Bia.Az

AZƏRBAYCANDA DƏLƏDUZLUQ NİYƏ ARTIR? - Bəzi vəkillər dələduzlarla əlbir olub zərərçəkmişləri şantaj etməkdən də çəkinmirlər...

Sosial
 15-04-2022, 16:03     339

Dələduzların toruna düşməmək üçün nə etməliyik?- “Azərbaycanda dələduzluq faktlarıyla bağlı nadir hallarda cinayət işi başlanır”

Son illər ölkədə dələduzluq cinayətlərinin və bu cinayətdən məhkum olunanların sayının artdığı müşahidə olunur. Dələduzluqla məşğul olanlar bunun səbəbini sosial-iqtisadi vəziyyətlə əlaqələndirsələr də, onlar arasında bu işlə “hobbi” olaraq məşğul olanlarda az deyil. Başqalarına məxsus əmlakı, vəsaiti ələ keçirməyə can atanların sayının artması da dələduzluq cinayətlərini çoxaldıb.
Bu gün Azərbaycanda istənilən sahədə dələduzların yalançı vədlərinə aldanaraq, onların toruna düşmək mümkündür. Ən maraqlısıda odur ki, bu işlə sadə vətəndaşlarla yanaşı yüksək vəzifəli məmurlar, tanınmış simalar, hətta insanların hüquqlarını qorumalı olan vəkillər də məşğul olurlar.
Həmin şəxslər saxta yollarla insanların külli miqdarda vəsaitlərini, əmlaklarını ələ keçirirlər. Bu şəxslərin bəzi hallarda cəzasız qalması, asan yolla qazanc əldə etmək istəyənların sayının artmasına, dələduzluqla məşğul olanların çoxalmasına səbəb olur.
Dövlət Statistika Komitəsinin (DSK) məlumat bazasına nəzər saldığımız zaman da ölkədə dələduzluq cinayətlərinin sayının artdığını görə bilərik. DSK-nin verdiyi məlumata görə 2020-ci ildə Azərbaycanda 2083 dələduzluq faktı qeydə alınıb. Ölkədə 2011-ci ildən bu qəbildən olan cinayətlərin sayı müsbət tendensiyayla artmaqda davam edir.
Məlumat üçün qeyd edək ki, son 20 ilə nəzərən, ən çox dələduzluq cinayəti 2011-ci ildə (4373 nəfər) qeydə alınıb.
Qeyd edək ki, dələduzluğun geniş yayılmasının bir səbəbi də məhz bu əməli törədənlərin bir çoxunun cinayət məsuliyyətinə cəlb olunmamasıdır.
Azərbaycanda dələduzluq faktlarıyla bağlı bəzi hallarda cinayət işinin başlanılmasının rədd olunması barədə qərar qəbul edilərək, vətəndaşa mülki qaydada məhkəmələrə müraciət edilməsi tövsiyyə olunur.
Qeyd edək ki, dələduzluq faktlarıyla bağlı cinayətlərin artması həm də bəzi hüquq mühafizə orqanları əməkdaşlarının, müstəntiqlərin və vəkillərin dələduzlarla əlbir olaraq başqasının əmlakını ələ keçirməyə çalışmasıdır. Azərbaycanda bəzi tanınmış vəkillərin bu sahədə xüsusilə "təcrübə" qazandığı bildirilir...
Dələduzlarla əlbir olaraq başqasının əmlakını ələ keçirməkdə püxtələşən bu cür vəkillər öz çirkin əməllərini reallaşdırmaq üçün bəzi müstəntiqlərlə işbirliyinə gedərək zərərçəkmişləri şantaj etməkdən də çəkinmirlər...
Bu mövzuyla bağlı vəkil Turan Abdullazadə “AzPolitika.info”-ya şərhində bildirib ki, son zamanlar Azərbaycanda sosial-iqtisadi və mədəni sferada gedən sürətli inkişaf yeni hüquqi münasibətlərin yaranmasına təkan verməklə yanaşı, bəzi cinayətlərin sayının artmasına da səbəb olub: “Həmin cinayətlərdən biri də Cinayət Məcəlləsinin Xüsusi hissəsinin 178-ci maddəsində nəzərdə tutulan dələduzluq cinayətidir. Azərbaycanda işə düzətmə, torpaq və daşınmaz əmlak alqı-satqısı sahələrində dələduzluq halları daha çox baş verir. Bəzi işbazlar xaricdə təhsil adıyla yalançı şirkətlər yaradaraq tələbələrə saxta vədlər verərək, onların pullarını mənimsəyirlər. Sosioloji araşdırmalar nəticəsində sübut olunmuşdur ki, ölkəmizdə dələduzluq cinayətlərinin çoxalmasının əsas səbəbi insanların maddi durumunun pisləşməsi, sosial təminat səviyyəsinin arzuolunan səviyyədə olmaması, işsizlik və sosial rifahın aşağı olmasıdır. Bütün bu sadalanan amillər ölkədə baş verən cinayətlərin sayının artmasına səbəb olur”.

T. Abdullazadə qeyd edir ki, dələduzluq - daha asan törədilən və rahat gəlir əldə edilə bilən cinayət növlərindən biridir: “Yəni burada hər hansı xüsusi vasitələrdən istifadə etməyə, zəhmət çəkməyə gərək yoxdur. Cinayət törədən şəxsə ona etibar edən insanlar (qurbanlar) tapmaq kifayət edir”.
T.Abdullazadənin sözlərinə görə, dələduzluğa görə cinayət məcəlləsində təsbit olunan cəzalar müxtəlifdir: “Yüngül maddələrlə dələduzluq törədənlər 1000 manatdan 2000 manatadək cərimə, 360 saatdan 480 saatadək ictimai işlər, 2 ilədək müddətə islah işləri, 2 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 2 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılırlar;
Xeyli miqdarda ziyan vurmaqla dələduzluq törədənlər - 4000 manatdan 7000 manatadək cərimə, 1 ildən 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 2 ildən 5 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılırlar;
Külli miqdarda ziyan vurmaqla cinayət törədən şəxslər- 5 ildən 10 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılırlar;
Xüsusilə külli miqdarda ziyan vurmaqla törədildiən dələduzluqlar -10 ildən 14 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”.

Vəkil vurğulayıb ki, dələduzluq cinayətinin daha bir spesifik xüsusiyyəti həmin cinayətin motivi (şəxsin niyyəti) ilə bağlıdır: “Yəni, əməl o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun. Belə desək, şəxs ona etibar edən şəxsi aldadaraq zərərçəkənə məxsus əmlakı ələ keçirməmişdən daha öncə beynində öz “kirli” niyyətini formalaşdırmış olur. Dələduzluğun oxşar digər cinayətlərdən, habelə mülki münasibətlərdən irəli gələn mübahisələrdən əsas fərqi ondan ibarətdir ki, oğurluqdan, soyğunçuluqdan və quldurluqdan fərqli olaraq dələduzluğun törədilməsi zamanı təqsirkar zərərçəkmişin əmlakını gizli şəkildə, zor tətbiq etməklə və hədələrlə ələ keçirmir, həmin əmlak aldadılmış zərərçəkmiş şəxsin özü tərəfindən təqsirli əməli törədən şəxsə verilir". 

T.Abdullazadə qeyd etdi ki, mülki münasibətlərdən irəli gələn öhdəliklərin yerinə yetirilməməsi zamanı əməl yalnız o halda dələduzluq kimi qiymətləndirilir ki, şəxsin həmin müqavilələri bağlamazdan əvvəl özgənin əmlakını və ya əmlaka olan hüququnu əvəzsiz olaraq ələ keçirmək niyyəti olsun.

Onun sözlərinə görə, dələduzlar niyyətlərini ustalıqla gizlətməyi bacardıqlsrından bir çox hallarda onların öhdəliklərin yerinə yetirilməməsini cinayət kimi sübut etmək çətin olur, bu üzdən də  məsələyə mülki mühakimə icraatı qaydasında baxılır. Bunun səbəbi kimi isə Avropa İnsan Haqları Məhkəməsinin borca görə azadlıqdan məhrum etmənin qadağan olunması prinsipinin genişləndirici təfsirlə dələduzluq əməllərinə münasibətdə də tətbiqini mümkün hesab edilməsi göstərilir.
скачать dle 12.1