurlu
İnsan tarix səhnəsinə çıxandan zülm də var, zülmə müqavimət də. Amma necə müqavimət?
İsa peyğəmbər İncildə Tövratın “gözə göz, dişə diş” hökmünün əleyhinə çıxır, “zalıma müqavimət göstərməyin, sağ üzünüzə şillə vurulanda sol üzünüzü çevirin” deyir. Buna söykənib biz onun insanları köləliyə, miskinliyə, acizliyə səslədiyi qənaətinə gələ bilərikmi? Məncə, yox.
İncildə yazılanlara inansaq, Məryəm oğlu özü də çox mübariz, döyüşkən, qorxmaz adam olub. Ancaq onun döyüş üsulu Davudun, Süleymanın, Musanın mübarizə metodundan köklü şəkildə fərqlənirdi. O, zorun qarşısına zorla, şərin qarşısına şərlə çıxmırdı, İsa Məsih fiziki gücü mənəvi güclə dəf eləməyə çağırırdı. O yaxşı bilirdi ki, zalımı öz fəndiylə yıxan qoçaq öz qələbəsindən ruhlanıb insanlara ondan betər divan tuta bilər. Çox vaxt elə belə də olur.
***
Sonralar Lev Tolstoy İncilin bu başlıca ehkamını bir balaca redaktə eləmişdi: “Zülmə zorakılıqla müqavimət göstərməyin”. Bunlar quru nəzəriyyə, xam xəyal deyil, həyatda özünü dönə-dönə doğrultmuş real, praktik mənəvi prosedurlardır.
Zülmə, istibdada qarşı dinc müqavimət üsullarının izinə düşsək, mütləq gedib İsa Məsihin çarmıxının sancıldığı yerə çıxacağıq. Özü də bu təsir təkcə xristian aləmiylə sərhədlənmir; məsələn, Hindistanı Britaniya imperiyasının əsarətindən qurtarmağa çalışan böyük mütəfəkkir, siyasi xadim Mahatma Qandi öz mübarizə metodunu işləyib hazırlayanda İsa peyğəmbərin mənəvi irsindən gen-bol bəhrələnmişdi.
Gözəl bir ata sözümüz var: “Yaxşılığa yaxşılıq hər kişinin işidir, yamanlığa yaxşılıq nər kişinin işidir”. Şərə xeyirlə cavab vermək insan övladının ən uca halı, ən ali məqamıdır. Başqa sözlə, bu, ideal vəziyyətdir. Ancaq baxaq görək real həyatda bu ideala hər yerdə, hər məqamda, bütün hallarda sadiq qalmaq mümkündürmü?
***
Mövlana Cəlaləddin Rumi müridləriylə söhbətlərinin birində belə deyir: “Kiçik pisliyə görə böyük yaxşılıqdan boyun qaçırmaq böyük pislik eləmək deməkdir”.
Bu müddəaya bir illüstrasiya çəkməyə çalışaq:
Tutalım bir əsgər min nəfərin yaşadığı binaya əlisilahlı keşik çəkir. Bu əsgərin əqidəsi nəinki insanı, heyvanı, hətta quşları, böcəkləri də, bir sözlə, irili-xırdalı bütün canlıları öldürməyə qəti yol vermir. Onun növbəsində qoruduğu binaya bir terrorçu yaxınlaşır – əsgər kamikadzenin çiynindəki yükün partlayıcı olduğuna tam əmindir. O partlayıcı yaxın dəqiqələrdə, ya da saniyələrdə terrorçunun özü qarışıq min bir nəfərin həyatına son qoyacaq. Bu zaman o necə davranmalıdır? Əvvəlcə onu diri tutmağa çalışmalı, bu alınmazsa yaralamalı, başqa heç bir tədbirə vaxt qalmazsa terrorçunu zərərsizləşdirməlidir. Tətiyi vaxtında çəkməzsə o, min adamın ölümünə bais olmuş sayılacaq. Mövlana dediyi kimi, bu halda əsgər böyük yaxşılıq naminə kiçik pislikdən çəkinməməlidir.
Bu misaldan göründüyü kimi, ölkə, xalq təcavüzə uğrayanda da şərin qabağına xeyirlə çıxmaq üsulu özünü doğrultmur. Təcavüzkar qarşısında özünə bab güc görməsə, niyyətindən daşınmaz. Dilimizdə bir yaxşı ata sözü də var: “Kiş deməklə donuz darıdan çıxmaz”. Kim də bilməsə, biz bunu yaxşı bilirik. Bu halda yeganə doğru yol bütün dünya miqyasında şəri, təcavüzü törədən mexanizmləri sındırmaqdır ki, nə xalqlar hücuma, basqına uğrasın, nə də insan “öldürüm, ya öldürməyim” seçimi qarşısında qalsın.
***
Proqressiv ideoloji bazaya söykənmədən şərə müqavimət göstərmək xəyaldır.
“Şərə müqavimət göstərmək” dedim, ancaq əslində bu, doğru ifadə deyil, “şərin müqavimətini qırmaq” deməliydim. Homo-sapiens yer üzündə yürüşə çıxandan dünyada hökm sahibi onun xeyir törədən ruhu, başqa sözlə, Tanrıdır. Şər, İblis bu yaradıcı qüvvəyə daim müxalifətdədir, müdam ona müqavimət göstərir.
Xeyir özünün təkamülü boyu bir neçə qiyafədə zühur eləyə bilər, ancaq bu, o demək deyil ki, həyatda neçə cür xeyir var. Sadəcə, xeyirin dünyada bəşərin keçdiyi ictimai-siyasi formasiyalara uyğun bir neçə stadiyası var ki, bunu insan ömrünün mərhələlərinə də bənzətmək olar: körpəlik, uşaqlıq, yeniyetməlik, gənclik, qocalıq, ahıllıq. Fərdin bu dönəmlərdən keçməsi onun hər dəfə bir ayrı adam olması demək deyil. İnsan bir ömür boyu cildini necə dəyişirsə, ilahi qüvvə də bəşərin keçdiyi yol-boyu eləcə cilddən-cildə düşür. “Proqressiv ideoloji baza” deyiləndə də keçilmiş yox, keçiləsi mərhələlər nəzərdə tutulur.
***
Əgər Spartak Roma imperiyasını (hərçənd Roma onda hələ formal da olsa respublika sayılırdı) çökdürə bilsəydi, çox güman, Sezardan, Avqustdan betər zalım olacaqdı. Spartak üsyanının zülmə müqaviməti mənəvi-ideoloji prinsiplərə əsaslanmırdı, impulsiv xarakter daşıyırdı, ona görə də istibdad qarşısında iki-üç ildən artıq duruş gətirə bilmədi.
Müqayisə üçün on illər sürən xürrəmilik hərəkatının, iyirmi bir il çəkən Babək üsyanının tarixinə nəzər salsaq görərik ki, bu hərəkat Spartakın başçılıq elədiyi qul üsyanından xeyli möhtəşəm hadisədir. Spartakdan fərqli olaraq Babəkin parlaq ideologiyası vardı, məlum filmdə deyildiyi kimi, o, xilafətin qara bayrağının qarşısına xürrəmiliyin qırmızı bayrağıyla çıxmışdı. Bununla belə dünyanın bütün qədim tarix dərsliklərində Spartaka ayrıca paraqraf həsr olunsa da, Babəkin o kitablarda adı çəkilmir, ya da üstündən çox ötəri keçilir.
Xürrəmilərin həyata fərqli baxışları vardı, onlar ayrı dünya – azad, ədalətli, sevgi dolu dünya qurmaq istəyirdilər (yeri gəlmişkən, “Od gəlini” pyesində Cəfər Cabbarlı onların məramını çox parlaq ifadə eləyib), Spartakın isə hansısa mənəvi prinsipə tapınmasıyla bağlı bizə bir şey bəlli deyil. Spartak qələbə çalsaydı, imperiya rıçaqları bir əldən başqa ələ keçəcəkdi, Babək xilafəti yıxsaydı, yer üzündə həyat tamam başqa biçimə düşəcəkdi…
***
Şər yaradıcı deyil, şər istehlakçıdır, xeyirin tərs üzü, onu yamsılayandır. Şər xeyirin insanlığın mənafeyi naminə yaratdığı möcüzələrdən öz qaranlıq niyyətlərini bəsləmək üçün xaincəsinə yararlanır. Xeyirin təkamül yolu boyunca şər onu qarabaqara izləyir, onun tökdüklərini yığır.
Onda belə çıxmırmı ki, xeyirlə çiyin-çiyinə şər də inkişaf eləyir, belə çıxmırmı bu proses, bu yarış əbədidir, sonsuzdur?
Zahirən belə görünə bilər. Ancaq burada bir məqam var: şərin inkişafı onun zəifləməsi deməkdir.
Tərsinə yeriyən Şeytanın tərs məntiqi gündəlik həyatımızda bizi idarə eləyən instinktlərin iyerarxiyasında da özünü göstərir – ən aşağı ranqlı instinktlər ən ali instinktlərdən qat-qat güclüdür. Nəfəs almadan üç dəqiqə də yaşaya bilmirik; su içmədən uzağı bir neçə gün, ac qalmaqla çox olsa bir neçə həftə dözərik. Bunlardan həm miqyas, həm də dərəcə etibarilə bir-iki baş yüksəkdə duran cinsi instinkt, nəsilartırma instinkti bizi özündən bunca asılı vəziyyətə sala bilməz. İnstinktlərin ən alisi olan hakimiyyət instinktinə isə bu dünyada çox az adamın əli çatır. Göründüyü kimi, instinkt böyüdükcə onun öz yiyəsinə təsir gücü azalır.
Şərin ictimai-siyasi formasiyalara uyğun transformasiyası da eləcə – antik, klassik dövrdə o, böyük imperiyalar yaradır, ölkələri talayır, insanları hüquqsuz köləyə çevirir, bəzən bütöv xalqları, mədəniyyətləri yer üzündən silirdi. Antik, klassik dövr cahangirlərinin əlində indiki dağıdıcı silahlar olsaydı, tərəddüdsüz onu işə salardılar. İndi isə, gördüyümüz kimi, heç kim nüvə silahının düyməsini basmağa can atmır, basmayacaq da.
Təkcə elə bu fakt şərin təkamülünün hara getdiyini təsəvvür eləməyə imkan verir. İndi onun gücü silahlarda deyil, puldadır; indi o, əvvəlkinə baxanda xeyli mədəniləşib – siyasi yox, iqtisadi imperiyalar yaradır, insanları qılıncla yox, qızılla ram eləyir. Bunu başa düşməyən müasir “cəngavərlər” qədim dünyanın cəngəlliklərindən, orta əsrlərdən gəlmiş kimi görünürlər.
***
Şərin müqavimətinin tam qırılması kainatın başdan-başa ilahiləşməsi, yer üzündə mütləq azadlıq mülkünün, Tanrı səltənətinin qurulması demək olacaq. Ruhun bu dünyada çıxdığı yürüşün son hədəfi, son mənzili budur. Dünya Ruhunun Dünya Vücudunu son zərrəsinə qədər qapsaması ikili dünyada ikiliyin aradan qalxmasına, iki dünyanın bir olmasına, varlığın öz varlığına, yoxluğun öz yoxluğuna qovuşmasına səbəb olacaq.
Bunun əksini təsəvvürə gətirmək çox çətindir. Bunun tərsi şərin öz müqavimətini son həddə çatdırması, ruhun bədəndən qovulması demək olardı ki, bunun da adı ölümdür.
Zatən İblis yarandığı gündən ölümünə can atır, hərçənd özü bunu anlamır. Anlaya bilsəydi İblis olmazdı ki…
Mənbə: Yeniazerbaycan.comскачать dle 12.1