Bia.Az

SƏN XİYARSAN, YERİNİ BİL!

KÖŞƏ YAZARLARI
 6-01-2022, 16:40     1 555

Seymur VERDİZADƏ 

Vəzifəyə təyin olunandan sonra əlaqəmiz kəsilsə də, dekabrın 31-də mənə zəng etdi. Əvvəl elə bildim ki, bayramımı təbrik üçün arayır. Onunla bağlı pis düşündüyümə görə ürəyimdə özümü qınadım: "Nə olsun ki, məmurdur. Jurnalist dostları unutmur. Bayramımı qutlamaq, hal-əhval tutmaq üçün zəng edir"
Amma bu dəfə də məni yanıltdı. Dilucu salam verib mətləbə keçdi: "Qiymətlərdən xəbərin var? Bazarlar od tutub yanır".
Dedim ki, xəbərim var. Bizim işimiz qiymət artımından yazmaq, danışmaqdır. Yazdıqlarımızı vaxtında oxusanız, belə təəccüblənməzsiniz...
Araya sükut çökdü. Daha da "dərinə" gedib xətrinə dəymək istəmədiyim üçün mövzunu dəyişdim: "Müəllim, siz bazar-dükana gedən adam deyilsiniz. Birdən-birə nə oldu? Nədən narazısınız?"
Dedi ki, bayram bazarlığına çıxıb. Arvadın tapşırıqlarını yerinə yetirməklə məşğuldur.
"Bazar olsun" deyib söhbəti yekunlaşdırmaq istəsəm də, əl çəkmədi: "Elə bazardayam. Bu bazara gələn mütləq azara düşər. A kişi, 2 manatdan aşağı alma yoxdur. Mandarin 3, babat armudun kilosu 4 manatdır. Nar ananasdan bahadır. Məni ən çox yandıran xiyarın qiymətidir. 1 kilo "patron" xiyarı 5 manat 40 qəpiyə aldım. Patron olub ürəyimin başına sancıldı..."
Yadıma çoxdan eşitdiyim bir hadisə düşdü. Bizim qonşu kənddə bir bəy olub. Əzazil adam olduğu üçün camaata göz verib işıq vermirmiş. Yoxsulluğun, ehtiyacın əldən saldığı insanlar etiraz etmək üçün bir gün bəyin həyətinə toplaşırlar. 
Səs-küy artanda bəyin qızı qorxa-qorxa nökərdən soruşur: "Bu camaat nə istəyir?"
Bəyin əlindən yanıqlı olan nökər ömründə ilk dəfə səsini qaldırır: "Yemək! Camaat yemək istəyir!"
Bəy qızı tövrünü pozmur: "Yemək yoxdur, pendir çörək yesinlər".
Nökər bu dəfə mülayim səslə cavab verir: "Ay xanım, camaat elə pendir-çörək davası edir".
İki daşın arasında bu əhvalatı danışıb bayram günü onun ovqatını təlx etmək istəmədim. Bircə onu dedim ki, ay müəllim, bu ölkədə elə adamlar var ki, nəinki qışda, heç yayda da xiyar yeyə bilmirlər...
Heç nə demədi. Üzbəüz danışmadığımız üçün pərt olub-olmadığını müəyyənləşdirə bilmədim. 
"Əşşi, ildə bir dəfə olan şeydir, çox da ürəyinizə salmayın" deyib söhbəti yekunlaşdırmaq istəsəm də, əl çəkmədi: "Mütləq bu barədə yaz. Onları tənqid elə".
Həqiqətən vacib işim vardı, söhbətə nöqtə qoymaq lazım idi. Odur ki, "Yazaram, mütləq yazaram" deyib sağollaşmaq istədim. 
Amma yaxamı buraxmadı: "Nə yazacaqsan?"
Dilimin ucuna qədər gələn sözləri geri qaytarmadım: "Yazacam ki, sən xiyarsan, yerini bil".
Sevincək dilləndi: "Mütləq yaz!"
Cavabım belə oldu: "Narahat olmayın, yazacam. Ölkədə nə qədər xiyar varsa, hamısına yerini göstərəcəm..."скачать dle 12.1