Bia.Az

Jurnalisti qorumaq

KÖŞƏ YAZARLARI
 10-05-2022, 12:10     1 616

Xalid Ağalıyev


Cəmiyyəti dürüst məlumatlandırdığına görə jurnalisti təhdid etməklə, basqıya məruz qoymaqla polisi cinayətkarı həbs etməməyə, prokuroru günahsızı günahkar çıxarmağa, məhkəməni təqsiri olmayanı cəzalandırmağa məcbur etməyin heç bir fərqi yoxdur. Polis, prokuror, hakimin peşə fəaliyyətlərinə görə təhdid olunması olaylarında olduğu kimi jurnalistin də belə rəftarlara məruz qalması cinayətdir. Çünki onların hamısı ictimaiyyət, onun maraqları üçün çalışırlar. Polis cinayətkarı tutanda, prokuror onu araşdıranda, hakim cəza verəndə yekun məqsəd cəmiyyətin təhlükəsiz yaşamıdır. Jurnalistlərin işi də oxşardır, ictimai iş görürlər, cəmiyyət üçün, onun doğru məlumatlandırlması üçün çalışırlar.

Bu çox önəmli funksiyanı daşıması səbəbindən jurnalistlərin qorunması dövlətin ən ümdə vəzifələrindən biridir. Jurnalistlərə qarşı baş verən təhdid, təzyiq məzmunlu bütün basqı olaylarının ən qısa zamanda araşdırılması, günahkarların müəyyən olunması, ədalətli mühakimə edilməsi, cəmiyyətin bununla bağlı vaxtaşırı məlumatlandırılması bu vəzifələrə daxildir.

Tanınmış jurnalist, özəlliklə ictimai maraq dairəsində olan məhkəmə proseslərindən dürüst məlumat qaynağı olan Aytən Məmmədovaya münasibətdə yol verilmiş qorxunc olaya – fiziki zora məruz qalması, yazılarına görə təhdid edilməsinə münasibətdə dövlət ən qısa zamanda bütün bu addımları atmaq vəzifəsi daşıyır. Əlaqəli qurumlar şübhəlini tez müəyyən etməli, olaya qanunlar çərçivəsində ədalətli qiymət verməlidir.
скачать dle 12.1