Bia.Az

Putinin başlatdığı müharibə BMT-ni də rəzil vəziyyətə salıb

Gündəm
 1-03-2022, 11:52     282

Politoloq: “Bu qurum köhnəlib, nimdaşlaşıb və təsirsiz təşkilata çevrilib, ona görə də yenilənməlidir”

Artıq bir həftəyə yaxındır Rusiya Ukraynanın şəhərlərini dağıdır, mülki insanları, uşaqları qətlə yetirir, böyük humanitar fəlakət, müharibə cinayətləri yaşanır. Lakin BMT Təhlükəsizlik Şurası toplanıb heç olmasa bir qətnamə qəbul etmir. BMT-nin başqa addımlara gücü çatmırsa, heç olmasa, qətnamələr qəbul etməklə Rusiyaya qarşı daha böyük və ciddi beynəlxalq miqyaslı tədbirlərə əl atılmasına hüquqi əsaslar yarada bilər. Lakin dünyanın ən böyük təşkilatı olan Birləşmiş Millətlər Təşkilatı bunu etmir. Bu təşkilatın dişsizliyi yenə göz önündədir. Prosesi Avropa İttifaqı, ABŞ aparır. Artıq BMT bu cür münaqişələrdə söz sahibi olmaqdan çıxıb. Bu vəziyyət isə BMT-nin yenidən format olunması məsələsini aktuallaşdırır.

Bu barədə politoloq Qabil Hüseynli “Yeni Müsavat”a bildirdi ki, dünyada sülh və təhlükəsizlik  məsələsində əsas söz sahibi olmalı olan BMT, demək, olar tam passiv vəziyyətdədir. Hətta BMT-nin baş katibi Antonio Quttereş Vladimir Putinə müraciət edərək az qala yalvarıcı tonda müharibəni dayandırmağı xahiş edir. Bütün bunlar onu göstərir ki, bəli, sülhün və təhlükəsizliyin əsas təminatçısı olan BMT öz funksiyalarını yerinə yetirə bilmir: “Üstəlik, dünyanın bir çox ölkələri tələb edirlər ki, artıq dünyaya təhdid olan, dünyada sülhün və təhlükəsizliyin düşməni olan Rusiyanı BMT Təhlükəsizlik Şurasından uzaqlaşdırmaq lazımdır. Bu kontekstdə, ümumiyyətlə, BMT-nin yenidən qurulması, həm Təhlükəsizlik Şurasının, həm də onun digər strukturlarının yenidən qurulması, bu beynəlxalq təşkilatda çox ciddi islahatlar son dərəcə vacibdir. Belə hesab edilir ki, BMT TŞ-nin üzvlərinin sayı artırılmalıdır, ən azı 10-12 nəfər olmalıdır.
Qabil Hüseynli: “Human Rights Watch” təşkilatının hesabatı reallığı əks  etdirir
Qabil Hüseynli 
Üstəlik, TŞ-də qərarların qəbul edilməsi konsensus yolu ilə deyil, sadə səs çoxluğu ilə həll edilməlidir. Bütün bunları nəzərə alaraq Türkiyə, Almaniya və digər bir sıra ölkələr BMT-də ciddi islahatlar aparılmasının vaxtının çatdığını söyləyir. İndiki şəraitdə BMT Təhlükəsizlik Şurasında əsas söz sahiblərindən olan Rusiyanın da TŞ-dən kənarlaşdırılması məsələsi gündəmdə olan məsələlərdəndir. Artıq belə çağırışlar var. Amma BMT-nin indiki baş katibi bu vəzifələrin öhdəsindən gələ bilmir, yaxud da gəlmək istəmir. Ümumiyyətlə, bu təşkilatın olan-qalan potensialını da baş katib tam passivləşdirib. Təcavüzə məruz qalan Ukraynaya hər hansı bir real ciddi dəstək verə bilmir”.

Politoloqun fikrincə, BMT-nin səlahiyyətləri artırılmalıdır, qərarların qəbul edilməsi mexanizmi sadələşdirilməli, icra mexanizmi də təkmilləşdirilməlidir. BMT-nin sanksiya tətbiq etmək səlahiyyəti artırılmalıdır: “1945-ci ildə yaradılmış dövlətlərarası beynəlxalq təşkilatda hazırda 193 üzv ölkə təmsil olunur. Baş qərargahı Nyu-York şəhərində yerləşən təşkilatın əsas vəzifəsi beynəlxalq sülhü və təhlükəsizliyi qorumaq və möhkəmlətmək, dövlətlər arasında əməkdaşlığı inkişaf etdirməkdir. Birləşmiş Millətlər Təşkilatı İkinci Dünya müharibəsindən sonra beynəlxalq sülhün və təhlükəsizliyin qorunub saxlanılması, millətlər arasında dostluq əlaqələrinin inkişafı və sosial tərəqqiyə yardım, insan həyatının və hüquqlarının müdafiəsi səviyyəsinin yüksəldilməsi məqsədilə yaradılıb.  BMT kifayət qədər uzunömürlü bir beynəlxalq təşkilatdır, sanki köhnəlib, nimdaşlaşıb, ciddiliyini itirib və artıq onun yenilənməsi, idarəetməsində, səlahiyyətləri məsələsində ciddi dəyişikliklər edilməsi zərurətə çevrilib”.скачать dle 12.1