Arxiv

Oxunub:329 / 02 dek 09:08gundem, hadise

Məzahir Pənahov deputatlara vəsiqələrini payladı



Məzahir Pənahov deputatlara vəsiqələrini payladı

Dekabrın 1-də V çağırış Milli Məclisi spiker Oqtay Əsədovun sədrliyi ilə növbəti plenar iclasını keçirdi.

Milli.Az musavat.com-a istinadən bildirir ki, gündəliyin səsə qoyulmasından sonra spiker iclasda MSK sədri Məzahir Pənahov başda olmaqla qurumun üzvlərinin də iştirak etdiyini bildirdi. Qeyd etdi ki, 2005-ci ildən etibarən yeni bir ənənə yaranıb və seçkilərdən sonra MSK üzvləri deputatlara vəsiqələri təqdim edir.

O.Əsədov bildirdi ki, azad və şəffaf şəraitdə keçirilən seçkilər əsasında yeni parlament formalaşıb. "Bütün beynəlxalq qurumlar Azərbaycanda keçirilən parlament seçkilərini azad və ədalətli seçkilər kimi qiymətləndirib. Avropa Şurası Parlament Assambleyası da seçkilərə yüksək qiymət verib" deyə, spiker əlavə etdi və MSK rəhbərliyinə təşəkkürünü bildirdi.
Tribunaya qalxan MSK sədri Məzahir Pənahov çıxış edərək seçkilərin demokratik, azad və şəffaf şəraitdə keçirildiyini dedi.

Bildirdi ki, heç kəs seçkilərin şəffaf olmadığı barədə fikirlər irəli sürə bilməyib. Çünki seçkiləri müşahidə edən bütün subyektlərə seçkiləri izləmək üçün tam şərait yaradılıb. Təkcə ölkə daxilində 70 min müşahidəçi seçkiləri müşahidə edib. M. Pənahov azad və ədalətli seçkilərin keçirilməsi üçün ilk şərtin siyasi stabillik olduğunu söyləyib. MSK sədri seçkilərin şəffaf olması üçün veb-kameraların tətbiqinin də mühüm addım olduğunu vurğulayıb. O, Milli Məclisdə çoxlu sayda partiyaların üzvlərinin təmsil olunduğuna diqqət çəkdi və bütün deputatları təbrik etdi.

Bundan sonra M.Pənahov deputatlara vəsiqələrini təqdim etdi. İlk olaraq spiker O.Əsədov deputat vəsiqəsini aldı və daha 123 deputata vəsiqələr verildi.

İclasda parlamentin komitə sədrlərinin müavinləri bəlli oldu. Belə ki, 15 komitənin sədr müavinləri seçildi. Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayev, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Aydın Mirzəzadə, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Ağalar Vəliyev oldu.

Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədr müavini Kamran Nəbizadə, Aqrar siyasət komitəsinin sədr müavini Eldar Quliyev, Əmək və sosial siyasət komitəsinin sədr müavini Rauf Əliyev seçildi. Regional məsələlər komitəsinin sədr müavini Fəttah Heydərov, Elm və təhsil komitəsinin sədr müavini Bəxtiyar Əliyev, Mədəniyyət komitəsinin sədr müavini Jalə Əliyeva, İnsan hüquqları komitəsinin sədr müavini Yevda Abramov, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva təyin edildi.

Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev, Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Sahibə Qafarova, İctimai birliklər və dini qurumlar komitəsinin sədr müavini Xanlar Fətiyev, Gənclər və idman komitəsinin sədr müavini Ülvi Quliyev seçildi.
Milli Məclis Hesablayıcı komissiyasının üzləri də seçildi. İsa Həbibbəyli Elm və təhsil komitəsinin sədri seçildiyindən komissiyanın tərkibindən çıxarılıb. Fəttah Heydərov Hesablayıcı komissiyanın üzvü təyin olunub.

Milli Məclisdə İntizam komissiyasının təşkil edilməsi haqqında qərar qəbul edilib. İntizam komissiyasının tərkibinə Ağacan Abıyev, Xanlar Fətiyev, Məlahət İbrahimqızı, Mirkazım Kazımov, Səttar Möhbalıyev, Fazil Mustafa və Kamran Nəbizadə daxildir.

Milli Məclis yanında Toponomiya Komissiyasının tərkibi də müyyənləşdirildi. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun Xəritəçəkmə və coğrafi adlar şöbəsinin aparıcı elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Mahirə Abbasova, Milli Məclis Aparatı rəhbərinin xidmətinin Ərazi vahidlərinin və bələdiyyələrin dövlət reyestri sektorunun müdiri İdrak Qarayev, AMEA-nın Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov, AMEA-ın Nəsimi adına Dilçilik İnstitutunun Onomastika şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Qara Məşədiyev, AMEA-nın vitse-ptrezidenti, Tarix Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı, deputatlardan isə Nizami Cəfərov, İsa Həbibbəyli, Fəzail İbrahimli, Musa Qasımlı, Yaqub Mahmudov komissiya üzvü seçildi. Komissiyanın işinin təşkili isə Milli Məclis Aparatının dövlət quruculuğu üzrə qanunvericilik şöbəsinə tapşırılıb.

Spiker O.Əsədov bildirdi ki, parlamentin növbəti iclası 4 dekabrda keçiriləcək.