Bia.Az

AZƏR TAĞIYEV: SADƏ VƏ VİCDANLI İNSAN - Hüquq camiyəsi onu minnətdarlıqla xatırlayır...

Cəmiyyət
 25-04-2022, 14:59     290

Bu gün onun günüdür, yaşasaydı 74 yaşını tamam edəcəkdi, xaraketrinə uyğun təmtəraqsız, sadə, təvazökar şəkildə... Vəkillər Kollegiyasının mərhum sədri (2004-2017), hüquq camiyəsinin fəxrlərindən olan Azər Tağıyev 70 illik ömrünü belə yaşayıb, o, dostlarının, həmkarlarının yaddaşında belə qalıb.

Azər Tağıyev 1948-ci ilin aprelin 25-də Şəki şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra 1967–1973-cü illərdə Bakı Dövlət Universitetinin Hüquq Fakültəsində ali təhsil alıb. 1974-cü ildə Azərbaycan SSR Vəkillər Kollegiyası üzvlüyünə qəbul olunaraq Bakıda 14 saylı hüquq məsləhətxanasında vəkillik fəaliyyətinə başlayıb.
1980-ci illərin əvvəlində Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvü, həmin ilin sonunda Rəyasət Heyətinin sədr müavini, 1995-ci ildə isə Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri seçilib.
Azər Tağıyev 2004-cü il 3–4 noyabr tarixində təsis edilən Azərbaycan Vəkillər Kollegiyasının ilk sədri seçilib və 13 il - 7 dekabr 2017-ci ilədək bu vəzifədə çalışıb. O, həm də 1998-ci ildən Mərkəzi Seçki Komissiyasının (MSK) üzvü təyin edilib və ömrünün sonuna qədər seçki qurumunun işində iştirak edib.
A.Tağıyevin MSK üzvlüyü və Kollegiyaya sədrlik etdiyi illər Azərbaycanda ictimai-siyasi proseslərin ən qaynar dövrünə təsadüf edib. Bu illəri ölkədə ictimai-siyasi quruluşların formalaşdığı və rəqabətli inkişaf dövrü də adlandırmaq olar. Böyük tirajla nəşr olunan gündəlik qəzetlər, siyasi partiyaların dolub-daşan ofisləri, seçki mübahisələri, hüquq müstəvisinə çıxan siyasi davalar Azərbaycanın əsas siyasi gündəmini təşkil edirdi.
Azər Tağıyevin adı bu mübahisələrdə tez-tez çəkilirdi, çünki Vəkillər Kollegiyası da proseslərin aktiv iştirakçısı idi. Müxalif nəşrlər, siyasətçilər, hüquqşünaslar onu tənqid edirdilər, o da cavab verirdi, polemikaya girirdi. Amma heç vaxt siyasi mədəniyyət çərçivəsindən kənara çıxmazdı, məhkəmələrdə iddia qaldırmazdı.

Vəkillər Kollegiyasının iclasları həmişə gərgin olardı. O, ölkənin ən tanınmış hüquqşünaslarının toplaşdığı bu qurumda demokratik mühit formalaşdıra bilmişdi. Müzakirələr, qərarlar bəzən kollegiyada bitməzdi, mətbuat səhifələrində davam edərdi. Əlbəttə, o dövr quruma Azər Tağıyev kimi mədəni və peşəkar hüquqşünas rəhbərlik etməsəydi, vəkillik institutu üçün çox çətin olardı.
Bu gün Vəkillər Kollegiyası onun dövründə vəkil mantiyası geyinərək fəaliyyətə başlamış hüquqşünasların çiynindədir. Onlar cəmiyyətin ən fundamental hüquq problemləri haqqında danışırlar, yazırlar, təkliflər verirlər. Bu gün vəkillik institutunun cəmiyyətdəki nüfuzunu da onların özləri və yetirmələri olan gənc hüquqşünaslar formalaşdırır.
Söhbət etdiyimiz vəkillər, hüquqşünaslar bildirirlər ki, A.Tağıyevə hüquq camiyəsində qəribə bir rəğbət vardı. Təmənnasız, iddiasız olması, problemlərdən sadə çıxş yolu tapa bilməsi, tənqidə açıqlığı rəhbər kimi ona hörmət gətirərdi. Ən qatı əleyhdarları da ona qarşı ədəb qaydalarını gözləyər, hər hansı pis ifadə işlətməkdən çəkinərdilər. O, fəaliyyəti dövründə heç vaxt "qara piar”ın hədəfi olmadı, şəxsiyyəti ilə buna imkan vermədi.
Azər Tağıyevin ömrünün son illəri ağrılı keçib. Səhhətindəki problemlər artdıqca yavaş-yavaş kölgəyə çəkildi, mübahisələrdən, polemikalardan uzaqlaşdı. İşə gəldiyi günlərin sayı getdikcə azaldı və bir gün - 30 aprel 2018-ci ildə hüquq camiyəsini kədərləndirən o xəbər gəldi - Azər Tağıyev dünyasını dəyişdi!
Azər Tağıyev bu dünyada 70 il yaşadı, sadə, təmənnasız, vicdanlı həyat tərzi ilə öz nümunəsini yaratdı, yaddaşlarda belə qaldı. Bu gün Azərbaycan cəmiyyəti, xüsusən hüquq camiyəsi onu unutmur, xatirəsini əziz tutur və yaşadır.
Allah rəhmət eləsin!
Rasim Əliyev
"AzPolitika.info"   скачать dle 12.1