Bia.Az

BUNKERDƏ GÖRÜŞ – Avstriya kanslerinin Putinin gözlərində gördükləri və görmədikləri

Gündəm
 13-04-2022, 14:57     257

Avstriya kansleri Karl Nehammerin Rusiyaya səfəri və Putinlə görüşü gözlənildiyi kimi, heç bir ciddi nəticə vermədi. Lakin ötən gün baş tutan bu səfər bir tərəfdən Rusiyaya rəhbərlik edən şəxsin yenə də dünyanın və öz dövlətinin taleyini özünün psixoloji müvazinətini itirmiş iradəsinə və ambisiyalarına tabe etdirmək niyyətindən əl çəkmədiyini, digər yandan isə Avropanın son 20 ildən artıq müddətdə “boynuna mindirdiyi” Putin Rusiyasının onu aşağılamaqda davam etdiyini göstərdi...

Kanslerin səfəri və Putinlə görüşünün mətbuat üçün qapalı olması, heç bir foto və videonun yayılmaması həmin görüşün Putinin bunkerlərindən birində keçirildiyinə dair əsaslı şübhələr yaradıb. Ümumiyyətlə, Putinin müharibə başlayandan bəri məlum səbəblərdən bunkerdə gizləndiyinə, mümkün qədər hamıdan məsafə saxlamağa, xüsusilə özünə təhlükə bildiyi və milyardlarını itirmiş oliqarxları qətiyyən yaxın buraxmadığı, öz həyatına, təhlükəsizliyinə görə bərk narahat olduğu, qorxduğu barədə mütəmadi məlumatlar yayılır. Psixoloqlar isə hesab edirlər ki, ayrı-ayrı insanlarda qəddarlığı yaradan əsas səbəblərdən biri onların təbiətindəki aşırı qorxaqlıqdır...

“Putinin gözlərinə baxmaq və Buçada gördüklərimi ona danışmaq istəyirdim” - bunu Avstriya kansleri Putinlə görüşdən sonra avropalı jurnalistlərə açıqlamasında deyib və əlavə edib: “Görüşdən heç bir yaxşı təəssürat almadım. Pessimist əhvaldayam”. Kansler deyib ki, Putin onunla görüşdə növbəti dəfə günahı öz üstündən ataraq, Buçadakı qətliama görə məsuliyyəti Ukraynanın üzərinə qoyub. Vəssalam, bu da nəticə...
Avstriya kanslerinin dediklərindən də belə qənaət yaranır ki, Putin artıq getdikcə sınıq-salxaq “moskviç”ə bənzəməyə başlayan ordusuyla günahsız insanların qanını tökməkdə, suveren ölkənin ərazilərini işğal etməyə cəhd göstərməkdə davam edəcək. Baxmayaraq ki, hətta işğalı da düz-əməlli yerinə yetirə bilmir, rus hərb tarixinin ən uğursuz və miskin döyüşlərindən birini aparır. Əlindən gələn yalnız dinc şəhərləri bombalamaq, uşaqları, qocaları, qadınları qətl etməkdir.
Yekə-yekə NATO-nu hədələyən bu ordu 50 gündür Ukraynadakı hansısa Avdeyevka kəndini belə ala, müharibə başlayandan mühasirədə saxladığı Mariupolu tuta bilmir!
Bilmirik, Avstriya kansleri Putinin bunkerində qeyri-adi nəsə görübmü, onun “gözünün içinə” baxa bilibmi və baxıbsa, orada nələri görüb. Ancaq biz Rusiya imperiya idarəçilərinin gözlərində uzun illər, əsrlər boyu işğal, qan, talançılıq, haqsızlıq, ayrıseçkilik görmüşük və görürük də. Buna baxmayaraq, Azərbaycandakı “Rus dünyası”nın sünnət olunmuş törəmələri Putinə və onun qanlı işğal planlarına haqq qazandırmaq üçün nəinki haqqdan, ədalətdən, adi bəşəri dəyərlərdən, hətta az qala dinlərindən, dillərindən, öz “yeddi arxa dönənləri”ndən belə imtina etməyə hazırdırlar.

Rusiyanın Ukraynaya qarşı işğalını Putinin “dünya imperializminə qarşı təkbaşına savaşı” kimi qələmə vermək istəyən bu “Putin aşiqləri” anlamaq istəmirlər ki, imperializmlə mübarizə aparan, öz xalqının, dövlətinin mənafeyini düşünən “lider” hakimiyyətdə olduğu az qala 25 ildə hər cür təbii sərvətlərə malik olan ölkəsini öz ətrafındakı 5-10 talançı lotu-potu dostunun caynağına verib, onları milyarder etməzdi, korrupsiyanı, oğurluğu, özbaşınalığı çiçəkləndirməzdi, mətbuatı, azad sözü, müxalifəti, demokratik institutları məhv etməzdi, insanların əksəriyyətini savadsız, yaltaq, şüursuz köləyə çevirməzdi və bu gün də ölkəsinin bu gününü və sabahını öz hikkəsinə, bacarığı və biliklərilə qətiyyən uyğun gəlməyən ambisiyalarına qurban verməzdi, Rusiyanın genofondunu təşkil edən gənclərin meyitlərini Ukrayna çöllərinə səpələməkdə davam etməzdi, planeti nüvə silahı ilə hədələyib, bütün sivil dünyanı Rusiyanın üzərinə qaldırmazdı.
Görəsən, heç “dünya imperializminə qarşı təkbaşına savaşan Putin”i dəstəkləyən bizim “Rusulla”lar və “Rusanə”lər özlərinə sual veriblərmi ki, axı, özü imperiya olan Rusiya qat-qat geri qaldığı “Qərb imperializmi”nin qarşısına nəylə çıxır və dünyaya Qərbdən daha yaxşı olan nə təklif edir? Hələ də kanalizasiyası olmayan qəsəbə və şəhərlərinimi, bütün sahələr üzrə geri qalmış iqtisadiyyatını, texnologiyalarını, elminimi? Yoxsa Ukraynadakı işğalın bir daha üzə çıxardığı açıq rus şovinizmini, qəddarlığını, müharibə cinayətlərini, qətliamlarınımı? ABŞ-a, Avropaya, dollara, avroya, funt-sterlinqə və s. qalib gəlmək üçün, onlardan daha üstün, daha cəlbedici, daha müasir və ədalətli(!) nəsə təklif etməlisən. Rusiyada bunlar varmı? Xeyr!
Rusiyanın Ümumi Daxili Məhsulu ərazisinə görə ondan 170(!) dəfə kiçik olan, nefti, qazı və digər hansısa bahalı təbii sərvəti olmayan Cənubi Koreyanın müvafiq göstəricisi ilə demək olar eynidir. “Xalqını, dövlətini sevən, Qərb imperializmi ilə mübarizə aparan dünya lideri” bununla necə barışır? Nədən silahlanmaya, talançılığa, korrupsiyaya sərf edilən vaxt və enerjini ölkəsində yeni texnologiyaların işlənməsinə, tətbiqinə, gerçək iqtisadi inkişafa sərf etməyib? Putinin Ukraynaya və ukraynalılara qarşı nifrətinə gəlincə, bunun bir səbəbi də onların Rusiya və ruslar üçün “pis nümunə” olmalarıdır. Çünki Putinin düşüncəsində ukraynalılar Yanukoviçi devirməklə, ruslara “Putini də devirmək olar” mesajını vermişdilər. Bugünsə Rusiya müharibəyə müharibə deməyi qadağan edən, əlində Tolstoyun “Hərb və sülh” kitabı tutan adamı cərimələyib həbsə atan ölkədir və bundan qətiyyən utanıb-qızarmır!
Bizdəki “Putin aşiqləri” anlamaq istəmirlər ki, Putinin bircə məqsədi var – ölənə qədər hakimiyyətdə qalmaq! Bunun üçünsə, onun fikrincə güclü iqtisadiyyat, sosial rifah, elmi-texnoloji, mədəni inkişaf və s. yox, qan, müharibə, “qələbə” lazımdır. Çünki bu, onun üçün sınanmış metoddur. İlk olaraq, məhz ikinci Çeçenistan müharibəsi onun ruslar arasındakı reytinqini yüksəltdi. Ardınca, reytinq aşağı düşməyə başlayan kimi, 2008-ci ildə Gürcüstanın bir hissəsi işğal edildi. Yenə reytinq qalxdı. Ancaq 2008-ci ildən 2014-cü ilə qədər Putinin reytinqi 75 faizdən 40 faizə düşdü. Bu vaxt Krım ilhaq edildi və Donbasda işğalçılıq hərəkatı başladı. Reytinq dərhal qalxdı 80 faizə! İndi də həmin proses baş verir...
Ümumiyyətlə, Rusiya öz ərazisinə nisbətdə olduqca kiçik iqtisadiyyatı, elmi, texnologiyası və idarəetmə təfəkkürü ilə nəhəng dinozavra bənzəyir – bədən böyük, baş balaca. Bu gün Ukraynada davam edən müharibə isə bir daha göstərir ki, həmin balaca baş nəhəng bədəni idarə etmək iqtidarında deyil. Ona görə də həmin bu “dinozavr” öz köntöy, yöndəmsiz, ölçü-biçisiz davranışlarıyla ətrafa dağıntıdan, qan-qadadan, qorxudan, səfalətdən başqa heç nə gətirmir. Dinozavrlarınsa sonunun nə olduğu hamıya bəllidir, elə rus alimlərinə də... /“AzPolitika.info”
скачать dle 12.1