Bia.Az

“O, BATDI!” – “Moskva” kreyseri necə dənizin dibinə getdi və bu, nəyə təsir edəcək?

Siyasət
 18-04-2022, 15:46     217

Ukrayna ilə müharibədə Rusiya canlı qüvvə və döyüş texnikası sarıdan çox ciddi itkilər verir. Kreml bütün vasitələrlə bunu öz ictimaiyyətindən gizlətməyə çalışır. Amma buna nail olmaq çox çətindir.
Məsələn, Rusiyanın Qara dəniz donanmasının flaqmanı olan “Moskva” kreyserinin Ukrayna tərəfindən raketlə vurularaq batırılması hadisəsini gizlətmək mümkün olmadı. Hazırda rusların tərifli kreyserinin necə məhv edilməsi ilə bağlı müxtəlif versiyalar dolaşır.
“AzPolitika.info” xəbər verir ki, Ukraynanın “Strana.ua” portalında dərc olunan “O, batdı! “Moskva” kreyseri necə dənizin dibinə getdi və bu, nəyə təsir edəcək” başlıqlı məqalədə sözügedən mövzuya toxunulur. Həmin məqalənin tərcüməsini qısa ixtisarla təqdim edirik:
“13 aprel axşamı Ukrayna informasiya mənbələrində Zmeynı adası yaxınlığında olan Rusiya kreyserinin raketlə vurulduğu barədə məlumat yayıldı. Əvvəl məlumat qeyri-rəsmi mənbələrdən gəldi, lakin sonradan bu məlumatı Ukrayna Prezident Ofisi və Odessa hərbi administrasiyası da təsdiqlədi. Gecə saatlarında Rusiya Müdafiə Nazirliyi “Moskva” kreyserində yanğın olmasını etiraf etsə də, bunun səbəbini açıqlamamışdı. Ancaq teleqram kanalları onun batdığı barədə xəbərlər verirdilər. Ertəsi gün Ukrayna hərbçiləri “Moskva” kreyserinin “Neptun” raket komleksi ilə vurulduğunu bildirdilər.
“Neptun” raketi Ukraynada istehsal edilir və SSRİ-də hazırlanmış “X-35” raketinin dərin modernləşmiş nümunəsidir. Bu raketin elektronika sistemi müasirləşdirilib, kütləsi və uçuş məsafəsi artırılıb. ”Neptun” raketi 2020-ci ildə Ukrayna silahlı qüvvələrinin döyüş cərgəsinə qoşulub və o, dəniz hədəflərinin vurulması üçün nəzərdə tutulur.
Kreyserin məhvi versiyaları

Ukrayna quru qoşunlarının cənub operativ komandanlığının məlumatında deyilir: ”Qara dəniz əməliyyat zonasındakı gəmilər əleyhinə “Neptun” raketi ilə vurulan Rusiya Qara dəniz donanmasının flaqmanı “Moskva” kreyseri ciddi zədə alıb və nəticədə yanğın baş verib. Yaxınlıqdakı digər gəmi qrupları kömək etməyə çalışblar, lakin qasırğa və güclü partlayış kreyseri yanı üstə çevrib və o, batmağa başlayıb”.
Buna baxmayaraq informasiya məkanında əlavə versiyalar da təhlil olunur. Belə hesab edilir ki, əməliyyat guya, NATO gücləri tərəfindən həyata keçirilib. 12 apreldə Qara dənizin qərb hissəsində Britaniyanın “RC-135” kəşfiyyat təyyarəsi və ABŞ-ın “Global Hawk” PUA-sı müşahidə edilib. “AirNav” xidmətinin məlumatları da bunu təsdiq edir. Lakin bu obyektlərin 13 apreldəki uçuşları barəsində məlumat yoxdur. Heç şübhəsiz ki, həmin gün Qərb müttəfiqləri sadəcə olaraq döyüş aviasiyasının transponderlərini söndürməklə kəşfiyyat apararaq “Moskva” kreyserinin koordinatlarını müəyyənləşdirib və onu “Neptun”un operatorlarına ötürüblər.
Rusiya mənbələri xəbər verirlər ki, kreyserə raket zərbəsinin vurulması ərəfəsində “Bayraktar” da həmin ətrafda uçuş həyata keçirib. Versiyalara görə, “Bayraktar” ya yayındırıcı manevr edib, ya da ki, kreyserin radarına zərbə vuraraq onun Hava Hücumundan Müdafiə sistemini dağıdıb.
Gəmiyə zərbə vurulan gün dənizdə qasırğa olub və belə bir hava şəraitində gəminin xilas edilməsi çətinləşib. Ehtimal olunur ki, dalğanın yaratdığı güclü səs raket hücumunun dəf edilməsini əngəlləyib.
Deməli, belə görünür ki, ”Moskva” kreyserinin batırılması yaxşı planlaşdırılmış əməliyyatdır və nəinki hərbi, həm də çox güclü rəmzi effekt yaradıb. Belə ki, ilk dəfədir Rusiya rəsmi surətdə bu müharibədə böyük itki verdiyini etiraf edib.

“Moskva”nın məhvi hansı anlama gəlir?

Bu hadisədə üç əsas istiqamətə diqqət etməliyik:
1. Batan raket kreyseri Qara dəniz zonasındakı əməliyyatlarda qoruma və koordinasiya funksiyasını yerinə yetirirdi, əsasən də Ukraynaya qarşı müharibədə.
Əvvəla, “Moskva” Rusiya gəmilərini düşmən donanmasının hücumundan qoruya bilərdi. Suüstü hədəflərin batırılması üçün bu kreyserdə “Vulkan” qanadlı raketi yerləşdirilmişdi.
İkincisi, hava hücumundan qorunmaq üçün bu kreyser “S-300 HHM” zenit raketləri ilə təchiz edilmişdi. Onu da deyək ki, ”S-300” raketləri nəinki Qara dənizdəki gəmiləri, həmçinin də Rusiyanın Xerson vilayətindəki quru qoşunlarını qoruya bilərdi.
Hazırda Rusiya donanması Ukrayna sahillərində bir neçə tapşırıq yerinə yetirir: akvatoriyanı blokadaya alır, yük gətirir, Ukrayna ərazisinə raket zərbələri vurur (Həmçinin, “Kalibr” raketləri ilə) və həm də dənizdən desant çıxarılmasına hazırlıq görür.
“Moskva” kreyserinin itirilməsiindən sonra bu əməliyyatların keçirilməsi çox riskli görünür. Çünki Ukrayna aviasiyası və ya qanadlı raketlərinin qarşısının alınması çətinləşəcək. Digər tərəfdən, bu kreyserdən komanda məntəqəsi kimi də istifadə oluna bilərdi.
Böyük Britaniya Müdafiə Nazirliyi bəyan edib ki, indi Rusiya Qara dənizdəki strategiyasına yenidən baxır: ”Ukraynaya soxulan Rusiyanın iki əsas hərbi-dəniz obyekti sıradan çıxarılıb. Birinci zərbə 24 martda “Saratov” desant gəmisinə vurulmuşdu. Hər iki hadisə Rusiyanı Qara dənizdə öz mövqeyinə yenidən baxmağa məcbur edəcək”.
2.İndi Qərb diqqətini Ukraynanın cənubundakı cəbhəyə yönəldib. ABŞ bəyan edib ki, Ukraynanı Krım və onun ətrafında olan potensial hədəflər barədə kəşfiyyat məlumatları ilə təmin edəcək. Anlamalıyıq ki, Ukraynanın Qara dəniz ətrafı əraziləri həm Ukrayna, həm də Rusiya üçün çox vacibdir. Bura bəlkə də hərbi-strateji nöqteyi nəzərdən hətta Donbas bölgəsindən daha mühüm əhəmiyyət daşıyır. Bu ərazilərin qismən və ya tamamilə itirilməsi Ukraynanın dəniz yolunu kəsəcək. Ukrayna üçün Qara dəniz çox önəmli iqtisadi arteriyadır. Hazırda həmin istiqamət Rusiyanın dəniz blokadasına görə praktiki olaraq dayanıb.
Xerson və Zaporojye vilayətləri Rusiya üçün Krıma quru dəhlizi açır. Xarici ölkələrin kəşfiyyat məlumatlarında dəfələrlə deyilib ki, Rusiyanın planında Odessa vilayətinin işğal olunması da yer alır. Rusların başlıca məqsədi Qara dənizin bütün şimal hissəsini nəzərətə götürməkdir. Ona görə də cənub bölgəsində həm dənizdə, həm də quruda gedən döyüşlər daha da intensivləşəcək. Bu bölgədə istər Rusiyanın yeni hücumlarının olacağı, istərsə də Ukraynanın Xersonu azad etmək üçün hücuma keçəcəyi gözlənilir. Rusiya gəmilərinə yeni zərbələr vurulacağını istisna etmək olmaz. Həm də ki, Ukraynaya Qərbdən gəmilər əleyhinə raketlərin verilməsi müzakirə edilir. Belə bir versiya da var ki, ”Moskva” kreyseri “Neptun” raketi ilə yox, Qərb ölkələrinin verdiyi raket vasitəsi ilə vurulub.
3.Moskva kreyserinin məhv edilməsi Rusiya ordusunun nüfuzuna ciddi zərbədir. Bundan sonra Rusiya ən azından hansısa rəmzi “qələbə” qazanmağa çalışacaq. Məsələn, böyük şəhərlərin raket atəşinə tutulmasını aktivləşdirəcəklər”.скачать dle 12.1