Bia.Az

“LOTEREYA İLƏ GƏLİB VƏZİFƏDƏ OTURUBLAR...” – “Elə gənc məmur var ki, heç kimi saymır”

Siyasət
 12-04-2022, 11:39     182

Deputat Fazil Mustafa Milli Məclisdə "İnvestisiya fəaliyyəti haqqında" qanuna təklif edilən dəyişikliyin müzakirəsi zamanı gənc məmurları tənqid edib. 

Ölkədə korrupsiyanın azalmamasından gileylənən deputat bəzi gənc məmurları "acgözlük"də ittiham edib: "Qanun məsələsini həll etməmişdən əvvəl mühit problemini həll etməliyik. Şəffaf mühit yaradılmasa, çağırışların təşəbbüslərin faydası olmaz. Hərə bir qapını əli ilə tutub ki, bura mənimdir. Korrupsiya ilə bağlı addımlar atılır, amma korrupsiya azalmır. Çünki köhnə məmurlar korrupsiyaya alışıblar. Amma onların gözü yenilərdən daha tox idi".
Deputatın gənc məmurları hədəfə almasının səbəbləri maraq doğurur. Söhbət kimlərdən gedir? Səsləndirdiyi ittihamlar barədə deputatın hansı faktları mövcuddur?
Bu barədə Modern.az-a danışan Fazil Mustafa çıxışına aydınlıq gətirərək, səsləndirdiyi fikirlərin bütün gənclərə şamil edilmədiyini söyləyib: “Bir qrup insan var ki, hökumət telefonunun mahiyyətini bilmir. Yüz dəfə zəng vur, yaxud, bir ay otur zəng vur, telefonu götürməyəcək. Hətta, köməkçi də götürmür ki, zəngi qeyd eləsin. Bir qrup da var ki, qeyd edir, amma cavab vermir. Anlamırlar ki, dövlət vəzifəsi nədir, dövlət məsuliyyəti nədir? 
Lotereya ilə gəlib vəzifədə oturublar. Bəlkə, elə bilirlər ki, kresloda ömürlük oturacaqlar və heç kimi də eşitmək lazım deyil. Bu, geniş yayılmış bir tendensiyadır. Təbii ki, kifayət qədər öz işini bilən cavan kadrlar da var ki, onlar daha məsuliyyətli davranırlar. Onlarla belə kadrlar var, hansısa vəzifəyə qoyublar, məsələn, Miqrasiya Xidməti ilə əlaqə yaratmaq mümkün olur. Yasamal Rayon İcra hakimiyyətilə dərhal əlaqə yaratmaq mümkündür. Bu qurumların rəhbərləri cavan kadrlardır. Məsuliyyətlərini dərk edən insanlardır. Müraciət olunduqda xüsusi reaksiya verirlər. Sonra digər sahələrdə də belə əlaqə yaratmaq mümkün olur”. 
Parlamentari bəzi məmurların deputatları saymadığını söyləyib: "Bir qrup da var ki, heç kimi saymır. Heç deputatı da saymırlar. Bəlkə də onlara kimsə göstəriş verib. Söhbət bizim sözümüzün eşidilməsindən getmir. Söhbət bütövlükdə bu məsələlərə münasibətdən gedir. Münasibətin sağlam olmaması yaxşı ənənə deyil. Bu, dövlətin, vətəndaşın işidir. İş axsayırsa, bunu bərpa etməyin özü də xeyli çətinlik yaradır”. 
F. Mustafa onun telefon zənglərinə cavab verməyən qurumlardan da söz açıb: “Nömrəni verirsən ki, əlaqə saxlasın, iki ay keçir, əlaqə yoxdur. Köməkçisinə deyirsən ki, xahiş edirəm nömrəni götürün, deyərsiniz əlaqə saxlasın, vacib məsələ var, seçicinin problemi var. Görürsən ki, yox, əlaqə saxlamadı. Çünki məsuliyyətini dərk etmir. İndi bizim gücümüz çatmır ki, kiməsə deyək, bu şəxs bura layiq deyil. Hərənin də yəqin ki, bir himayədarı var. Heç kimi saymırlar”. 
Milli Məclis üzvü gənc məmurlara tövsiyələrini də çatdırıb: “Ümumi şəkildə deyirəm, kim vəzifəyə təyin olunursa, ona başa salmaq lazımdır ki, bura uşaq bağçası deyil. Yəni hökumət telefonu cavab vermək, əlaqə yaratmaq üçündür”.скачать dle 12.1