Bia.Az

Aleksey Kalaçyov: “Azərbaycan, Qazaxıstan və Rusiya böhrana tab gətirəcək” - MÜSAHİBƏ

Cəmiyyət
 27-03-2020, 17:08     404

Aleksey Kalaçyov: “Azərbaycan, Qazaxıstan və Rusiya böhrana tab gətirəcək” - MÜSAHİBƏEnerji qiymətlərinin aşağı düşməsi COVID-19 pandemiyası fonunda baş verir. Koronavirusun dünyada baş verən bütün bu mənfi prosesləri aktivləşdirdiyini söyləmək mümkündürmü?

Media.Az bu məsələlərlə bağlı fikirlərini öyrənmək üçün Rusiyanın “FİNAM investisiya holdinqi” Səhmdar Cəmiyyətinin ekspert-analitiki Aleksey Kalaçyova müraciət edib:

- Koronavirus bütün prosesləri aktivləşdirməklə qalmadı, həmçinin bu prosesləri “təşviq etdi”. Hər şey mümkün idi: həm bazar tənzimlənməsi, həm neft hasilatını azaltmaq üçün yeni sazişlər və s. Lakin COVID-19 amili bir çox əsas sənaye mövqelərinə tələbin azalmasına səbəb olub. Metallar, neft və qaz tətbiq olunan karantin tədbirləri səbəbindən də ucuzlaşır. Çin, İtaliya və Almaniyada müəssisələr fəaliyyətini dayandırır.



Hesab edirəm ki, “OPEC+” sazişi məhz bu vəziyyətə görə pozuldu. Ancaq həmin dövrdə Çinə neft idxalının azalmasını kompensasiya etmək üçün bir çox ölkələr, o cümlədən Rusiya neft hasilatının bu qədər azaldılmasına hazır deyildi. Hasilatın aşağı pik həddinə razılaşmaq mənasız idi.

İndi də dünyada idxalın azalacağını görürük. Koronavirus nəinki adi “qara qu quşu”na (ciddi nəticələrə səbəb olan və çətin proqnozlaşdırıla bilən nadir hadisələr belə adlanır - red.) çevrildi, o, böyük və yağlı “qara qu quşu” oldu.

- Rusiya karantinə gedir, Qazaxıstan və Azərbaycanda artıq karantin rejimidir...

- Əlbəttə ki, çətin olacaq. İqtisadiyyat təkcə rəqəmlər, büdcə deyil, həm də cəmiyyətin, ailələrin həyatıdır. Büdcə itkisini kompensasiya etmək məsələnin bir, layihələri ləğv etmək isə (Rusiyanı nəzərdə tuturam) artıq başqa tərəfidir. Rusiyada Prezident Vladimir Putinin elan etdiyi əlavə qeyri-iş həftəsi nədir? Bu, Ümumi Daxili Məhsulun (ÜDM) 1/52 hissəsinin itkisidir. Unutmayaq ki, 366 günlük ildə fevral ayında bir əlavə iş günü var, buna görə “Rosstat” məmnuniyyətlə istehsalımızın artdığını bildirmişdi. İndi isə bir həftə əksik olacaq. Bu, əlbəttə ki, çətin qərardır. Ancaq göründüyü kimi, başqa çıxış yolu yoxdur.

- Neftin qiymətinin artması perspektivləri barədə nə düşünürsünüz? Bir neçə gün əvvəl ABŞ neftçiləri Rusiya və Səudiyyə Ərəbistanı ilə danışıqlara hazır olduqlarını bəyan etdilər. Təşəbbüs ABŞ-ın ən böyük şist nefti istehsalçısı olan Texasdan gəldi. Qiymətlərin düşməsi yerli şirkətlərə də ağır zərbə vurub.

- Belə bir razılaşma imzalamağın mümkünlüyünə inanmıram. ABŞ, Səudiyyə Ərəbistanı, Rusiya çox fərqli iqtisadiyyatlara malikdir. Neft və qaz sektorunda da fərqlər var.

Səudiyyə Ərəbistanında hər şey daha sadədir – “Saudi Aramco” (Səudiyyə Ərəbistanı Neft Şirkəti, əvvəllər Ərəbistan-Amerika Neft Şirkəti - red.) şirkəti var. 100 faiz dövlətə məxsusdur. Bu, dünya neft ixracının təxminən 15 faizini təşkil edir. Burada hər şey aydındır.

Rusiyada isə artıq belə deyil. Energetika Nazirliyinin neft şirkətləri üzərində səlahiyyəti yoxdur. Nazirlik yalnız danışıqlar apara bilər, göstəriş verə bilməz. Buna baxmayaraq, “Rosneft” (nəzarət səhm zərfi dövlətə məxsus “Rosnefteqaz” SC-yə məxsusdur – red.) neft istehsalının 40 faizini və ixracın 50 faizini təmin edir.

Bəs ABŞ-da vəziyyət necədir? Orada, ümumiyyətlə, dominant şirkət yoxdur. Belə şirkətlər, xüsusilə də, şist nefti bazarında minlərlədir. Orada kimlə danışıq aparmaq olar? Özəl şirkətlər ABŞ prezidentinə qulaq asmayacaq. Beləliklə, müqavilə bağlayan tərəflərin səlahiyyətləri qeyri-bərabər və anlaşılmazdır. Bəli, hansısa razılıq, məsləhətləşmə, müzakirə, “şifahi müdaxilə” mümkündür. Lakin ABŞ-la məcburi razılaşma əldə edilə bilməz.



İndi sarsıntılı, daim dəyişən bir vəziyyətdir. Zərərin miqyasını (qlobal iqtisadiyyat üçün - red.) biz hətta anlaya bilmirik. Koronavirus epidemiyası hələ heç pik həddə çatmayıb. Anlayırıq ki, bütün neft istehsalçıları ixracatı rentabelliyin imkan verdiyi qədər artıracaq. Bu, onların bazar payı uğrunda mübarizəsidir.

Səudiyyəlilər hasilatı gündə 13 milyon barelə qədər artırmağa və bütün dünyanı bir bareli 25 dollara olan neft ilə doldurmağa hazır olduqlarını söylədilər. Ancaq bu, sözdür. Onların nəyə və necə nail olacağını bilmirik.

Daha bir nüans var. Yaxşı, “qara qızıl”ın qiyməti düşüb, bazar dolub-daşır. Onlar harada saxlanılsın?! Anbarlar doludur. Heç olmasa, hər hansı bir müəyyənliyin olacağı anı gözləmək lazımdır, sonra strategiya qurmaq mümkün olacaq. Hələ ki, “sahildə oturmalıyıq”, sonra görək nələr olacaq.

Ancaq neft hasil edən ölkələr - Rusiya, Azərbaycan və Qazaxıstan haqqında danışsaq, demək olar ki, biz tab gətirəcəyik. Bəlkə də itkilər olacaq, axı bu qlobal böhrandır. Ancaq ehtiyatlar dolub (neft istehsalının və ixracının maya dəyərinə təsir edən), vergi və valyuta ilə tənzimləmə üsulları var. Bunu unutmaq lazım deyil. Beləliklə, vəziyyəti tarazlaşdırmaq üçün imkanlar mövcuddur.скачать dle 12.1