Bia.Az

MEDVEDEV İÇİB YENƏ AĞLINA GƏLƏNİ DANIŞDI - “Qazaxıstan süni dövlətdir Gürcüstan adında dövlət olmayıb”

Siyasət
 2-08-2022, 17:08     181

“Heç kimdə şübhə olmamalıdır ki, 90-cı illərin əvvəlindəki səhv düzəldiləcək, heç bir “suverenliklər paradı” artıq bir daha olmayacaq və nə vaxtsa böyük və güclü Sovet İttifaqında yaşamış xalqlar yenidən bir yerdə yaşayacaqlar…”

“AzPolitika.info” xəbər verir ki, bu fikirlər Rusiyanın sabiq dövlət başçısı və hazırda Təhlükəsizlik Şurası katibinin müavini postunu tutan Dmitri Medvedevin “VKontakte” sosial şəbəkə səhifəsindəki hesabında yer alıb. Ancaq maraqlıdır ki, həmin paylaşım cəmi 10 dəqiqədən sonra silinib.
Medvedevin adından yayımlanan bu paylaşımda Rusiyanın Ukraynanı “azad etdikdən” sonra yeni hərbi yürüşə çıxacağı və bu yürüşün bütün postsovet məkanını əhatə edəcəyi bildirilir: “Daha sonra biz Moskvanın vahid əli altında, başda slavyan xalqı olmaqla, vətənimizin sərhədlərini bərpa etmək üçün növbəti yürüşə çıxacağıq. O sərhədlər ki, məlum olduğu kimi, heç yerdə qurtarmır…” 

Paylaşımda daha sonra Qazaxıstan və Gürcüstanla bağlı təxribat xarakterli fikirlər yer alır: ”Məsələn, birləşdirilənə qədər Gürcüstan ümumiyyətlə, olmayıb. 1801-ci ildə indiki Gürcüstanın ərazisində 5 suveren siyasi qurum olub – Kartli, Kaxetiya, İmeretiya, Meqreliya və Quriya. Yəni Gürcüstan indiki sərhədlər çərçivəsində yalnız Rusiya imperiyası daxilində yaradılıb. Gürcüstanın Şimali və Cənubi Osetiya, Abxaziya və digər əraziləri yalnız vahid Rusiya dövləti çərçivəsində birləşdirilə bilər… Tarixdən daha bir nümunə: 17-ci əsrin əvvəllərində Şimali Qazaxıstanın vəhşi çöllərində ilk yayşayış məskənlərini ruslar salıblar… Sovet İttifaqı dağılana qədər Şimali Qazaxıstanın əhalisinin 62.5 faizi slavyanlar olub. Qazaxıstan süni dövlətdir və keçmiş Rusiya əraziləridir…”
Medvedevin hesabındakı paylaşımda bir qədər də uzağa gedilərək, indiki Qazaxıstan hakimiyyəti “ruslara qarşı soyqırımda” ittiham olunur və bildirilir ki, guya hakimiyyət bu siyasəti rusları başqa-başqa ərazilərə köçürməklə həyata keçirir.
Paylaşımda Azərbaycanla Ermənistan arasındakı münaqişəyə də yer ayrılır və bildirilir ki, guya rusiyalılar bu iki xalq arasında baş verənləri “ürək ağrısı ilə” izləyirlər. Daha sonra qeyd edilir ki, Rusiya Odessanı alaraq, Dnestrayanı ilə birbaşa sərhədə malik olacaq. Bu da təbii ki, Moldovaya qarşı işğalçılıq planından xəbər verir. Bir sözlə, Medvedevin səhifəsindəki paylaşım demək olar, bütün postsovet məkanını əhatə edir və Moskvanın işğalçılıq planlarını özündə əks etdirir.
Ancaq Medvedevin köməkçisi Oleq Osipov “Ria Novosti”-yə açıqlama verərək, yazılanların Medvedevə aidiyyatı olmadığını bildirib və qeyd edib ki, hesab qısa müddətə sındırılaraq, ələ keçirilib. Bu səbəbdən də paylaşım 10 dəqiqə sonra silinib. O, bu məsələnin araşdırılacağını bildirib.
Medvedevin bu paylaşımını ilk olaraq qeydə alan və yayan müxalifyönlü aparıcı Kseniya Sobçak da hesabın kimlərsə tərəfindən ələ keçirildiyini düşünür. Onun fikrincə, Medvedev hər nə qədər aqressiv paylaşımları ilə ad çıxarsa da, belə açıq işğalçılıq təhdidləri və təhdid tonunda çıxış edə bilməzdi…
Əgər doğrudan da Medvedevin hesabını sındırmaq mümkün olubsa, o zaman xüsusi xidmət orqanlarının fəaliyyəti və kibertəhlükəsizlik kimi məsələlərdə Rusiyanın hansı vəziyyətdə olduğu barədə danışmağa belə dəymir. Ancaq yenə də Təhlükəsizlik Şurası katibinin müavini və sabiq prezident səviyyəsində şəxsin hesabının sındırılması bir qədər müəmmalı görünür. Odur ki, bunun Kreml tərəfindən bilərəkdən hazırlanıb ortaya atılan mətn olduğunu tam istisna etmək doğru olmazdı…
Maraqlıdır ki, həmin paylaşımda qeyd olunanların Putinin və ətrafının, o cümlədən də Medvedevin ürəyindən keçənləri, Kremlin işğalçılıq planlarını tam əks etdirdiyi heç kimdə şübhə doğurmur. Zatən Rusiya Ukraynaya qarşı işğalçılıq savaşına başlamaqla və bu xalqın dövlətçilik hüququnu ayaq altına almaqla, eləcə də Moldovadan tutmuş Cənubi Qafqaza və Orta Asiyaya qədər bütün ərazilərdə yürütdüyü siyasətlə bunu ortaya qoymaqdadır.
Xatırladaq ki, Müdafiə naziri Sergey Şoyqu da bir müddət əvvəl hərbçilərlə keçirdiyi görüşlərin birində açıq mətnlə “SSRİ-nin bərpa olunacağını” bildirmişdi…скачать dle 12.1