Bia.Az

“MƏHKƏMƏ MƏNİ TƏQSİRLİ BİLSƏ...” - Vəkilliyə qəbul olunan sabiq MTN əməkdaşı danışdı

Cəmiyyət
 13-01-2022, 16:22     271

“Mən 2018-ci ildən Vəkillər Kollegiyasının üzvüyəm. Həmin ildə, yəni vəkilliyə qəbul olunduğum zaman barəmdə istintaq orqanı tərəfindən hər hansı cinayət təqibi aparılmayıb, şübhəli və ya təqsirləndirilən şəxs qismində cəlb edilməmişəm. "Vəkillər və vəkillik fəailiyyəti haqqında" Azərbaycan Respublikasının Qanununda vəkil üçün nəzərdə tutulan bütün tələblərə cavab vermişəm. Cinayət işi ilə bağlı araşdırma 3 il sonra - 2021-ci ilin avqustunda başlasa da, hazırda mənim haqqımda məhkəmə hökmü yoxdur. Bu baxımdan bəzi kütləvi informasiya vasitələrində yayılan məlumatlar əsassızdır”.
"AzPolitika.info" xəbər verir ki, bunu e-huquq.az-a açıqlamasında vəkil, sabiq MTN əməkdaşı, hazırda təqsirləndirilən şəxs qismində məhkəməsi gedən Sahib Ələkbərov deyib.
O, azadlıqdan məhrumetmə cəzasına məhkum edildiyi barədə yayılan informasiyaların həqiqətə uyğun olmadığını bildirib: “1993-cü ildən 2014-cü ilədək keçmiş Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsində müxtəlif vəzifələrdə, o cümlədən İstintaq Baş İdarəsinin şöbə rəisinin müavini vəzifəsində çalışmışam. Hər zaman dövlətimə, vətənimə layəqətlə, şərəflə xidmət etmişəm. Heç vaxt dövlətimə, xidmət etdiyim orqana, vətəndaşların hüquq və azadlıqlarına toxunan qanunsuz hərəkətlərə yol verməmişəm. Peşəkar fəaliyyətimə görə dəfələrlə təltif olunmuşam. Mən ehtiyata buraxıldıqdan sonra isə bəzi kütləvi informasiya vasitələrində haqqımda informasiyalar yayılmışdı. Bu məlumatlardan biri də ondan ibarət olub ki, guya mən 2017-ci ildə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişəm və 5 il həbsdə olmuşam. Bunlar tamamilə yanlış informasiyalardır. Mənim barəmdə heç vaxt məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olmayıb”.
S.Ələkbərov vəkilliyə qəbul olduğu zaman bütün tələblərə cavab verdiyini deyib: “Vəkillər Kollegiyasına qəbul oldunduğum zaman da mənim barəmdə hər hansı bir cinayət təqibi aparılmayıb. Şübhəli və ya təqsirləndirilən şəxs qismində cəlb edilməmişəm. Həmin dövrdə bir neçə epizod üzrə məni şahid qismində dindiriblər. Hətta ölkədən giriş-çıxışıma qoyulan qadağa da 2019-cu ildə götürülüb. Mən 2017-ci ildə Vəkillər Kollegiyasının üzvlüyünə qəbul olmaq üçün imtahanlarda iştirak edib yüksək nəticə əldə etmişəm. 2018-ci ildə and içib vəkilliyə qəbul olunmuşam. Bu zaman "Vəkillər və vəkillik fəailiyyəti haqqında" Azərbaycan Respublikasının Qanununda vəkil üçün nəzərdə tutulan bütün tələblərə cavab vermişəm. Hamıya məlumdur ki, hörmətli Anar müəllim Bağırov Vəkillər Kollegiyasının rəhbərliyinə gəldikdən sonra çox ədalətli, obyektiv imtahanlar keçirilir. Heç bir qanun pozuntusuna yol verilmir”.
Vəkil məhkəmənin onu təqsirli biləcəyi halda Vəkillər Kollegiyasının üzvlüyündən xaric oluncağını qeyd edib: “2021-ci ilin oktyabrın 15-dən Bakı Hərbi Məhkəməsində barəmdə məhkəmə araşdırması aparılır. Ümid edirəm ki, obyektiv, ədalətli məhkəmə araşdırmasının sonunda günahsızlığım sübut olunar. Ümumiyyətlə, Cinayət-Prosessual Məcəlləsinin 21-ci maddəsinə (təqsirsizlik prezumpsiyası) əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olmadan kimisə hər hansı bir cinayəti törətməkdə təqsirli bilmək olmaz. Məhkəmə məni təqsirli bilsə, onsuzda "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Qanuna əsasən, Vəkillər Kollegiyası tərəfindən vəkillik fəaliyyətimə xitam veriləcək. Əgər elə bir şey olarsa, o zaman özüm də Vəkillər Kollegiyasında üzv qalmaram, istəmərəm mənə görə Kollegiyanın nüfuzuna zərər gəlsin”.скачать dle 12.1