Bia.Az

Qazaxıstana hərbi müdaxilə nəyə gətirəcək?

Siyasət
 7-01-2022, 14:03     331

Qazaxıstanda 2022-ci ilin ikinci günü sosial tələblərlə başlayan kütləvi aksiyalar yanvarın 5-dən hökumət qüvvələri ilə toqquşmalara və iğtişaşlara gətirib. Prezident Qasım-Comərd Tokayev ölkədə sabitliyin bərpası üçün yanvarın 5-də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) yardım istəyib. Yanvarın 6-dan başlayaraq KTMT-nin (1992-ci ildə yaradılan bu qurumda Rusiya, Belarus, Ermənistan, Qazaxıstan, Qırğızıstan və Tacikistan təmsil olunur) sülhməramlı hərbi kontingenti Qazaxıstana yeridilir.

Novator.az-ın məlumatına görə, AXCP sədri Əli Kərimli hərbi əməliyyatı Rusiya ordusunun Qazaxıstana yeridilməsi kimi qiymətləndirərək yazır:

“Bu addımla Rusiya hakimiyyəti faktiki olaraq çoxdan üzərinə götürdüyü regionun jandarmı funksiyasını leqallaşdırdı. Məgər Qazaxıstana hansısa xarici güc təcavüz edib? Hansı ölkədir, hansı terror təşkilatıdır bu təcavüzü edən? Qazaxıstan hakimiyyəti nəyə görə bu “təcavüzlə” bağlı BMT-yə rəsmi müraciət etmir, təcavüzkarın adını çəkmir? Çünki yoxdur belə bir xarici müdaxilə. Üzv ölkələri guya başqa xarici dövlətlərin hücumundan qorumalı olan KTMT-ni Rusiya siyasi polis təşkilatına çevirir. Sizcə, qazax xalqı bu sadə həqiqəti başa düşməyəcək?

Qazaxıstana hərbi müdaxilə əhaliyə 20 yanvar 1990-cı il müdaxiləsinin azərbaycanlılara təsirindən daha pis təsir edəcək. 1990-cı ildə Azərbaycan SSRİ-nin bir respublikası idi. Müasir Qazaxıstan 30 ildir müstəqil dövlətdir. Xarici hərbi müdaxilə qürurlu qazax xalqının milli hisslərini təhqir edəcək, milli təəssübkeşlik güclənəcək. İndiyədək etnik rusların ən çox yaşadığı, rus dilinin və mədəniyyətinin ən geniş yayıldığı Qazaxıstan daha əvvəlki kimi olmayacaq.

Rusiya hakimiyyətinə yaxın politoloqlar artıq açıq yazırlar ki, Qazaxıstana hərbi müdaxilədən sonra bu ölkədə nələrə nail olmaq istəyirlər. Söhbət Qazaxıstanın latın əlifbasına keçiddən imtina etməsindən, rus dilinə ikinci dövlət dili statusu verilməsindən, milli mövqeli QHT-lərin fəaliyyətinin qadağan olunmasından… gedir. Qazax xalqı bu tələblərlə barışarmı?

Qazaxıstana hərbi müdaxilə Ukraynanın ardınca Rusiyanın bu böyük qonşusunun da anti-Rusiya mövqeyinə köklənməsinə səbəb olacaq. Bu müdaxilə nəinki Qazaxıstanda, bütövlükdə Orta Asiya respublikalarında real müstəqillik təşəbbüslərini artıracaq, milli özünüdərk prosesi yeni vüsət almış olacaq”.
скачать dle 12.1