Bia.Az

ƏRDOĞAN PUTİNİN ZƏİFLƏMƏSİNİ İSTƏMİR? – “Bundan sonra Rusiya əvvəlki Rusiya olmayacaq”

Gündəm
 29-04-2022, 13:38     279

BMT-nin Baş katibi Antonio Quterreş Türkiyə və Rusiyaya səfər edərək Prezidentlər Vladimir Putin və Rəcəb Tayyib Ərdoğanla görüşdükdən sonra Kiyevdə Volodimir Zelenski ilə bir araya gəlib. O, mətbuata bildirib ki, Ukraynada müharibənin bitməsi Rusiyadan asılıdr.

Baş katibin səfəri Ərdoğanın vasitəçilik missiyasını yenidən canlandırıb və Türkiyə lideri Putinlə telefonda danışaraq sülh razılaşmasını müzakirə edib. Ərdoğan onu soyuqqanlı qərarlar qəbul etməyə səsləyib. Bu arada Türkiyənin müdafiə naziri Hulusi Akar da bildirib ki, Putin Zelenski ilə İstanbulda bir araya gələ bilər.
Maraqlıdır, Qərbin Rusiyanı tam məğlub etmək barədə qəti qərar verdiyi bu günlərdə Türkiyənin vasitəçilk missiyası effektli ola bilərmi? Ümumiyyətlə Ankaranın maraqları nədən ibarətdir? Bəzi ekspertlər Ərdoğanın V.Putin hakimiyyətinin çökməsində maraqlı olmadığını iddia edirlər, bu, doğrudurmu?

Tarixçi professor Xaləddin İbrahimli bildirir ki, belə görüntü var. Onun sözlərinə görə, Türkiyə Rusiyanın güclü olmasını istəmir, eyni zamanda bölgədə ABŞ-ın da güclü olmasından yana deyil və bunun üçün kifayət qədər ciddi səbəbləri var. "ABŞ-ın Türkiyənin cənubunda süni dövlət yaratmaq istiqamətindəki çalışmaları ortadadır. Amma Türkiyə Ukraynanın haqq işini dəstəkləməkdən bir an da olsun vaz keçmir. Bizim media bəzən bu iki məsələni bir arada dəyərləndirmək istəmir. Amma bu iki amili bir-birindən ayırmaq olmaz", - o vurğulayıb.
Professor qeyd edir ki, ümumilikdə Türkiyənin maraqları postsovet məkanında Azərbaycanın və 4 Orta Asiya dövlətinin möhkəmlənməsindən və Türk Dövlətləri Təşkilatının güclü bir təşkilat halına gəlməsindən yanadır: "Bu da Rusiyanın təsirinin zəifləməsi ilə sıx bağlıdır. Ancaq bu məsələ təkcə Türkiyədən asılı deyil. Haqqında bəhs etdiyimiz ölkələr Rusiyaya çox bağlıdırlar, hətta bəzi sahələrdə müstəqil siyasət yürütməkdə çətinlik çəkirlər və əsas problem də bu ölkələrin ciddi birliyə hazır olmamasıdır. Bu dövlətlərin bəziləri az qala Moskva ilə şərikli idarə olunur. Hətta Moskvadan müəyyənləşdirilən şəriklər bəzən bir olmur, təhsil, hərbi, təhlükəsizlik, siyasi idarəçilik kimi strateji sahələri əhatə edirlər. Dövlət idarəçiliyi şərik tanımaz, şərik qəbul etməz. Bu durum dəyişməlidir. Qarşıdakı illərdə türk dövlətlərini Kremlə bağlayan iplər zəifləyəcək, bir az da içəridən, yəni özümüzdən istək və cəhd olsa, qırılması asanlaşacaq".
X.İbrahimli daha sonra Qarabağ ətrafında cərəyan hadisələrə, Ermənistan hakimiyyətinin tez-tez dəyişən mövqeyinə, Rusiyanın zəifləməsi fonunda regionda proqnozlaşdırılan ssenarilərə nəzər salıb: "Məncə, Paşinyanın üzərində ciddi basqılar var, bu da onun konkret mövqe seçməsinə əngəl olur. Ermənistanda təhlükəsizliyə cavabdeh, hələ ki, Rusiyadır. İstədiyi vaxt iqtidarı zorla dəyişdirə bilər. Bunu 1999-cu ildə də göstərdi. Siyasi hakimiyyətin təhlükəsizliyini təmin edəcək daxili və xarici güc olmadığından, ölkədə Rusiyanın hərbi bazasının varlığı üzündən Ermənistan siyasi rəhbəri Moskvanın girovluğundan qurtula bilmir. Ona görə də Moskvadan dönən kimi Kremlin ağzı ilə danışmağa məcbur olur. Qafqaza Kremlin təsiri zəiflədikcə Ermənistan real siyasət yürütməyə başlayacaq, başqa çarəsi yoxdur. Qarşıda biz bunu daha aydın görəcəyik".
Tarixçi professor hesab edir ki, Azərbaycan bir az da səbr etməlidir: "Rusiya əvvəlki Rusiya olmayacaq. Qərb də Rusiyadan əl çəkən deyil, onu təhlükəsiz həddə qədər zəiflədəcək. Bu zaman bütün postsovet məkanı yeni dönəmə girəcək. Gürcüstan da, Azərbaycan da, Moldova da illərlə yığılıb qalan problemlərini çox qısa zamanda həll etmək imkanı qazanacaq. Arxasında Türkiyənin dayandığı Azərbaycanın isə şansları daha çoxdur; yetər ki, ortada səmimiyyət olsun. Zəngəzur dəhlizi açılmalı, bu kiçik bölgədə Türkiyə və Türküstan arasında yaradılan süni, həm də geopolitik çat ortadan qaldırılmalıdır".скачать dle 12.1