Bia.Az

“Donbas müharibəsi Avropa uğrunda ən qəddar döyüş kimi tarixə düşəcək” - Zelenski

Dünya
 14-06-2022, 13:12     341

Ukrayna rəsmiləri Rusiya qüvvələrinin Severodonetsk şəhərinin əksər hissəsinə nəzarət etdiyini bildirirlər. Ölkənin şərqində yerləşən bu şəhərə gedən bütün körpülər dağıdılıb. Kiyev Donbasda ağır döyüşlər getdiyini bəyan edir.

Ukrayna Müdafiə Nazirliyinin sözçüsü Oleksandr Motuzianik iyunun 13-də intensiv döyüş getdiyini, amma Rusiya qüvvələrinin artilleriya üstünlüyünə, yaylım atəşi sistemlərindən istifadəyə görə şəhərə nəzarət etdiyini bildirib.
Motuzianikin sözlərinə görə, Rusiya qüvvələri piyada bölmələrində böyük itkilər verir, amma artilleriya və hücum təyyarələrinin köməyilə irəliləməkdədirlər.
Ukrayna rəsmiləri şəhərdə qalanlar üçün təchizat xətlərinin bağlandığını, hazırda evakuasiyanın mümkün olmadığını deyirlər. Severodonetski əkiz şəhəri Lisiçanskla birləşdirən üç əsas körpü dağıdılıb.
Severodonetsk və Lisiçanskın tutulması Rusiya qüvvələrinin Luqansk vilayətini bütünlükdə nəzarətə alması deməkdir. Hazırda bu vilayətin böyük hissəsi Rusiyanın dəstəklədiyi separatçıların əlindədir.
Ukrayna Prezidenti Volodimir Zelenski iyunun 13-də gecə müraciətində deyib ki, Donbas döyüşü Avropada və Avropa uğrunda ən qəddar müharibələrdən biri kimi hərb tarixinə düşəcək.
Zelenski qüvvələrinin texnika, özəlliklə artilleriya sistemlərinin həcmi baxımından rusiyalıların ciddi üstünlüyü ilə üzləşdiyini deyib, bir daha Qərbi Ukraynanı müdafiə edənlərə daha çox müasir ağır silah sistemi göndərməyə çağırıb.
“Bu döyüşün bədəli çox böyükdür. Sadəcə dəhşətlidir. Gündəlik olaraq tərəfdaşlarımızın diqqətini bir fakta yönəldirik ki, Ukraynaya gərəkli sayda müasir artilleriya üstünlüyümüzü təmin edər, Rusiyanın Ukraynanın Donbasına işgəncəsinə son qoyar”, – o, sözlərinə əlavə edib. Zelenski Ukrayna əsgərlərinin hücumu dayandırmaq üçün hər şeyi elədiklərini vurğulayıb.
Böyük Britaniya Müdafiə Nazirliyi iyunun 14-də gündəlik kəşfiyyat bülletenində isə bildirir ki, Rusiyanın Ukraynanın şərqində hücumu baha başa gəlir. Bülletendə Rusiyanın Hərbi Sənaye Komissiyasının aparıcı rəsmisinə istinadla deyilir ki, müdafiə xərcləri 600-700 milyard rubl arta bilər, bu isə Rusiyanın müdafiə büdcəsində 20 faizlik artım deməkdir.скачать dle 12.1