Bia.Az

“PUTİN UKRAYNANI ÇOXDAN İTİRİB, AMMA...” - Rusiya prezidenti Ukraynadakı sabitliyi pozmaq üçün nələr edəcək?

Gündəm
 15-02-2022, 15:55     250

“Kreml istəyir ki, Ukraynanın masa arxasında təslim olmaqdan başqa çarəsi qalmasın”

Rusiya Prezidenti Vladimir Putin öz ölkəsinin təsir sferasını genişləndirməyə və ona yeni və daha əzəmətli format verməyə çalışır. SSRİ-nin dağılmasını fəlakət adlandıran Putin son dövrlər Rusiya mərkəzli hansısa ittifaqın yaradılmasının tarixi zərurət olması tezisini irəli sürür. Ancaq o, hazırda böyük bir problemlə qarşılaşıb. Ukraynasız yeni birliyin perspektivi qaranlıq görünür.

Rus dövlətinin beşiyi sayılan Kiyev Moskvadan üz döndərərək, gələcək taleyini Qərb dünyası ilə bağlamaq niyyətindədir. Ona görə də Kreml bu prosesin önünü özünün yeganə təsir vasitəsi olan silah gücüylə kəsmək istəyir.
Ancaq Ukrayna məsələsində Qərb dövlətlərinin vahid konsepsiyası yoxdur və bu, onların rəhbərlərinin ziddiyyətli siyasi bəyanatlarından da hiss edilir.
Ukrayna mövzusu bir sıra Qərb KİV-lərinin daim gündəmindədir. ”Az.Politika.info” bu mövzuyla bağlı bəzi tanınmış dünya KİV-lərindən məqalələri təqdim edir:
Böyük Britaniyanın “The Guardian” qəzeti “Ukrayna böhranından çıxış yolu” məqaləsində NATO ölkələrinin Ukrayna böhranına yanaşma tərzlərinə toxunmaqla yanaşı, vəziyyətdən çıxış yolu da göstərir. Həmin məqalədə deyilir: ”Putin Sovet İttifaqının dağılmasından daim məyusluq duyub. O, öz saatını gözləyib və nəhayət, 2014-cü ildə Rusiya Krımı işğal etdikdən sonra Donbasdakı separatçı hərəkatı dəstəkləmək üçün qoşunlarını oraya göndərdi.

Bugünkü Rusiya liberal demokratiyanı xoş qarşılamır, Prezident Putin kəşfiyyatçı mentaliteti ilə düşünür, o, şahmat yox, poker oynayır. Putin NATO-nu Rusiya sərhədlərindən uzaq tutmaq üçün müharibə etməyə, xaos yaratmağa və dezinformasiya yaymağa hazırdır. Rusiya 130 mindən artıq hərbçini Ukrayna sərhədi boyunca yığmaqla, bu ölkənin suverenliyini təhdid edir.
Rusiyanın təxribatçı davranışlarına baxmayaraq, Qərb ölkələri də müharibə təhlükəsinin artmaması üçün məsuliyyət daşıyırlar. İri miqyaslı adi müharibə nüvə müharibəsinə də gətirib çıxara bilər. Hətta lokal müharibə dünya miqyaslı məhvedici iqtisadi böhranla nəticələnər.
Vaşinqton və London Ukraynaya tədarük olunan hücum silahlarını artıracaqlarına söz veriblər. Britaniya Baş naziri Boris Consonun dediyi kimi, Şərqi Avropada “ildırımsürətli müharibə”yə imkan verilməməlidir.

Almaniya isə Pribaltika ölkələrinin alman istehsalı olan silahları Ukraynaya verməsinə qadağa qoyub. Berlin çoxdandır ki, aktiv münaqişə zonasına hərbi texnika yollanılmasına qarşı çıxır. Almaniya təhlükəli vəziyyətin qarşısını almaq üçün Rusiya ilə ciddi dialoqa hazır olduğunu bildirir və hesab edir ki, bu münaqişənin yeganə həll vasitəsi diplomatiyadır.
Ümumiyyətlə, Rusiya ilə Ukrayna arasında baş verən qarşıdırmadan çıxış yolu var. Bunun üçün NATO Ukraynanı neytral ölkə elan etməli və deməlidir ki, o, ən azı on il alyansın üzvü olmayacaq. Praktiki olaraq Ukrayna tezliklə NATO üzvü ola bilməz, çünki bu ölkədə korrupsiya, siyasi səriştəsizlik hökm sürür, digər tərəfdən isə iqtisadi tərəqqi yoxdur”.
Kreml analitikləri yaxşı anlayırlar ki, Putinin xəyalındakı yeni ittifaqın tarixi vacibliyinin əsaslandırlmasına və onun peşəkarlıqla təqdim edilməsinə böyük ehtiyac var.
Əlbəttə, ideoloji bazası olmayan siyasi-iqtisadi sistemin qurulması çox müşkül işdir. Putinin komandası neçə illərdir ki, bu ideoloji təməli yaratmağa cəhd etsə də, tarixi reallığı nəzərə almır.
Hazırda Ukrayna Rusiyaya deyir ki, tərəqqi və texnoloji inkişaf baxımından sən mənə nə verə bilərsən? Cavab isə yoxdur. Ona görə də rusların bir yolu qalır: zor tətbiq etmək”.
ABŞ-ın “The National Interest” nəşrinin “Putin artıq Ukraynanı itirib” başlıqlı məqaləsində də bu məsələyə toxunulur: ”Ukrayna sərhədi boyunca Rusiya hərbçilərinin toplanması ukraynalıların milli həmrəylik hisslərini möhkəmləndirib. Sosial şəbəkələrdə fleşmob təşkil edilib, Ukrayna bayaraqları ilə şəkil çəkdirən nümayişçilər ölkəni müdafiə etməyə hazır olduqlarını göstəriblər.
Rusiya Prezidenti Vladimir Putin sərhədi keçərək Ukraynaya ziyan vura bilər, lakin onu özünə tabe etdirə bilməz. Fevral ayında keçirilən rəy sorğularının nəticəsi göstərir ki, ukraynalıların 45 faizi əllərində silah vətənlərini qorumağa hazırdır. Bu rəqmlər 2014-2015-ci ilin müvafiq göstəricilərini xeyli ötür. Ukraynalılar Putinin qonşularına sırımağa çalışdığı təftişçi “rus ideyası” konsepsiyasını rədd edirlər.

Putin 2021-ci ilin iyulunda yazdığı məqaləsində ukraynalıları rus adlandırıb. Qərbdə əksəriyyət bunun yersiz və gülməli olduğunu bildirir. Putin ukraynalıların özünüdərkini və dövlətçiliyini inkar edir. Onun göndərdiyi ismarıc sadədir: Ukrayna həmişəlik Rusiya dövlətinin vassalı kimi qalmalıdır.
Putinin Ukrayna ilə münasibətləri təhdid və silah vasitəsi ilə həll etməyə çalışması “rus ideyası”nın uğursuzluğa düçar olmasından xəbər verir. Ancaq başlıca nəticə aydındır - bugünkü Ukraynaya nə Putin, nə də ki onun “rus ideyası” gərəkdir. Lakin Kremlin geriyə çəkilmək niyyəti yoxdur, əksinə, o, qisas almaq və revanş götürməyə can atır. Putin və onun yaxın ətrafı müasir Ukraynanı anlamır. Ukrayna müstəqil dövlət və Avropanın bir hissəsi olmaq istəyir.
Putin bilir ki, strateji və hərbi manevrlər onun ən güclü silahıdır. Bu resurs tükənməz olmasa da, səmərəlidir. Amma birbaşa hərbi müdaxilə Kremlin manevr imkanlarını məhdudlaşdırır və onun Qərbə təzyiq etməsinə maneçilik törədir. Ona görə də gözlənilir ki, Putin çoxgedişli müxtəlif planlara əl atacaq.
Yəqin ki, Rusiya prezidenti Ukraynadakı sabitliyi pozmaq üçün elektrik enerjisini və istiliyi kəsəcək və həmçinin də kiber hücumlardan istifadə edəcək.Bundan sonra hərbi əməliyyatlara başlamaq olar. Putin istəyir ki, Ukraynanı elə zəiflətsin ki, onun masa arxasında təslim olmaqdan başqa çarəsi qalmasın.
Bəs, Ukrayna nə etməlidir? Ukrayna NATO və Avropa Birliyinə üzv olmaq ideyasından imtina etməməlidir. Ukrayna Konrad Adenaurun dövründə Qərbi Almaniyanın etdiyi kimi hərəkət etməlidir. Ukraynalılar sülh istəyirlər. Ancaq Qərb heç bir vəziyyətdə Ukraynaya Minsk razılaşmasının “zəhərli piyaləsini” sırımamalıdr. Putin artıq Ukraynanı itirib, amma bu ölkənin gələcəyi hələ ki,müəyyənləşməyib. Bəs, Qərb Ukraynaya əl uzadacaqmı?”скачать dle 12.1