Bia.Az

"Bəlkə özümü öldürəndən sonra fəryadım eşidilər"

Cəmiyyət
 7-07-2022, 16:55     280

Apellyasiya məhkəmələrindən şikayət edən vətəndaşların sayı artmaqda davam edir. Xüsusilə bu məhkəmənin qəbul etdiyi qərarlardan kassasiya şikayətinin verilə bilməməsi bir çox vətəndaşın əl-qolunu bağlayır, onların yuxarı instansiyalara müraciət etməsinə imkan vermir. Beləliklə, zərərçəkənlərin çoxu həm öz malından, həm də hüquqlarından məhrum olurlar.

Hüquqlarının əlindən alındığını, aidiyyəti qurumlar tərəfindən get-gələ salındığını söyləyən, Apellyasiya məhkəməsinin qərarlarından şikayət edən növbəti vətəndaş Qəbələ rayon sakini Nüşabə Alməmmədzadədir. O, özünə məxsus torpaq sahəsinin şəhadətnamə sənədinin hələ də qüvvədə qalmasına, ləğv edilməməsinə baxmayaraq, Şəki Apellyasiya Məhkəməsinin hakimi tərəfindən torpaq sahəsinin qarşı tərəfə məxsus olması ilə bağlı qərar qəbul edilib və bu qərardan kassasiya şikayəti verilməsinə qadağa qoyulub:

“Mən başda Cənab Prezident olmaqla, bütün aidiyyəti orqanlara müraciət edirəm. Səsimə səs versinlər. Qəbələ rayonu 9 saylı reyestr xidmətinin mənə verdiyi mülkiyyət haqqında sənədlərin qüvvədə olmasına baxmayaraq, Kərimov Adil Bədrəddin oğlundan aldığım torpaq, ev və evin əhatəsində olan torpaq sahəsi barədə həmin şəxs iddia edir ki, O, ev satıb, torpaq satmayıb. Mən torpağı aldığım müddətdə torpaq mülkiyyətçinin mülkiyyəti olmadığı üçün mən evin alqı-satqısını etmişəm. İndi mülkiyyətçi biz - Alməmmədzadə Namiq Rza oğlu olmasına baxmayaraq, aqrar islahat zamanı mülkiyyəti keçmiş ev sahibi Kərimov Adil olmasına baxmayaraq, Ədilov Adilin adına yeddi və üç sotluq şəhadətnamələr verilir. Hal-hazırda mənim evim 10 sot olan torpağın üzərində yerləşir. Bu torpaq yüklü torpaqdır. Həmin adam notarial qaydada bu evi mənə ətrafındakı ərazi ilə birlikdə satıb. İndi 20 ildir ki, məhkəmələrdə sürünürük. Mən bir Azərbaycan qadını, bir ana olaraq, vətəndaş olaraq, cənab Prezident sizdən mənim səsimi duymağınızı xahiş edirəm. Bizim qanunlarımız tapşırıqla, pulla yazıla bilməz. Biz bu ölkənin vətəndaşı olaraq qanunlarımıza güvənirik. Amma hal-hazırda həmin qanunlarımız hansısa maraqlara qurban verilir, necə bilirlər elə qərarlar verirlər.
Mən Şəki Apellyasiya Məhkəməsinin hakimi Mahir Əsədlidən şikayət edirəm və xahiş edirəm ki, bu şəxs barədə bir tədbir görülsün. Bu hakim mənim qeydiyyat sənədlərimin qüvvədə olmasına baxmayaraq, mülkiyyətçinin əleyhinə qərardad çıxarıb. Bu qərardadı kimin tapşırığı ilə, hansı maraqlar naminə çıxarıb məlum deyil. Həmin qərardadın sonunda da bildirib ki, bu qərardan kassasiya şikayəti verilə bilməz. Həmin o son cümlə ilə bu hakim məni bütün hüquqlarımdan məhrum edib. İndi hansı idarəyə, quruma gedirəm məni yola verirlər, işimə baxmırlar, laqeyd yanaşırlar. Necə ola bilər ki, qüvvədə olan bir sənədin mövcud olmasına baxmayaraq, hakim qərar çıxarıb ki, qarşı tərəfin şəhadətnaməsi təmin olunsun. Axı, mənim sənədlərim heç bir məhkəmə qərarı ilə qüvvədən düşməyib. Əgər məndə olan sənəd qüvvədədirsə, Mahir Əsədli adlı bu hakim qarşı tərəfin şəhadətnamə ilə təmin olunmasına necə qərar çıxara bilər? 20 ildir əziyyət çəkmişəm, minbir əməklə daşı daş üzərinə qoyub bir ev tikmişəm, yüzminlərlə xərc çəkmişəm. İndi bir qələmlə bu qədər əziyyəti necə silə bilərlər? Əlimdə qanuni sənədim ola-ola qarşı tərəf necə şəhadətnamə ilə təmin edilə bilər? Mən haqlı ola-ola bu ədalətsiz qərardan şikayət etməyimə necə məhdudiyyət qoyula bilər? Mən də bu ölkənin vətəndaşıyam, amma məni intihara sövq edirlər. Artıq məcbur qalıram ki, özümü yandıram. Bəlkə özümü öldürəndən sonra fəryadım eşidilər” – deyə, Qəbələ sakini Nüşabə Alməmmədzadə Bizimyol.info-ya bildirib.

BİA.AZ
скачать dle 12.1