Bia.Az

BAKININ AVTOBUS DƏRDİ – Şəhərətrafı kəndlərə gediş-gəliş əzaba çevrilib

Siyasət
 31-12-2021, 16:19     464

Paytaxt Bakıda da ən ucuz nəqliyyat avtobus və metrodur. Hər gün yüzminlərlə sərnişin mənzil başına çatmaq üçün bu nəqliyatlardan istifadə edir. Diqqət etməsək də, ömrümüzün müəyyən hissəsi avtobuslarda, metro vaqonlarında keçir.

Əlbəttə, tələbatın yüksək olduğu bu nəqliyyat növlərində, xüsusən avtobuslarda keyfiyyətli xidmətə böyük ehtiyac var. Çünki xidmət səviyyəsi elə də ürəkaçan deyil. Doğrudur, şəhərin mərkəzində qiyməti yarım milyon manata çatan yeni, çoxtutumlu, rahat avtobuslar fəaliyyət göstərir. Amma pik saatlarda insan sıxlığı, tıxaclar, uzun intervallar bu avtobusların komfortunu sərnişinlərin əlindən alır.
Şəhərətrafı istiqamətdə fəaliyyət göstərən avtobuslarda isə vəziyyət acınacaqlıdır. Əsasən, müxtəlif metrostansiyalardan Bakı kəndləri istiqamətində sərnişin daşıyan "Daewoo" markalı avtobuslarda insan sıxlığı, anti-sanitariya, sərnişin-sürücü mübahisələri, uzun intervallar və s. problemlər insanları təngə gətirir.
Məlumat üçün qeyd edək ki, Bakıda avtobusların hərəkəti şəhərdaxili və şəhərətrafı olmaqla, iki istiqamətə ayrılır. Ümumilikdə 132 marşrut xətti üzrə 2094 avtobus fəaliyyət göstərir. Hazırda şəhərdaxili istiqamətdə 76 xətt üzrə 1165 avtobus, şəhərətrafı 95 xətt üzrə 929 avtobus işləyir.
Statistikaya əsasən, Azərbaycanda 2021-ci ildə vətəndaşlara 959 milyondan çox nəqliyyat xidməti göstərilib ki, onların 882 milyonu (98%) avtobusların payına düşür.
Nəqliyyat eksperti Elməddin Muradlı "AzPolitika.info"-ya şərhində bildirib ki, paytaxtda avtobus parkının yenilənməsinə böyük ehtiyac var: "Bu yeniləmə prosesi paytaxtın mərkəzi ilə yanaşı ətraf qəsəbələrdə paralel aparılmalıdır. Çünki ətraf qəsəbələrdə yaşayan insanlar da gedişhaqqı ödəyirlər və onlarında komfortlu ictimai nəqliyyatdan istifadə etmək hüququ var".

Ekspert xatırladıb ki, hazırda Bakıda iki mindən çox avtobus fəaliyyət göstərir: "Bakı sakinlərinin avtobusa olan ehtiyacını tam ödəmək üçün isə 2500-ə yaxın avtobus lazımdır. Hər il ölkəyə mərhələli şəkildə müəyyən sayda yeni avtobuslar gətirilir. Düşünürəm ki, yeni avtobuslar aldıqca, köhnə avtobusları istismardan çıxarmaq lazımdır. Amma biz görürük ki, sahibkarlar köhnə avtobusları hələ də istismar edirlər. Elə problem də onların fəaliyyətindən qaynaqlanır. Bəzi daşıyıcılar köhnə avtobuslarla xidmət göstərməyə üstünlük verirlər. Çünki 200-300 min manata yeni avtobus alıb 30 qəpikdən sərnişin daşımaq sahibkarlara sərf etmir".
E.Muradlı bildirib ki, keçmiş Baş nazir Novruz Məmmədovun imzaladığı qərara görə, 2022-ci il yanvarın 1-dən dizel mühərrikli avtobusların ölkəyə gətirilməsi və istifadəsi qadağandır: "Düşünürəm ki, bu qərara ya birdəfəlik xitam verilməlidir, ya da icra müddəti 7-8 il uzadılmalıdır. Məsələn, şərt qoymaq olar ki, ölkəyə "Avro 6" standartlarından aşağı avtobus gətirmək qadağandır. Amma qərarda qeyd olunur ki, ölkəyə yalnız sıxılmış qazla və elektriklə işləyən avtobuslar gətirmək olar. Amma sıxılmış qazla işləyən avtobuslar da dizel kimi havanı çirkləndirir. Qazla işləyən avtobusların qiyməti isə çox bahadır, biri 300-400 min manat aralığında dəyişir. Müqayisə etsək, 3 qazla işləyən avtobusun qiymətinə, 4 dizel mühərrikli avtobus almaq olar. Hazırki vəziyyətə uyğun olaraq hələ bir müddət dizel yanacaqla işləyən avtobuslardan istifadə etməliyik. Əvvəlcə ölkəyə yeni avtobuslar gətirməli, ictimai nəqliyyatı nəzarət altına almalıyıq. Sonra sıxılmış qazla işləyən avtobuslara keçid etmək olar. Biz ən sərfəli variantları seçsək, bu problemlər öz həllini tapacaq".
ƏTRAFLINY_Smartbee

Avtobusların "Bakı Kart" sisteminə keçidi problemlidir, hazırda köhnə avtobuslarda da bu sistem quraşdırılıb. Ekspertlər bildirirlər ki, bundan əvvəl avtobuslar yenilənməlidir. Çünki bu sistemin quraşdırılması kifayət qədər vəsait tələb edir. Amma BNA nədənsə əvvəlcə kartı, sonra avtobusları yeniləmək qərarına gəlib. Hazırda paytaxt ərazisində 65 marşrut xətti üzrə cəmi 1331 avtobus kart sistemi ilə işləyir. Bu da ondan xəbər verir ki, avtobusların 50 faizi hələ də nağd pulla xidmət göstərir. Bakıətrafı ərazilərdə "Bakı Kart" yükləmə aparatı tapmaq da müşkül məsələyə çevrilib. Paytaxtda cəmi 388 ədəd satış və yükləmə aparatı quraşdırılıb ki, onların əksəriyyəti Bakının mərkəzi ərazilərində yerləşir.
Bakı Nəqliyyat Agentliyinin baş direktoru Vüsal Kərimli 2020-ci ildə Prezident İlham Əliyevlə görüş zamanı bildirib ki, 2023-cü ilə qədər paytaxtda bütün avtobuslar tam yenilənəcək.

Qeyd edək ki, 2021-2022-ci illərdə Bakıya 150 ədəd 12 metrlik, 170 ədəd 9 metrlik olmaqla 320 yeni avtobusun gətirilməsi planlaşdırılmışdı. Son 5 ildə isə ölkə başçısının tapşırığına əsasən, 724 ədəd orta və iri tutumlu avtobuslar alınaraq, marşrut şəbəkəsində istismara verilib.
Görünür, Bakıətrafı ərazilərdə yaşayan vətəndaşlar rahat gediş-gəliş üçün hələ bir müddət də gözləməli olacaqlar. Ümid edirik ki, BNA rəsmisinin dediyi kimi, 2023-cü ilə qədər paytaxtın bütün avtobusları tam yenilənəcək./“AzPolitika.info”скачать dle 12.1