Bia.Az

Consonu kim əvəz edə bilər? – “Əl-Cəzirə”

Dünya
 8-07-2022, 04:24     236

İyulun 7-də Boris Conson Böyük Britaniyanın baş naziri vəzifəsindən istefa verəcəyini bəyan edib, ancaq hakim Mühafizəkarlar Partiyasına yeni lider seçilənə qədər səlahiyyətlərini saxlayacağını deyib.

Novator.az saytı “Əl-Cəzirə” kanalına istinadla bildirir ki, Mühafizəkarlar Partiyasının lideri və baş nazir postuna real namizədlərdən və iddia edənlərdən bir qisminin adı bəllidir: xarici işlər naziri Elizabet (Liz) Trass, müdafiə naziri Robert (Ben) Uelles, maliyyə naziri Nadim Zahavi, baş prokuror Suella Braverman, parlamentin xarici əlaqələr komitəsinin sədri Tom Tugendhat, sabiq maliyyə naziri Rişi Sunak, sabiq səhiyyə və sosial təminat naziri Sacid Cavid, keçmiş xarici işlər naziri Ceremi Hant, keçmiş müdafiə naziri Penni Mordaunt.
Mühafizəkarlar Partiyasının lideri və baş nazir postuna ən şanslı namizədlər kimi xarici işlər naziri Liz Trassın və Ben Uellesin adları hallanır.
Liz Trass 1975-ci ildə doğulub. Əvvəllər Liberal Demokrat Partiyasının üzvü olub, 1996-cı ildə Mühafizəkarlar Partiyasına qoşulub. 2014-2016-cı illərdə ətraf mühit, ərzaq və kənd təsərrüfatı naziri, 2016-2017-ci illərdə ədliyyə naziri, 2019-2021-ci illərdə xarici ticarət naziri postlarını tutub. 2021-ci il sentyabrın 15-dən xarici işlər naziridir.
Ben Uelles 1970-ci ildə doğulub. Mühafizəkarlar Partiyasının üzvüdür. 2016-2019-cu illərdə təhlükəsizlik naziri olub. 2019-cu il iyulun 24-dən müdafiə naziridir.
1964-cü il təvəllüdlü Boris Conson 2019-cu il iyulun 23-də Mühafizəkarlar Partiyasının lideri seçilib, iyulun 24-də baş nazirliyə başlayıb. 2019-cu il dekabrın 12-də keçirilmiş parlament seçkisini udan Mühafizəkarlar Partiyası yenidən hökumət qurub. Mühafizəkarlar Partiyası parlamentin alt qanadı olan 650 yerlik İcmalar Palatasında 358 mandatla təmsil olunur.
Baş nazir xeyli vaxtdır 2020-2021-ci illərin koronavirus qapanmaları, sərt karantin rejimləri dövründə hökumət iqamətgahında keçirilən kütləvi şənlik mərasimlərinə qatılmaqda ittiham olunur.
2022-ci il iyulun 5-dən başlayaraq isə hökumətin 50 üzvü, o cümlədən xeyli nazir istefa verib. Onlar addımlarını baş nazirə etimadsızlıqla əsaslandırıb, Boris Consonu postunu tərk etməyə çağırıb.
Baş nazir əvvəllər adı müxtəlif qalmaqallarda hallanmış Kris Pinçerə hakim partiyada yüksək vəzifə verməkdə təqsirli bilinir. Parlamentin üzvü olan Kris Pinçer iyunun 29-da paytaxt Londonun klublarının birində sərxoş vəziyyətdə dava salıb, ertəsi gün günahını boynuna alaraq istefa verib, bununla da hökumətdə və ümumən ölkədə siyasi zəlzələ yaranıb.
Mənbə: Aljazeera.comскачать dle 12.1