Arxiv

Oxunub:194 / 21 noy 20:36gundem, hadise

İşğal altındakı Azərbaycan ərazilərinə qanunsuz səfər etmiş alman jurnalistin adı "qara siyahı"ya salınacaq



İşğal altındakı Azərbaycan ərazilərinə qanunsuz səfər etmiş alman jurnalistin adı "qara siyahı"ya salınacaq

Azərbaycan Xarici İşlər Nazirliyi Almaniyanın "Die Welt" qəzetində jurnalist Von Elin Enrenreyx tərəfindən Azərbaycanın işğal edilmiş ərazilərinə qanunsuz səfərin nəticəsi olaraq yazılmış məqaləyə münasibət bildirib.

"Almaniyadakı səfirliyimiz tərəfindən "Die Welt"-in redaksiyasına narazılığımız çatdırılacaq və müvafiq olaraq "Gebeko" şirkəti tərəfindən ölkəmizin işğal olunmuş ərazilərinə qanunsuz səfərlərin təşkil edilməsi araşdırılacaq”.
Nazirliyin mətbuat katibi Hikmət Hacıyev APA-ya bildirib ki, yazıdan da göründüyü kimi, səfər “Gebeko” adlanan turizm şirkəti tərəfindən təşkil edilib və maliyyələşdirilib: “Sifarişlə həyata keçirilən bu səfərdən hər hansı peşəkar və obyektiv jurnalist qənaəti gözləmək qeyri-mümkündür. Jurnalist media etikasından kənar şəkildə, Ermənistanın təbliğatının təsiri altında Azərbaycana qarşı törədilmiş işğal, təcavüz və qanlı etnik təmizləmə nəticəsində yaradılmış qondarma rejimi təşviq edir. Obyektiv media prinsiplərinə xidmət edən jurnalist işğala məruz qalmış Azərbaycanın və haqqında bəhs etdiyi Şuşa və Xankəndi şəhərlərindən qovulmuş azərbaycanlı məcburi köçkünlərin də mövqeyini əks etdirməli idi”.

H. Hacıyevin sözlərinə görə, jurnalistin erməni təbliğat maşınının təsiri ilə münaqişəyə dini don geyindirmək cəhdi də hər hansı tənqidə dözmür: “Münaqişədə siyasi və hüquqi əsaslardan məhrum olan Ermənistan indi də din pərdəsi altında öz işğal və təcavüzünə "bəraət" qazandırmağa çalışır. Hamıya bəllidir ki, münaqişənin səbəbi Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və törətdiyi işğal və təcavüzdür. Azərbaycanın multikulturalizm ənənələri, pravoslav, katolik və yəhudi dini icmalarına göstərilən qayğı, eləcə də qonşu Gürcüstanla xalqlarımızın çoxəsrlik dostluğuna əsaslanan strateji tərəfdaşlıq münasibətləri nümunəvi xarakter daşıyır. Bu jurnalistin adı arzuolunmaz şəxslər siyahısına daxil ediləcək. Almaniyadakı səfirliyimiz tərəfindən də "Die Welt"-in redaksiyasına narazılığımız çatdırılacaq və müvafiq olaraq "Gebeko" şirkəti tərəfindən ölkəmizin işğal olunmuş ərazilərinə qanunsuz səfərlərin təşkil edilməsi araşdırılacaq”.