Bia.Az

54 gün erməni mühasirəsində qalmış 19 nəfərin izi ilə

Cəmiyyət
 25-07-2022, 01:09     290

1993-cü ildə erməni mühasirəsində qalıb çətinliklə xilas ola bilmiş bir qrup şəxs və onların yaxınları 2022-ci ilin iyul ayında Kəlbəcər və Laçın rayonlarına səfər edib.

Ziyarətçilər arasında mərhum pedaqoq, yazıçı-publisist, Birinci Qarabağ müharibəsinin veteranı Əli Əliyevin ailə üzvləri də olub.
Əli Əliyev 1946-cı ildə Laçın rayonunun Oğuldərə kəndində doğulub. Moskva Ədəbiyyat İnstitutunda, Bakı Dövlət Universitetində təhsil alıb. 1992-ci ilə, Laçın rayonu işğal olunana qədər Oğuldərə kənd məktəbində ədəbiyyat müəllimi işləyib.
Əli Əliyev 1993-cü il martın 30-dan mayın 23-nə kimi Laçın və Kəlbəcər rayonları ərazisində erməni mühasirəsində qalmış 19 şəxsin biri olub, onlara komandirlik edib.
[media=https://youtu.be/zEbmqGPgLSc]
2012-ci ildə o, mühasirə xatirələrini “Əlli dörd gün erməni mühasirəsində” adlı kitabında çap etdirib. Həmin il “54 gün mühasirədə” adlı sənədli film də çəkilib.
Əli Əliyev altı övlad atasıdır.
2016-cı il fevralın 14-də Əli Əliyevi Bakıda minik avtomobili vurub. Ağır kəllə-beyin travması alan Əli Əliyev komaya düşüb, bütün cəhdlərə baxmayaraq 2017-ci il iyulun 2-də dünyasını dəyişib.
Ermənistan 1988-1994-cü illərin təcavüzündə Azərbaycanın bütün cənub-qərbini işğal edib.
Laçın şəhəri və rayonun böyük hissəsi 1992-ci ilin mayında ermənilərin əlinə keçib, yalnız Qubadlıya yaxın kəndlər Azərbaycanın nəzarətində qalıb.
Həmin ilin yay-payız aylarında rayonun Kəlbəcərə yaxın hissəsi, o cümlədən Oğuldərə kəndi azad edilib, bəzi sakinlər doğma yurda dönüb. 1993-cü ilin yazında Kəlbəcər rayonu işğal altına düşüb, Laçın rayonunun Kəlbəcərə yaxın hissəsi yenidən zəbt olunub, avqustun sonlarında Laçının Qubadlıya yaxın kəndləri də tutulub.
2020-ci il sentyabrın 27-dən Azərbaycanın apardığı hərbi əməliyyatlarda və noyabrın 10-da əldə edilən atəşkəs razılaşması nəticəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Ağdam, Kəlbəcər rayonları tam, Şuşa, Laçın, Xocavənd, Xocalı rayonları və keçmiş Ağdərə rayonu qismən azad olunub.
Hazırda Laçın şəhəri və rayonun 6 kəndi Qarabağdan Ermənistana gediş-gəlişə ayrılan zolağa düşür. Həmin zolağa Rusiya hərbçiləri nəzarət edir.скачать dle 12.1