Bia.Az

Ermənistan ziyalıları Rusiyaya qarşı: "Azərbaycanla sülh istəyirik"

Siyasət
 11-05-2022, 14:55     254

Ermənistanın bir qrup ziyalısı ölkənin Baş naziri Nikol Paşinyana müraciət edərək Azərbaycanla danışıqları sülh müqaviləsi imzalamaqla başa çatdırmağı xahiş edib.

Müraciətdə deyilir: “Ermənistanın Respublikasının dövlət bayramları siyahısına əsasən, 9 may “Qələbə və Sülh bayramı” kimi qeyd olunur. Biz, aşağıda imzası olan Ermənistan vətəndaşları bu günün tövsiyəsini sülhün aydın tələbi kimi şərh edirik, çünki sülh qələbədir, sülhsüz “qələbə” isə məğlubiyyətdir. Biz sülhə alternativin olmadığına israr edirik. Bu, “məğlubun boynuna keçirilmiş ilgək” yox, Ermənistan xalqının sülh şəraitində yaşamaqla bağlı 2021-ci ildə keçirilmiş növbədənkənar seçkilərdə ratifikasiya olunmuş azad ifadəsidir.
Müharibə fəlakətindən əziyyət çəkən xalqımızın ağrı və kədərini, vətəndaş cəmiyyətindən olan həmkarlarımızın bütün haqlı narahatlıqlarını bölüşərək, heç bir “əmma” olmadan sülh tələb edirik”,-deyə qeyd olunub.
Siyasi şərhçi Məhəmməd Əsədullazadə məsələ ilə bağlı Bizimyol.info saytına açıqlaması zamanı bildirib ki, Ermənistanda müxalifətin müharibə ab-havası davam edir, revanşist qüvvələr tətikdədir və təbii ki, Ermənistan ziyalılarını da bu məsələ narahat edir.
Məhəmməd Əsədullazadə 
Məhəmməd Əsədullazadə

“Ermənistanda Qarabağ klanları, revanşistlərin təşkil etdikləri etiraz aksiyaları fonunda hakimiyyətə qarşı təzyiq həyata keçirilir və onlar Ermənistan hakimiyyətini Azərbaycana güzəştə getməməyə dəvət edirlər. Görünür, Nikol Paşinyan ziyalıların ona belə bir məktub ünvanlamasını təşkil edib. Bunun arxasında hakimiyyət də ola bilər. Həmçinin Ermənistanın siyasi elitası da yaxşı başa düşür ki, Qarabağ klanın hakimiyyəti Ermənistan üçün çətin bir dönəm olub və onların yenidən hakimiyyətə gəlməsi Ermənistanı daha da dalana apara bilər.
Digər tərəfdən isə Ermənistan ziyalıları gördülər ki, İkinci Qarabağ müharibəsindən sonra proseslər onların ziyanına işlədi və bu məsələdə onlar uduzan tərəfdirlər. Bu məktubun hakimiyyətə ünvanlanması Paşinyanın əlini daha da gücləndirəcək və Azərbaycanla sülh danışıqları prosesində daha da tutarlı arqumentlərlə xalqa müraciət edəcək”.
Siyasi şərhçinin sözlərinə görə, ümumiyyətlə, Qarabağ klanının indiki vəziyyətinin, etirazların arxasında Rusiya durur. “Bununla Nikol Paşinyan xarici qüvvələrə göstərəcək ki, Ermənistan ziyalıları məhz sülhün tərəfindədir. Düşünürəm ki, bu, Ermənistanla Azərbaycan arasında normallaşma prosesinə töhfə verə bilər. Həmin müraciəti daxili auditoriyanın dəstəyi kimi qiymətləndirmək olar”.скачать dle 12.1