Bia.Az

Media aksiyası

Cəmiyyət
 27-12-2021, 10:53     377

Dekabrın 24-də bir qrup jurnalist və bloqçu (Alya Yaqublu, Şəmşad Ağa, Natiq Cavadlı, Nurlan Qəhrəmanlı və başqaları) Bakıda, Milli Məclisin binası qarşısında aksiya keçirib. “Turan”ın məlumatına görə, aksiyada “Media haqqında” qanun layihəsinə etiraz bildirilib, sənədin parlament müzakirəsinin dayandırılması tələb olunub, “Azad mətbuat!”, “Jurnalistika cinayət deyil!” şüarları səsləndirilib.

Prezident İlham Əliyevin 12 yanvar 2021-ci il fərmanı ilə hazırlanaraq dekabrın 10-da dərc edilən, Milli Məclisdə iki oxunuşdan keçən qanun layihəsinin 2022-ci il yanvarın 1-dən qüvvəyə minməsi nəzərdə tutulur.

Layihəni pisləyən jurnalistlər, media hüquqçuları, siyasətçilər, vətəndaş cəmiyyəti təmsilçiləri bildirir ki, sənəddə internet televiziyalarının nəzarətə götürülməsi, jurnalistlərin fəaliyyətinin reqlamentləşdirilməsi ilə onların hakimiyyətdən asılılığının gücləndirilməsi kimi mürtəce normalar yer alır. Onlar qeyd edir ki, qanun layihəsi jurnalistika ilə kimlərin məşğul ola biləcəyini müəyyənləşdirir, dövlətin jurnalistlərə reyestr yaratmasını, vahid vəsiqə qaydasının tətbiqini nəzərdə tutur, bu da medianın özünütənzimləmək imkanlarının jurnalistlərin əlindən alınmasıdır, jurnalistlərə gizli yolla əldə edilmiş məlumatları yaymamaq kimi tələblərin qoyulması isə ifadə və media azadlığını daraldır.

Tənqidçilər əlavə edir ki, layihə geniş ictimai müzakirədən keçirilmədən, beynəlxalq qurumların rəyləri alınmadan parlament müzakirəsinə çıxarılıb, sənədə konstitusiya və milli qanunvericiliyin, eləcə də Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrin tələblərinə zidd olaraq söz, fikir və mətbuat azadlığının məhdudlaşdırılmasına yönələn maddələr daxil edilib.скачать dle 12.1